EN

Azərbaycanın enerji təhlükəsizliyini daha gücləndirəcək layihə

İyunun 24-də ölkəmizin enerji sektorunda  əlamətdar hadisə yaşandı. Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi. Mərasimdə iştirak edən Prezident İlham Əliyev, eyni zamanda, İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov  çıxış etdilər. Bu açılış mərasimi ölkəmizin enerji potensialı ilə  yanaşı, Azərbaycan-İtaliya, Azərbaycan-Çin münasibətlərinin də təqdimatı oldu.  Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.

Dövlət başçısı İlham Əliyev sözügedən açılış mərasimindəki çıxışında  diqqəti bu məsələlərə yönəldərək bildirdi ki,  həm İtaliya, həm də Çinin Azərbaycanın strateji tərəfdaşlarıdır. İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. İlk növbədə ölkənin enerji sisteminin səmərəliliyi artırılacaq, potensial, generasiya gücü artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, Azərbaycana təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək.

Hazırda Azərbaycan bərpaolunan enerji layuhələri istiqamətdə qabaqcıl ölkələr sırasındadır. Əgər bu gün ölkəmizin ümumi generasiya gücü 9000 meqavatdırsa, imzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər Azərbaycana 6500 meqavat yaşıl enerji verəcəkdir. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazın ixracı daha da artacaq.

Azərbaycan regionun əsas enerji qovşağı kimi mövqeyini  daha da möhkəmləndirir,  Avropanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Enerji təhlükəsizliyi  hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır.  Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Hazırda  Azərbaycanın təbii qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyasına görə Azərbaycan  dünya miqyasında qabaqcıl yerlərdədir. “Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik” söyləyən  Prezident İlham Əliyev onu da əlavə etdi ki,   Azərbaycan  bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.

Son 20 ildə Azərbaycanın energetika sistemi  sıfırdan qurulub. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları quruldu. Mingəçevirdə də yenidənqurma işləri aparıldı. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu.  2020-ci il iyununda burada stansiyaya yeni həyat verildi.  Hazırda “Azərbaycan” İstilik Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. “8 Noyabr” layihəsinin qısa müddətdə  icra edilməsi rekord nəticədir.  Dövlət başçısı İlham Əliyev çıxışında bunu belə əsaslandırdı ki, təxminən 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamış,  birinci blok 1981-ci ildə istismara verilmişdir. Yeddi ildən sonra 300 meqavat enerji əldə edilmişdir. “8 Noyabr” layihəsinin qısa zamanda uğurla başa çatmasını şərtləndirən əsas amillər  mövcud  energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və  beynəlxalq tərəfdaşlarımızın da töhfəsidir.

Dövlət başçısı İlham Əliyev hər bir çıxışında diqqəti 30 illik işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarına yönəldir. “8 Noyabr” Elektrik Stansiyasının açılışı da bu baxımdan diqqətdə oldu. Torpaqlarımızın uzun illər işğal altında olduğunu,  İkinci Qarabağ müharibəsində Ermənistanın nəinki  şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxladığını,  hətta  Mingəçevirə də öz raketlərini göndərməyi  unutmadığını önə çəkərək bildirdi ki, məqsəd enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Bu əraziyə düşən  mərmilər,  raketlər də bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır.

Azərbaycan beş il öncə tarixi Zəfərə imza atdı. Artıq ölkəmiz dünya çapında yeni əməkdaşlıq formatlarının və sülh gündəliyinin müəllifi kimi tanınır, nüfuz qazanır. Şanlı Qələbəmizdən sonra ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı daha da artır. 30 ildən sonra sahibinə qovuşan azad Qarabağ və azad Şərqi Zəngəzur malik olduqları iqtisadi imkanları ilə gələcəkdə Azərbaycanın dayanıqlı inkişafına öz töhfələrini verəcəklər. Bu ərazilərin malik olduqları  bərpaolunan enerji potensialı yeni əməkdaşlıq formatlarının yaranmasında mühüm rol oynayır. İstismara verilən “8 Noyabr” Elektrik Stansiyası üçün bu adın seçilməsi də təsadüfi deyil. Dövlət başçısı İlham Əliyev vurğuladı ki, bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu,  şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Bu stansiyanın ömrünün uzun və fəaliyyətinin uğurlu olacağına əminik.

Tufan Məmmədov – iqtisadçı ekspert

 

Chosen
11
11
moderator.az

10Sources