EN

İcra başçısını biabır etmək istədilər: görün nə paylaşdılar

Bu günlərdə Feysbukda “Gündəlik Qazax” səhifəsində Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov haqqında yazı paylaşılıb. Yazı icra başçısının müdafiəsinə həsr edilib. Onun rayonda gördüyü işlər sadalanıb, yerli əhaliyə qayğı göstərməsi vurğulanıb. Sözügedən paylaşım son vaxtlar bəzi saytlarda və sosial şəbəkə səhifələrində Rəcəb Babaşovla bağlı tənqidi yazıların dərcinə cavabdır. Hər halda mətndə belə deyilir.

R.Babaşovun şəhid ailələrinə, qazilərə ev tikdirdiyi deyilir, onların digər problemlərinə xüsusi həssaslıqla yanaşdığı bildirilir. Rayonda uşaq bağçalarının açıldığı, yolların təmir olunduğu, digər sosial problemlərin həllini tapdığı xüsusi olaraq diqqətə çatdırılır.

İcra başçısının vətəndaşları qəbul etməsi, onların üzləşdiyi maneələrin aradan qaldırılması istiqamətində var gücü ilə çalışdığı da qeyd edilən məsələlər sırasındadır.

Müəllifə görə (yazının sonunda imza yoxdur, bəlkə də, Rəcəb müəllim özü yazıb – red.), Rəcəb Babaşov bu işləri xeyirxahlıq kimi görür, əslində bu fəaliyyətin ona dəxli olmamalıdır.

Rəcəb Babaşov 2016-cı ildə Prezidentin sərəncamı ilə Qazaxın icra başçısı vəzifəsinə təyin edilib. Üstündən xeyli vaxt keçib, ona görə də, bəlkə, yadından çıxıb ki, əsas vəzifəsi xalqa, vətəndaşlara xidmət göstərməkdir. Bu işlərə görə dövlətdən, vətəndaşların vergiləri ilə formalaşan büdcədən maaş aldığını da unuda bilər. Bütün bunlara görə kabinet, köməkçi, katibə, müavinlər, şöbə müdirləri, xidməti maşın, sürücü ilə təmin olunduğunu bilmərrə xatırlamaya bilər. İşlər çoxdur. Baş qarışıqdır. Qazax camaatının yükünü çəkmək asan işdir? Rəcəb müəllim şəxsi işlərdən vaxt tapan kimi icra başçısı da işləyir.

Bəs yoldaş Babaşovun başı nəyə qarışır? Hansı vacib işlərlə uğraşır, əcəba? Fərasətli İH başçısı əlinə fürsət düşən kimi özünə biznes qurar. Qaz vurub, qazan doldurar. Oğluna 500 minə, özünə 300 minə (təvazökarlıq yaxşı xüsusiyyətdir) maşın alar. Rayonun ən münbit torpaqlarını ələ keçirər, fermer təsərrüfatı yaradar: kartof əkər, taxıl səpər, ərik bağı salar, xiyar yetişdirər, pomidor becərər və sair. Bakıda, Dubayda, başqa xarici ölkələrdə biznesini böyüdər. Qazandığı pulları da xalq və dövlət yolunda xərcləyər.

Rəcəb müəllim yaxşı bilir ki, məmurun bizneslə məşğul olması dövlətçiliyə dəstəkdir. Ümumi Daxili Məhsulun artmasına köməkdir. Yaranmış gərgin geopolitik duruma məlhəmdir. Düzdür, arada buna görə yüngülvari qanqaraçılıq olur. Məsələn, məmurun biznesmenliyi Cinayət Məcəlləsinin vəzifə səlahiyyətindən sui-istifadə və vəzifə səlahiyyətini aşma maddələri ilə tövsif olunaraq hüquqi məsuliyyət yaradır. Onda baxırsan, Dövlət Təhlükəsizliyi Xidmətinin qara maskalıları başçının başının üstünü aldı, onu “hop” götürüb, başına qara torba keçirib, qara plyonkalı maşınla Bakıya gətirdi. Məhkəmənin hökmü ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildi. Qulaqlara qurğuşun, lap elə Qaxın icra başçısı Musa Şəkiliyevin başına gələnlər kimi…

icra

Rəcəb Babaşov və oğlu Elşən Babaşzadə

Chosen
10
2
publika.az

3Sources