EN

Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən Ajans.az-a verilən məlumata görə, təlim agentliklə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə təşkil olunub. Təlim xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib. Təlim proqramında İTSDA-nın və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları ilə yanaşı, 13 dövlət tibb müəssisəsinin direktor və müavinləri iştirak ediblər. Proqramın bağlanış mərasimində Ankara Universitetinin rektoru professor Necdet Ünüvar, Sağlamlıq Elmləri İnstitutunun direktoru professor Emine Özmete, TİKA-nın vitse-prezidenti professor Rəhman Nurdun və Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak ediblər. İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə tədbirə onlayn qaydada qoşulublar. Tədbirdə çıxış edən professor Emine Özmete qeyd edib ki, sağlamlıq idarəçiliyi sahəsində qazandığımız təcrübənin qardaş Azərbaycana ötürülməsi iki ölkə arasındakı strateji əməkdaşlığa böyük töhfə verir və ona görə də proqramlar davamlı şəkildə həyata keçirilməlidir. TİKA-nın vitse-prezidenti professor Rəhman Nurdunun verdiyi məlumata görə, 1992-ci ildən bu günə qədər Azərbaycanda 1500-dən çox layihə həyata keçirilib. Onlardan 160-ı məhz səhiyyə sahəsinə aiddir. O, TİKA-nın Azərbaycanın səhiyyə sahəsindəki inkişaf təşəbbüslərinə daim dəstək verməyə və birgə yeni layihələr həyata keçirməyə hazır olduğunu diqqətə çatdırıb. Zaur Əliyev təlim proqramının keçirilməsində agentliyə dəstək olan TİKA-ya və Ankara Universitetinə dərin təşəkkürünü bildirib: “2022-ci ildən etibarən artıq 5-ci dəfədir ki, təlimlər keçirilir və ötən müddət ərzində iştirakçılar tibb müəssisələrinin effektiv idarə olunmasına dair yeni bilik və yanaşmalara yiyələniblər. İcbari tibbi sığortanın uğurlu tətbiqində tibb müəssisələrində idarəetmənin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır və bu kimi beynəlxalq təcrübə mübadiləsi prosesə mühüm töhfə verir”. Vüqar Qurbanov çıxışında qeyd edib ki, keçirilən təlimlər fəaliyyətimizin məqsədinə doğru atılan mühüm addımlardandır və dövlət səhiyyə siyasətinin mütərəqqi idarəçilik yolu ilə həyata keçirilməsi və tibb müəssisələrinin beynəlxalq standartlara uyğun təşkili əsas vəzifələrdən biridir. Professor Necdet Ünüvar isə çıxışında təlimlərin həm peşəkar, həm də mənəvi baxımdan əhəmiyyətinə diqqət çəkib: “Biz təlimlərlə sadəcə məlumat paylaşmırıq, həm də qardaş ölkə ilə təcrübəmizi bölüşürük. Bu proqramın faydalı olacağına inanıram. Eyni niyyətlə bu işi gələcəkdə də davam etdirəcəyik”. Tədbirdə çıxış edən Rəşad Məmmədov isə təşəbbüsün uzun müddət davam etməsinin təşkilatçılar və iştirakçıların işə olan ciddi və məsuliyyətli münasibətindən xəbər verdiyini deyib: “Bu proqramlar həm Azərbaycan, həm də Türkiyə səhiyyəsinin inkişafına böyük töhfə verir. İki qardaş ölkə arasında səhiyyə sahəsində davamlı əməkdaşlığın möhkəmlənməsi hər iki tərəf üçün qiymətli təcrübə və bilik mübadiləsi imkanı yaradır”. Təlim müddətində iştirakçılar xəstəxanalarda insan resurslarının və keyfiyyətin idarəedilməsi, akkreditasiya, səhiyyə xidmətlərinin maliyyələşdirilməsi və iqtisadi qiymətləndirmə, eləcə də xəstəxanalarda korporativ fəaliyyətin qiymətləndirilməsi kimi mövzularda müzakirələr aparıblar. Proqram çərçivəsində nümayəndə heyəti Türkiyənin bir sıra tibb müəssisələrində və idarəetmə strukturlarında olub, səhiyyə idarəçiliyi sahəsində informasiya texnologiyalarının tətbiqi imkanlarını yerindəcə araşdırıblar. Qeyd edək ki, təlim proqramı Ankara Universitetinin Səhiyyənin idarə edilməsi bölməsinin professor-müəllim heyəti, müvafiq xəstəxanaların rəhbər və işçiləri, Türkiyə Səhiyyə Xidmətlərində Keyfiyyət və Akkreditasiya İnstitutu tərəfindən tədris edilib. Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

Chosen
4
1
Ajans.az

2Sources