EN

"O bombaları atmayın" - Trump İsrailə

ABŞ Prezidenti Trump İsrail və İrana qəzəblənib, deyib ki, bir-biri ilə uzun müdddətdir ağır şəkildə döyüşən iki ölkə nə etdiyini bilmir. O, İsrailə müraciətlə deyib: "̄O bombaları atmayın".

Bir neçə saat əvvəl o, İsrail və İran arasında atəşkəs elan etmişdi, amma bundan az sonra İsrail İranı atəşkəsi pozmaqda ittiham edərək sərt cavab verəcəyini deyib.

Tehran atəşkəsi pozması ilə bağlı ittihamları rədd edib.

İranda İsrail hücumları 600-dən çox insanı öldürüb, 5 mindən çox yaralı var, yerli səhiyyə rəsmiləri bildiriblər.

İsrail hücumlar başlayandan bəri 20-dən çox adamın öldüyünü, mindən çox insanın yaralandığını deyib.

Hadisə barədə ətraflı aşağıda oxuyun.

ABŞ Prezidenti Trump Truth sosial platformasında İsrailə xəbərdarlıq edib. O deyib ki, İsrail hücum etməməlidir.

Trump böyük hərflərlə yazıb ki, İsrail bomba atmasın və əgər atarsa, bu, "böyük pozuntudur", o qeyd edib.

"İndi pilotlarınızı evə gətirin", - o yazıb.

İsrail atəşkəs elanından sonra İranı atəşkəsi pozmaqda ittiham edib, İran isə bunu təkzib edib. Buna rəğmən, İsrail hərbi rəhbərliyi İrana cavab verəcəyini deyib.

NATO-nun sammitinə yola düşən zaman jurnalistlərə danışan Trump deyib ki, o, , İsraildən "razı deyil" və dünən gördüyü "çox şeylər xoşuna gəlməyib".

O, kobud söz işlədərək deyib ki, bir-biri ilə uzun müddət və ağır şəkildə döyüşən iki ölkə özü də bilmir ki, nə edir.

İranda İsrail hücumları 600-dən çox insanı öldürüb

İranın səhiyyə naziri bildirib ki, İsrailin iyunun 13-dən bu yana həyata keçirdiyi zərbələr nəticəsində 606 nəfər ölüb.

Mohammad Reza Zafarghani deyir ki, 5000-dən çox insan yaralanıb və onlara tibbi yardım göstərilir.

Nazir onu da bildirib ki, son 24 saat ərzində baş vermis hücumlar nəticəsində 107 nəfər həlak olub.

Hökumət məhdudiyyətləri səbəbindən BBC jurnalistləri İranın daxilindən reportaj hazırlaya bilmirlər, ona görə də zərərin miqyasını yoxlamaq çətindir.

Münaqişəni izləyən insan haqları qrupu, İranda İnsan Haqları Fəalları, öldürülənlərin sayının rəsmi rəqəmdən təxminən iki dəfə çox olduğunu bildirib.

İsrailin müdafiə naziri Israel Katz İranı atəşkəsi pozmaqda ittiham edib.

O bildirib ki, Donald Tramp və Qətərin vasitəçiliyi ilə razılığa gəldikdən iki saat sonra atəşkəs pozulub.

İran atəşkəs başlayandan sonra İsrailə raket zərbələri endirdiyini inkar edir, dövlət mediası bildirib

İsrael Katz vəd edib ki, "İranın atəşkəsi pozmasına Tehranın mərkəzindəki rejim hədəflərinə intensiv zərbələr endirməklə sərt cavab verəcəklər".

ABŞ Prezidenti Donald Trump iyunun 24-ü Bakı vaxtilə saat 9.08-də elan etmişdi ki, İsrail və İran arasında atəşkəs başlayıb.

Atəşkəsdən qabaq İsrail və İran arasında şiddətli hava hücumları olub.

İran bildirib ki, İsrail zərbələri dayanırarsa, o da eynisini edər. İsrail atəşkəsə razılaşdığını yalnız səhər Bakı vaxtilə saat 10-da elan edib.

Onlar arasında atəşkəs olacağını da Donald Trump ötən gecə elan etmişdi.

İran ABŞ-ın Qətərdəki hərbi bazasına raket atıb, Trump təşəkkür edib

Bazar ertəsi günü İran ABŞ-ın Qətərdəki hərbi bazasına raket atıb.

Donald Tramp sosial mediada paylaşım edərək İranın cavabını "çox zəif" adlandırıb.

O, İran tərəfinə "əvvəlcədən xəbər verdiklərinə görə" təşəkkür edib.

