EN

ADA-da 19-cu Yay Enerji Məktəbi

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun, ADA Universiteti Fondu, SOCAR, bp və “Kolin” şirkətlərinin dəstəyi ilə 19-cu Bakı Yay Enerji Məktəbi öz işinə başlayıb. İyulun 4-dək davam edəcək iki həftəlik məktəbdə intensiv sertifikat proqramı dünyanın müxtəlif ölkələrindən hökumət rəsmilərini, enerji və ətraf mühit sahəsində çalışan peşəkarları və aparıcı akademikləri bir araya gətirib.

Məktəbin açılış mərasimində energetika nazirinin müavini Elnur Soltanov, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və başqaları iştirak ediblər.

Mərasimdə çıxış edən ADA universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, Bakı Yay Enerji Məktəbinin fəaliyyət göstərdiyi dövr ərzində burada minlərlə xarici və azərbaycanlı mütəxəssislər iştirak edib. Onun sözlərinə görə, bu il proqramda 15 ölkədən 47 nəfər təmsil olunur ki, onların da sırasında Azərbaycanla yanaşı, Cənub Qaz Dəhlizi boyunca yerləşən ənənəvi ölkələr – Bolqarıstan, Yunanıstan, Xorvatiya, Qazaxıstan, Türkiyə və İtaliya ilə yanaşı, Çili, ABŞ, Vyetnam, Almaniya, Böyük Britaniya, Pakistan və İspaniya da var.

Bu proqramın 19 il əvvəl istifadəyə verildiyini xatırladan F.İsmayılzadə vurğulayıb ki, ötən müddətdə minlərlə xarici və azərbaycanlı orta səviyyəli mütəxəssis onun iştirakçısı olub. O qeyd edib ki, Xəzər regionunda bərpaolunan enerji mənbələrinin inkişafı, infrastruktur layihələrinin icrası və Mərkəzi Asiya ilə əlaqələrin yaxşılaşdırılması istiqamətində təşəbbüslər fəal şəkildə həyata keçirilir.

Yay məktəbinin açılışında çıxış edən digər natiqlər Azərbaycanın enerji potensialı, “yaşıl” enerji sahəsində həyata keçirilən tədbirlər, yatırılan investisiyalar, ekologiyanın qorunması və digər aktual məsələlər barədə fikir və mülahizələrini bölüşüblər.

 

Chosen
10
xalqqazeti.az

1Sources