EN

26 İyun -Silahlı Qüvvələr Günü



Xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutan 26 İyun-Silahlı Qüvvələr Günü yalnız dövlətimizin hərbi gücünün nümayişi deyil, həm də milli həmrəylik və vətənə sədaqət ruhunun parlaq təcəssümüdür.

Azərbaycan müstəqilliyinin ilk illərində ciddi təhlükələrlə üz-üzə qalmışdı. Regional təcavüzlər və siyasi-hərbi xaos şəraitində milli ordunun formalaşdırılması strateji zərurətə çevrilmişdi. 1990-cı illərin əvvəllərində ordu quruculuğu sistemsiz və pərakəndə şəkildə aparılırdı. Lakin 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı bu sahədə dönüş nöqtəsi oldu. Onun uzaqgörən siyasəti nəticəsində ordu quruculuğu milli ideologiya və dövlətçilik prinsipləri əsasında gücləndirildi.

1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Azərbaycan Xalq Cümhuriyyətinin hərbi əsasını təşkil edirdi. Ulu Öndər Heydər Əliyev bu tarixi varislik prinsipini əsas tutaraq 26 iyun tarixini müasir Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün elan etdi.

Bu gün 107-ci ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz Silahlı Qüvvələr Günü, müasir ordumuzda vahid komandanlığın təmin edilməsi və nizami strukturun formalaşması baxımından mühüm bir mərhələdir. Bütün bu uğurlar məhz Heydər Əliyevin qətiyyətli qərarları və strateji uzaqgörənliyinin nəticəsidir.

Ulu Öndər deyirdi: “Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur.” Onun fikrincə, müstəqil dövlətin dayağı xalqdır, ordunun döyüş qabiliyyəti isə əsgərin vətənpərvərliyi və dövlətə sədaqəti ilə ölçülür. Bu dəyərlər bu gün də Azərbaycan Ordusunun ideoloji təməllərini təşkil edir.

2016-cı ilin Aprel döyüşləri və Günnüt əməliyyatı ordumuzun peşəkarlığını və gücünü bir daha sübut etdi. Bu uğurlar 2020-ci ildə baş vermiş 44 günlük Vətən Müharibəsində öz kulminasiya nöqtəsinə çatdı. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu müharibə nəticəsində torpaqlarımız işğaldan azad edildi. Prezidentin sözləri ilə desək, “Bu Qələbə hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı hesabına qazanılıb.”

Cənab Prezident İlham Əliyev daim vurğulayır ki, müdafiə qüdrətimizin artırılması Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Bu gün ölkəmizdə müasir, nizami və güclü bir ordu formalaşıb. Ordumuzda peşəkarlıq, döyüş hazırlığı və ruh yüksəkliyi ən yüksək səviyyədədir.

Vətən Müharibəsindən öncəki illərdə həyata keçirilən struktur islahatları, müasir hərbi texnologiyalarla təminat və hərbi hazırlıq tədbirləri Azərbaycan Ordusunu regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevirmişdir. 44 günlük savaş isə yalnız hərbi deyil, siyasi və mənəvi baxımdan da XXI əsrin ən mütəşəkkil, sürətli və ədalətli müharibəsi kimi yadda qaldı.

Ordu ilə xalq arasında mövcud olan mənəvi birlik Silahlı Qüvvələrimizin əsas dayağıdır. Heydər Əliyevin də qeyd etdiyi kimi, bu birliyin qorunması və gücləndirilməsi dövlətin dayanıqlığını təmin edir. Hərbçilərə göstərilən hörmət və ehtiram isə bu əlaqəni daha da möhkəmləndirir.

Son illərdə hərbi təhsilin təşviqi istiqamətində də mühüm addımlar atılıb. 2024-2025-ci tədris ilindən başlayaraq kursantlara və hərbi lisey şagirdlərinə verilən birdəfəlik və aylıq ödənişlər gənclərin hərbi sahəyə marağını artırır və eyni zamanda ölkənin müdafiə potensialının yüksəldilməsinə xidmət edir.

Azərbaycanın beynəlxalq hərbi əməkdaşlıqları, xüsusilə Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi və İsrail də daxil olmaqla digər tərəfdaş ölkələrlə qurulan münasibətlər, ordumuzun qlobal səviyyədə daha da güclənməsinə mühüm töhfələr verir. Birgə təlimlər, texnologiya mübadiləsi və şəxsi heyətin təcrübə mübadiləsi bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.

26 İyun-Silahlı Qüvvələr Günü sadəcə təqvimdə qeyd olunan bir tarix deyil, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış mübarizənin, əldə edilmiş tarixi uğurların və gələcəyə olan sarsılmaz inamın rəmzidir. Hər bir azərbaycanlı bu gün öz ordusu ilə fəxr etməli, onun daha da güclənməsi üçün mənəvi dəstəyini əsirgəməməlidir. Çünki bizim ordumuz-bizim qürurumuzdur.

Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini




Chosen
13
1
aia.az

2Sources