"İran nüvə obyektlərinin məhv edilməsinə rəsmi olaraq çox zəif bir cavab verdi. Biz bunu gözləyirdik və çox effektiv şəkildə qarşısını aldıq", - ABŞ Prezidenti özünün Truth Social platformasında bildirib.

O qeyd edib ki, İran tərəfindən 14 raket atılıb, onlardan 13-ü vurulub və biri də "təhlükə yaratmayan istiqamətə" yönəlib.

Heç bir amerikalı zərər çəkməyib və "demək olar ki, heç bir ziyan dəyməyib". Tramp əlavə edib ki, heç bir qətərli də ölməyib və ya yaralanmayıb.

"Ən əsası, görünür ki, onlar içlərindəki hər şeyi boşaldıblar və ümid edirəm ki, bundan sonra nifrət olmayacaq. Əvvəlcədən xəbər verdiklərinə görə İrana təşəkkür edirəm", - deyə Tramp bildirib.

"Ola bilsin ki, İran indi regionda Sülh və Harmoniya yolunda irəliləsin və mən İsraili də eyni şeyi etməyə həvəslə təşviq edəcəyəm", - deyə o əlavə edib.

O başqa bir postunda yazıb ki, o, Qətər Əmirinə "regionda sülh axtarışları üçün gördüyü bütün işlərə görə" təşəkkür edir.

Tramp sosial media platformasında ard-arda ikinci və üçüncü paylaşımlarını edib.

Sonra yazıb ki, "TƏBRİKLƏR DÜNYA, İNDİ SÜLH ZAMANI!", - ABŞ Prezidenti üçüncü paylaşımında bildirib.

Bir neçə saat əvvəl İranın dövlət mediası bildirib ki, ABŞ-ın bazar günü olan hava zərbələrinə cavab olaraq İran öz "qüdrətli və müzəffər" cavabına başlayıb.

Dövlətə bağlı Tasnim agentliyi xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu Qətər və İraqda yerləşən ABŞ bazalarına raket zərbələri endirib.

Son dəqiqələrdə Qətərdə partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılıb.

ABŞ və Böyük Britaniya iyunun bazar ertəsi günü Qətərdəki vətəndaşlarına ikinci bir xəbərdarlığa qədər sığınacaqlarda qalmağı tövsiyə edib.

Birləşmiş Ştatların hərbi bazaları olan körfəz ölkələri, İranın hücum ehtimalına qarşı 22 iyunda yüksək hazırlıq vəziyyətinə keçmişdi.

İran isə ABŞ-ın Fordo obyektinə və nüvə müəssisələrinə hücumunun cavabsız qalmayacağını bəyan etmişdi.

İsrail və İranın bir-birinə hücumları iyunun 23-də də davam edib.

İran İsrail hücumları nəticəsində 500-ə qədər şəxsin öldüyünü bildirib, 3000-dən çox insan yaralanıb, İranın dövlət televiziyası ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirib. İranda ölüm sayını hesablayan bir qeyri-hökumət təşkilatına görə ölüm sayı azı 950 nəfərdir. İsraildə İran zərbələrindən ölüm sayı 24 nəfərdir, İsrail rəsmiləri bildirir.

İsrail Tehranda siyasi fəalların, hökumətə müxalif şəxslərin saxlandığı məşhur Evin həbsxanasına hava zərbəsi endirib. Həbsxanada dağıntılar var. Fars agentliyi yazıb ki, vəziyyət "nəzarət altındadır".

İsrail Müdafiə Qüvvələri (IDF) bazar ertəsi günü səhər saatlarında X hesabından açıqlayıb ki, İrandan atılan raketlərə görə, İsrailin mərkəzində hava həyəcanı siqnalı verilib.

İsrail hərbçiləri qısa müddət sonra mülki şəxslərə sığınacaqlarından çıxmağın hələlik təhlükəsiz olduğunu bildirib.

Bazar günü səhər saatlarında Təl-Əviv İranın ballistik raketləri ilə vurulub. Yaşayış binalarına ziyan dəydiyi bildirilir.

İranın azı 27 raketi iki dəfə olmaqla İsrailə göndərdiyi bildirilir.

Məlumatlara görə, bu raketlərin bəziləri Haifa, Nes Ziona and Rishon Lezion şəhərləri də daxil olmaqla İsrailin şimal və mərkəzi bölgələrini vurub.

İsrail isə İranın Tehran, Kirmanşah və Həmədan şəhərlərinə "kəşfiyyat əsaslı zərbələr" həyata keçirmək üçün 20 döyüş təyyarəsi göndərib.

İsrail bildirib ki, onların İrandakı hədəfləri raket saxlama və buraxılış qurğuları, radar və peyk sistemləri və Tehran yaxınlığında yerləşdirilmiş yerdən havaya raket buraxılış qurğusu olub.

Trump İranda "rejim dəyişikliyi"ndən danışır

Bu arada, ABŞ Prezidenti Donald Tramp İranda "rejim dəyişikliyi" ehtimalını gündəmə gətirərək, hazırkı hakimiyyətin İranı yenidən möhtəşəm edə bilmədiyi təqdirdə, "niyə rejim dəyişikliyi olmasın" sualını verib.

Tramp, həmçinin "İrandakı bütün nüvə obyektlərinə vurulan " böyük zərəri" alqışlayıb.

Lakin BMT-nin nüvə nəzarəti orqanı vurulmuş zərərlərin miqyasını dərhal yoxlaya bilmir.

İranın xarici işlər naziri Abbas Araqçı Moskvaya səfər edib. Onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir.

Bu arada, ABŞ Çindən İranın Hörmüz boğazını bağlamasına mane olmasını istəyib.

ABŞ belə bir addımın İran üçün "iqtisadi özünəqəsd" olcağını açıqlayıb.

BMT-də söz müharibəsi də başlayıb: İsrailin BMT-dəki təmsilçisi deyib ki, bütün dünya Trump-a təşəkkür etməlidir, onun iranlı həmkarı isə "ABŞ-ın açıq-aşkar təcavüzünü" tənqid edib.

Dünyanın müxtəlif şəhərlərində etirazçılar küçələrdə ABŞ-ın İrana zərbələr endirməsini pisləyiblər.

Bombardmanı həyata keçirən B-2 gizli təyyarələri ABŞ bazalarına qayıdıb.

ABŞ İranın nüvə obyektlərini bombalayıb, İran xəbərdarlıq edib

Amerika Birləşmiş Ştatlarının İrana hücuma qoşulmasından sonra İsrail və İran bir-birlərinin ərazilərinə hava zərbələrini davam etdirib.

İsrail ordusu bildirir ki, onun hava qüvvələri İranın qərbindəki "hərbi hədəflərə" qarşı yeni hücum dalğasına başlayıb.

Bu, İsrail Müdafiə Qüvvələrinin (IDF) son bir saatda İrandan İsrail ərazisinə doğru atılan raketləri müəyyən etdiyi barədə xəbərdarlıq etməsindən sonra baş verir.

İsrail tərəfi İran ərazisində raket buraxılış qurğularına zərbələr endirdiyini də deyib.

İran dövlət televiziyası məlumat yayıb ki, İran İsrailin bir neçə obyektini, o cümlədən Ben Qurion hava limanını hədəf alıb.

İran tərəfinin İsraildə dəstək bazaları, komanda və idarəetmə mərkəzləri və bioloji tədqiqat mərkəzi kimi yerləri vurduğu deyilir.

Dövlət mediası bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumun uzaq mənzilli raketlərdən istifadə edilərək həyata keçirildiyini açıqlayıb.

Böyük Britaniya ABŞ-ın İrana endirdiyi zərbələrdə iştirak etməyib

Böyük Britaniyanın xarici işlər naziri David Lammy ABŞ-ın İranın üç nüvə obyektini bombalaması barədə danışarkən, "Böyük Britaniya bu zərbələrdə iştirak etməyib" deyib.

BBC-nin dünya xəbərlərindən Joe Inwood hesab edir ki, Böyük Britaniyanın Baş nazirinin gecə saatlarında həyata keçirilən hücumlara reaksiyası nə tam dəstək, nə də tənqidi olub.

Onun fikrincə Britaniya Baş naziri Keir Starmer gərginliyin azaldılması və danışıqların aparılmasına çağırışları edib, ancaq ötən gecə baş verənlər isə bunun heç biri olmayıb.

Joe Inwood-un fikrincə Böyük Britaniya hökumətinin potensial çətin bir qərardan yayınması, rahat nəfəs almağa imkan verir.

O fikirlərini belə izah edib. "İrana hücumun həyata keçirilməsi üçün ən yaxşı hərbi baza Hind okeanındakı, Britaniya tərəfindən idarə olunan Diego Garcia bazası idi. Bu, İrandakı hədəflərə ABŞ-ın Guam adasındakı bazasından olan məsafənin yarısı qədərdir və daha yaxındır".

Əgər ABŞ bu bazadan istifadə üçün icazə istəsəydi – və hökumət razılıq versəydi – bu, İran tərəfindən Böyük Britaniyanın da müharibəyə qoşulması kimi qəbul olunardı.

Hücumun Diego Garcia-nın iştirakı olmadan baş tutması, daha geniş nəticələrdən narahat olan Britaniya siyasətçiləri üçün müəyyən qədər rahatlıq mənbəyi olacaq.

BBC nin bildiyinə görə, ABŞ-ın İranın nüvə obyektlərinə etdiyi hücumlarda Böyük Britaniyanın heç bir iştirakı olmayıb və Baş nazirə bu hücumların həyata keçiriləcəyi əvvəlcədən bildirilib.

İranın xarici işlər naziri Seyid Abbas Araqçi ABŞ-ın zərbələrini "rüsvayçı" adlandırıb və deyib ki, İran "suverenliyini müdafiə etmək üçün hüququnu" özündə saxlayır.

"Bu səhər baş verən hadisələr rüsvayçıdır və həmişəlik nəticələri olacaq. BMT-nin hər bir üzvü bu son dərəcə təhlükəli, qanunsuz və cinayətkar davranışdan narahat olmalıdır," – İran rəsmisi X platformasında paylaşımında yazıb.

Araqçi əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi ABŞ BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasına yol verib.

Bir qədər əvvəl İsrail hərbiyyəsi İrandan hava hücumlarının başladığını açıqlayıb.

Havadan müdafiə sistemləri təhdidləri zərərsizləşdirir, məlumatda deyilir.

İsrail rəsmiləri bildirir ki, azı 11 nəfər yaralanıb.

ABŞ prezidenti Donald Trump xalqa müraciətində deyib ki, İran "indi sülh etməlidir", "əgər etməsələr, gələcək hücumlar daha böyük və çox asan olacaq".

"İranın əsas nüvə zənginləşdirmə obyektləri bütünlüklə və tamamilə məhv edilib", Trump deyib. O, hücumları "möhtəşəm hərbi uğur" adlandırıb.

Bir neçə saat əvvəl ABŞ İranda Fordo və digər nüvə obyektlərini vurub.

İranın dövlət mediası deyib ki, Fordo obyekti "düşmən hücumlarına" məruz qalıb.

Tasnim xəbər agentliyinin məlumatına görə, Qum Əyalətinin Böhran Tənzimlənməsi üzrə İdarənin sözçüsü Morteza Heydəri deyib ki, "Fordo nüvə obyekti ərazisinin bir hissəsi hava hücumuna məruz qalıb".

Fordo obyekti paytaxt Tehranın təxminən 96 km cənubunda, Qum şəhərinə yaxın dağlıq ərazidə yerləşir.

İran mediası ABŞ-ın hücumları barədə nə deyir?

"Blef. Mən bir neçə saat əvvəl onların ABŞ-ın nüvə obyektlərinə hücumlarına reaksiyasını görmək üçün İranın dövlət televiziyasına baxmağa başladığımdan bəri bu söz tez-tez təkrarlanır", BBC Farsçadan Qönçə Həbibiazad yazır.

Dövlət televiziyasının aparıcısı Donald Trump-ın Fordo nüvə obyektinin dağıdılması ilə bağlı "yalan" dediyini bildirib və əlavə edib ki, "Fordonun giriş və çıxışında yalnız iki tunel zədələnib.

İranın rəsmi mediası əvvəlcə hücumların miqyasını azaltmağa başlayıb və onları "təsdiqlənməmiş xəbərlər" adlandırıb.

Fordunun "bir hissəsinə" hücumu təsdiqləyən Qum əyaləti böhran idarəsi agentliyinin sözçüsü Mürtəza Heydəri, sonradan bütün əyalətdə "tamamilə sakitçilik olduğunu" söyləyib.

İran mediası da partlayışların miqyasını azaltmağa çalışaraq, onların "o qədər də güclü olmadığını" deyiblər.

Eyni zamanda, İran buna səbəb kimi "düşmən kiberhücumlarını" əsas gətirərək, internetə çıxışı məhdudlaşdırıb. Bu, BBC-yə göndərilən və sosial mediada paylaşılan video və fotoşəkillərin sayının azalmasına səbəb olub, yəni biz İran mediası və dövlət informasiya vasitələrinin videolarına və onların narrativlərinə daha çox etibar etməli oluruq.

Təhlil: Əvvəlin sonu, yoxsa sonun əvvəli?

BBC-nin Yaxın Şərq bürosunun rəhbəri Jo Floto yazır ki, əgər İranın nüvə obyektləri həqiqətən də istifadəyə yararsızdırsa, o zaman İsrail baş naziri Benyamin Netanyahunun əsas müharibə məqsədini tamamladığını elan etmək imkanı yarana bilər.

Lakin bu səhər Yaxın Şərq nəfəsini tutaraq baş verənlərin münaqişənin sonunun əvvəli olduğu yoxsa, daha ölümcül mərhələsinin başlamasının əvvəli olduğunu anlamağa çalışır.

İran rəsmiləri əvvəlki günlərdə xəbərdarlıq ediblər ki, ABŞ-ın müdaxiləsi "çox təhlükəli" olacaq.

Həmas ABŞ-ın İrana zərbələrini "açıq-aşkar təcavüz" kimi qiymətləndirib.

Həmas bəyanatında hücumun "beynəlxalq hüququn kobud şəkildə pozulması və beynəlxalq sülh və sabitliyə birbaşa təhdid" olduğunu bildirib.

İranın Beynəlxalq Atom Enerjisi Təşkilatı beynəlxalq ictimaiyyəti "hücumları pisləməyə və İranın qanuni mövqeyini dəstəkləməyə" çağırıb.

Təşkilat bildirir ki, "düşmənlərin bədxah planlarına baxmayaraq" alimlər və ekspertlər "ölkənin nüvə sənayesini irəli aparacaqlar".

Bəyanatda deyilir ki, təşkilat hücumlardan sonra "qanuni tədbirlər" ehtiva edən "lazımi" addımlar atacaq.

Dönüş nöqtəsi: Tehranın reaksiyası necə olacaq?

Məsələ ondadır ki, ABŞ-ın İrana zərbələrindən sonra Tehranın reaksiyası necə olacaq.

Bu, İran və İsrail arasında müharibə və münasibətlərdə dönüş nöqtəsidir.

Bunun Amerikanın təhlükəsizliyinə potensial olaraq böyük təsiri var. Bölgədə 40 minə yaxın Amerika əsgəri var. Onlar son dərəcə yüksək hazırlıq vəziyyətində olacaqlar.

Dünən Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın İrandakı hərbi əməliyyatlarına müdaxilə edəcəyi təqdirdə Qırmızı dənizdəki Amerika gəmilərinə yeni hücumlarla hədələyiblər.

İndi İranın regiondakı Amerika və hərbi obyektlərinə qarşı və, əlbəttə, İranın İsrailə qarşı cavab tədbirlər görəcəyi ilə bağlı böyük qorxu olacaq.

ABŞ İranın nüvə obyektlərini vurub - Trump

"Fordo, Natanz və İsfahan daxil olmaqla, İranda yerləşən üç nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır", Donald Trump Truth Social platformasında yazıb.

O əlavə edib ki, Fordo üzərinə "tamyüklü bomba" atılıb və bütün təyyarələr ABŞ-a qayıdış yolundadır.

"Bu, Amerika Birləşmiş Ştatları, İsrail və dünya üçün tarixi bir andır," – Trump Truth Social-da bildirib.

O əlavə edib: "İran indi bu müharibəyə son verməyə razı olmalıdır."

Trump daha sonra öz hesabından "Fordo yox oldu" deyə bir mesaj paylaşıb.

İsrail rəsmisi yerli Kan kanalına bildirib ki,hücumlar zamanı İsrail ABŞ-la tam koordinasiyalı şəkildə fəaliyyət göstərirdi, Reuters yazır.

BBC-nin ABŞ-dakı tərəfdaşı CBS News-un verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trump və İsrail prezidenti Benyamin Netanyahu ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra telefonla danışıblar. Məlumatı Ağ Evin yüksək rütbəli rəsmisi verib.

CBS-ə danışan mənbə bildirib ki, ABŞ zərbələrdən əvvəl də İsrailə xəbərdarlıq edib.

Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri də təsdiqləyiblər ki, hücum zamanı GBU-57A tipli "Massive Ordnance Penetrator" (sığınacaq dağıdan bomba) istifadə olunub və hər nüvə obyektinə iki belə bomba atılıb.

Bir ABŞ rəsmisi bildirib ki, hücumlarda B-2 bombardmançı təyyarələrindən istifadə edilib, Reuters yazır.

Bakı vaxtı ilə saat 06:00-da Donald Trump-ın ABŞ xalqına müraciət edərək deyib ki, sülh olmasa, İranı daha güclü hücumlar gözləyir.

İran ABŞ-ın bombaladığı nüvə obyektlərini əvvəldən təxliyə etdiyini bildirib

İran ABŞ-ın bombaladığı üç nüvə obyektini də əvvəlcədən təxliyə etdiyini bildirib.

İran Dövlət Televiziyasının siyasi direktor müavini Həsən Abedini canlı yayımda deyib ki, İran "bir müddət əvvəl" həmin üç nüvə obyektini təxliyə edib, BBC Farsca Xidmətinin müxbiri Qönçə Həbibiazad bildirib.

Bu, ABŞ tərəfindən öz nüvə obyektlərinin bombalamasına Tehranın ilk rəsmi reaksiyasıdır.

Abedini həmçinin deyib ki, İran "ciddi zərər çəkməyib, çünki materiallar artıq çıxarılmışdı".

Netanyahu: "Trump və ABŞ çox güclü davrandı"

"Prezident Trump və mən tez-tez deyirik: Güc vasitəsilə sülh. Əvvəl güc gəlir, sonra sülh",

İsrail baş naziri Benjamin Netanyahu İranın nüvə obyektlərinin ABŞ tərəfindən vurulması ilə bağlı deyib.

"Və bu gecə Prezident Trump və ABŞ çox güclü davrandı", Netanyahu qeyd edib.

ABŞ-da Trump-ı tənqid edənlər də var, tərifləyənlər də

ABŞ Nümayəndələr Palatasında Azlıq qrupunun lideri Hakeem Jeffries deyib ki, ABŞ-ın İrana zərbələri müharibə riskini "kəskin şəkildə artırıb".

"Prezident Trump öz niyyətləri barədə ölkəni aldadaraq, hərbi güc tətbiq etmək üçün Konqresdən icazə almadı və Yaxın Şərqdə potensial fəlakətli müharibəyə cəlb olunma riskinə məruz qalıb", - Jeffries X sosial şəbəkədə yazır:

O əlavə edib ki, Trump "birtərəfli hərbi hərəkətləri nəticəsində yarana biləcək hər hansı mənfi nəticələrə görə tam və qəti məsuliyyət daşıyır".

Öz növbəsində, Demokratlar Partiyasından olan ABŞ senatoru Bernie Sanders Trumpın zərbələrinin "son dərəcədə konstitusiyaya zidd" olduğunu bildirib.

"Bu ölkənin müharibəyə qatılmasına qərar verə bilən yeganə qurum ABŞ Konqresidir. Prezidentin bunu etmək səlahiyyəti yoxdur", - Sanders əlavə edib.

Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Mark Warner deyir ki, Tramp-ın qərarı ABŞ-ı "gələcək illərdə Amerika həyatları və resursları bahasına başa gələ biləcək" növbəti "sonu görünməyən" müharibəyə sürükləmək riski daşıyır.

Demokrat, həmçinin Trump-ı Konqres qarşısına çıxıb, ABŞ-ın "lazımsız və qarşısı alınmaz münaqişəyə" sürüklənməsinə yol verməmək üçün məqsəd və planlarını izah etməyə çağırır.

Respublikaçı senator Mitch McConnell İranın nüvəsizləşdirilməsi üçün "qətiyyətli addım" atdığına görə Trump-ı tərifləyir.

"Bu fürsətdən istifadə etmək müharibə eskalasiyası demək deyil - bu, Tehrandakı müharibə qızışdıranlara ağıllı cavabdır. İran tərəfindən Amerikanın qətiyyətini səhv başa düşmək axmaqlıq olardı".

ABŞ İranın nüvə proqramına "zərər vura bilmiş olar" - ekspert

İran Demokratiyanın Müdafiəsi Proqramının baş direktoru Bəhman Ben Taleblu BBC News-a deyib ki, ABŞ-ın zərbələri uğurlu olsaydı, onlar İranın "məşhur" nüvə proqramına "zərər vurardı".

Taleblu deyib ki, İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei ABŞ-ın hücumunu rejimə qarşı "başsız etmə zərbəsi" kimi qəbul edərsə, cavab tədbirlər görə bilər.

Onun sözlərinə görə, "[İran] rejimin qürur, təkəbbür və status istəyi" gərginliyə səbəb ola bilər.

Lakin Taleblu həmçinin bildirib ki, Xamenei həm də ehtiyatlı davrana bilər.

İsrail İran komandirlərini hədəfləyib, İran ABŞ qoşularsa "çox təhlükəli olar" deyir

İsrail-İran arasında münaqişə davam edir. İsrail Ordusu bildirib ki, bu səhər 8 İran PUA-sı İsrailə tərəf göndərilib. İsrailin Müdafiə Ordusu bildirib ki, atılmış PUA-lardan beşinin qarşısı alınıb, qalan üçünün hara düşdüyü araşdırılır.

İran açıqlayıb ki, gərginliyin başladığı iyunun 13-dən bəri ölkədə 430 nəfər öldürülüb, 3500 nəfər isə yaralanıb. İranın İnsan Huquqları Fəalları xəbər agentliyinin yaydığı qeyri-rəsmi məlumata görə isə ölkədə ölü sayı 657 nəfərə çatıb.

Bu arada, İranın xarici işlər naziri Abbas Araqçı hazırda İstanbuldadır və onun ərəb və müsəlman ölkələrinin liderləri ilə görüşü gözlənilir.

Əvvəldən də xəbər verdiyimiz kimi, Abbas Araqçı deyib ki, ABŞ-ın müharibəyə qoşulması "çox, çox təhlükəli" ola bilər. Ancaq o, həmçinin vurğulayıb ki, ABŞ münaqişəyə ilk gündən qoşulub.

İsrail bu gün İranın yüksək rütbəli komandanlarından biri -Səid İzadini Qum şəhərindəki evində vurduğunu açıqlayıb. Səid İzadi İranın İnqilab Keşikçilərinin bir qolu olan güclü Qüds Qüvvələrinin üzvü olub. O, oktyabrın 7-də Həmasın İsrailə hücumundan əvvəl qruplaşmanın maliyyələşdirilməsi və silahla təmin olunmasına cavabdeh olub, BBC İsrailin müdafiə naziri Katz-a istinadən yazıb.

İranın dövlət mediası İsrailin bu səhər İsfahan nüvə obyektini hədəf aldığını, lakin hücumun zavoddan hər hansı sızıntıya səbəb olmadığını xəbər verib.

Bu gün İranın dövlət mediası ölkə ərazisində internetin bərpa olunmasıyla bağlı da xəbər yayıb.

Kiprdə "Azərbaycan əsilli iranlı casus" həbs edilib

Kiprdə Britaniyanın Kral Hava Qüvvələri (RAF) bazasının yaxınlığında şübhəli iranlı casus saxlanılıb, Kipr mediası yazıb.

Yerli media yazır ki, İranın İnqilab Keşikçiləri Qüvvələri ilə əlaqələr olan kişi Azərbaycan əsillidir.

Kəşfiyyat məlumatlarında onun terror aktı planlaşdırdığı iddia olunur.

Hadisəylə əlaqədar Britaniyanın xarici işlər nazirliyi BBC-yə deyib ki, "Bir britaniyalı kişinin həbsiylə əlaqədar Kipr rəsmiləri ilə əlaqədəyik".

O, şənbə günü səhər məhkəməyə çıxarılıb və haqqında təhqiqatların gedişatı ilə əlaqədar 8 günlük həbs qərarı çıxarılıb.

Kiprdəki RAF Akrotiri Britaniyanın regionda ən əhəmiyyətli bazalarından biridir. Burada sürətli reaktiv təyyarələr, kəşfiyyat, nəqliyyat və yanacaq dolduran təyyarələr yerləşir. Əvvəllər buradan İsrail səmasını İran hücumundan qorumaq üçün istifadə edilib.

Erdoğan: İsrail Yaxın Şərqdə "sülhə ən böyük maneə"dir

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bildirib ki, ABŞ-la nüvə danışıqlarının yeni mərhələsi öncəsi İsrailin İrana hücumları "danışıqları sabotaj etmək" məqsədi daşıyır.

İstanbulda İranın xarici işlər nazirinin də iştirak etdiyi diplomatik konfransda çıxış edən Erdoğan İsrailin bu hərəkətini "açıq quldurluq" adlandırıb və onu pisləyib. erdoğan İsraili Yaxın Şərqdə sabitliyi pozmağa cəhddə ittiham edib.

Netanyahu hökuməti özünün "bölgədə sülhə ən böyük maneə" olduğunu sübut edir", - Türkiyə prezidenti deyib.

O, əlavə edib ki, "Netanyahu hökuməti 13 iyun hücumları ilə əslində danışıqlar prosesini pozmaq məqsədi güdüb".

Regional gərginlik "heç kimə sərf etmir", bunu Avropalı nazirlərin Cenevrədə iranlı həmkarları ilə görüşündən sonra Kaja Kallas mediaya deyib.

Danışıqlardan sonra mediaya qısa şərh verən Avropa Komissiyasının vitse-prezidenti Kallas "bu müzakirələri açıq saxlamalıyıq" deyib.

O əlavə edib ki, görüşdə hər iki tərəf nüvə və "daha geniş məsələləri" müzakirə etməyə razılaşıb.

Böyük Britaniyanın Xarici İşlər Naziri David Lammy isə deyib ki, onların mesajı konkret olub: "İran nüvə silahına malik ola bilməz".

David Lammy həmçinin deyib ki, o və Avropa xarici işlər nazirləri İranla aparılan "hazırki müzakirələri" davam etdirməkdə "maraqlıdırlar".

"Biz İranı Birləşmiş Ştatlarla danışıqları davam etdirməyə çağırırıq", - Lammy deyib.

"Bu, təhlükəli məqamdır" və "çox vacibdir" ki, İran və İsrail arasındakI bu münaqişə regional eskalasiyaya çevrilməsin, Böyük Britaniyanın XİN rəhbəri əlavə edib.

İran "təcavüz dayandırıldıqdan" sonra diplomatiyanı yenidən nəzərdən keçirməyə hazırdır".

Bunu İranın xarici işlər naziri Abbas Araqçı Cenevrədə aparılan danışıqlardan sonra jurnalistlərə bildirib.

O əlavə edib ki, İranın nüvə proqramı "dinc xarakter" daşıyır və İrana hücumlar "beynəlxalq hüququn pozulmasıdır". İran "öz qanuni özünümüdafiə hüququnu həyata keçirməyə davam edəcək", o qeyd edib.

"Aydın şəkildə bildirirəm ki, İranın müdafiə qabiliyyəti müzakirə mövzusu deyil," – Abbas Araqçi deyib.

İyunun 20-də Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin Cenevrədə iranlı həmkarları ilə görüşü başa çatıb.

Mənbələrin "çox önəmli" adlandırdığı Cenevrə görüşündə İrana sıfır zənginləşdirməni qəbul etməsi üçün mesaj verilib.

İran bu tələbi dəfələrlə rədd edib. İran bildirir ki, bu tələb ölkənin dinc nüvə proqramı hüququnu pozur, BBC-nin hazırda Cenevrədə olan müxbiri Lyse Doucet yazır.

Bu görüşün İsrail-İran münaqişəsinə son qoymaq səylərinin bir hissəsi olduğu bildirilir.

Müzakirələrdə Böyük Britaniya və Fransanın xarici işlər nazirləri, Avropa Birliyi rəsmisi iştirak edib.

Mənbələr bildirirlər ki, müzakirələr zaman İranın nümayəndə heyəti məsləhətləşmələr üçün qısa fasilə istəyib.

Bu görüş Ağ Evin bəyanatından sonra baş verir. Belə ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın gələn iki həftə ərzində İsrailin İrana qarşı hücumlarına qoşulub-qoşulmayacağına qərar verəcəyi bildirilib.

Tramp qərar verməyi gecikdirib, çünki onun mətbuat katibinə görə, danışıqlar üçün "əhəmiyyətli bir ehtimal" mövcuddur.

BBC-nin Şimali Amerika üzrə baş müxbiri hesab edir ki, bu addım diplomatiya üçün bir fürsət pəncərəsi ola bilər.

İsrail ordusu bildirir ki, ötən gecə 60-dan çox hərbi təyyarə ilə İranda, Tehran və ətrafı, İranın nüvə araşdırma agentliyinin mənzil-qərargahı da daxil olmaqla, onlarla hərbi obyektə hücum edib, eyni zamanda İran da İsrailə raketlər atıb.

Bu arada, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan deyib ki, "İsrail-İran gərginliyi daha çox dağıntı, qan tökülməsi, mülki itki və dəhşətli fəlakət baş vermədən, silahı yerə qoymaq lazımdır".

Prezident Erdoğan onu da deyib ki, Qəzzada və İranda baş verənlər "geri dönüşü olmayan bir yola girmək üzrədir".

İsrailin cənubundakı Beersheba şəhərinin fövqəladə xidmətlərin məlumatına görə beş nəfər yaralanıb, Microsoft-un ofisinə yaxın ərazilərdə yanğınlar baş verib.

İran bazar günündən bəri itkilərlə bağlı məlumat yaymayıb – BBC jurnalistlərinin ölkə daxilindən məlumat verməsi məhdudlaşdırıldığından, İsrailin hücumlarının yaratdığı dağıntıları qiymətləndirmək çətindir.

İyunun 13-dən bəri İsrail və İran arasındakı hücumlar davam edir.

İran bir həftədir ki, İsrailin hərbi və nüvə obyektlərinə, enerji obyektlərinə, hava limanlarına, hökumət binalarına və yaşayış məntəqələrinə endirdiyi hava zərbələrinə cavab verir.

İran bunun təcavüzkar müharibə olduğunu və özünü müdafiə etmək hüququna malik olduğunu deyir.

İsrail Hizbullaha xəbərdalıq edib

İsrailin müdafiə naziri İsrael Katz cümə günü Livan Hizbullahına xəbərdarlıq edərək, İsrailin onu təhdid edən "terrorçulara" səbrinin tükəndiyini deyib.

Hizbullah lideri Naim Qassem dünən deyib ki, qrup İrana qarşı "barbar İsrail-Amerika təcavüzü" adlandırdığı hadisə qarşısında uyğun gördüyü şəkildə hərəkət edəcək.

Chosen
16
bbc.com

1Sources