EN

“Qalib nə Tramp, nə Netanyahu, nə də Xameneidir...- Qalib yalnız Uca Allahdır...”

“Çünki Onun gördüklərini, bildiklərini biz insanlar hətta ən güclü dövlət liderləri də bilə bilməz, görə bilməz... Çünki biz insanlar dünyada baş verənlərin yalnız zahirini qismən görür, zahiri mənasını qismən duyuruq, batinini, zahirini isə ümumiyyətlə bilmirik...”
 
“(Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu (batini mənası) budur!..”- Qurani-Kərim, əl-Kəhf, 82)
 
12 gün öncə həm heç bir beynəlxalq hüquq prinsipinə, ciddi fakta əsaslanmadan, rəsmən müharibə elan etmədən İrana təcavüz əmri verən İsrail baş naziri Netanyahu, həm həmin təcavüzdən müdafiə olunan İranın ali dini lideri Xamenei, həm də bu savaşda İsraili dəstəkləyən ABŞ lideri Tramp özlərini haqlı sayırdılar. Bu gün isə hələlik kövrək atəşkəs əldə olunduqdan sonra yenə adları sadalanan hər bir lider özünü və öz dövlətini qalib sayır... Dünən axşamdan Tehranda da, Təl-Əvivdə də “qələbə”lərini qeyd edirlər... 
 
Fəqət, Trampla Netanyahu bilməsə də, guya ölkəsini də, İranın dünya ölkələri ilə bağlı siyasətini də Quranla idarə edən Xamenei bilməlidir ki, qalib heç kəs deyil, Qalib yalnız Uca Allahdır... Hər şey Onun izni ilə baş verdi: İrana hücum da, ölkədə yüzlərlə dinc insanı ölməsi də, Trampın bu ölkənin nüvə obyektlərinin  bombalanması verməsi əmrini verməsi də, İranın İsrailə yüzlərlə raket atması və nəticədə orada dinc insanların həlak olması da, nəhayət, Trampın çağırışı ilə atəşkəs əldə edilməsi də və s.
 
Kimin haqlı olmasına gəldikdə isə bu 12 günlük savaşda heç bir lider haqlı deyil. Özünün əli bəzi rəqəmlərə görə 55 minə yaxın dinc qəzzalı, fələstinli insanın, körpənin, qadının, qocanın qanına batmış və rəsmən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən cinayətkar elan edilərək axtarışa verilmiş Netanyahu(hələ öz dövlətinə, xalqına qarşı cinayətləri demirik) öncə dediyimiz kimi, heç bir beynəlxalq hüquq prinsipinə, ciddi fakta əsaslanmadan, rəsmən müharibə elan etmədən İrana təcavüz edirsə, orada da yüzlərlə dinc insanın qanını tökür, dövlət adamlarına qarşı terror edirsə, necə haqlı ola bilər. Təcavüzdən müdafiə olunmaq baxımından haqlı olan Xamenei isə on illərlə İslam dinindən, Allahın, Peyğəmbərimizin(ə.s.) adından sui-istifadə edərək İran xalqını səfalət içində, hüquqsuz bir şəkildə idarə edirsə, əvəzində milyardları xarici ölkələrdəki proksi qüvvələrə, terror qruplarına xərcləyərək yenə də müxtəlif məkanlarda dinc insanların qətlinə şərait yaradırsa və ölkəsinə hücuma rəvac verirsə, necə haqlı ola bilər?..
 
Yaxud Tramp(hələ öz ölkəsi daxilindəki cinayətləri və Ukraynanı işğal edən Putinə faktiki dəstək verməsini demirik) iki ilə yaxındır Qəzzada, Fələstində on minlərlə dinc insana qarşı soyqırımı aparan İsrail lideri Netanyahuya dəstək verirsə, necə haqlı ola bilər? Elə əslində ən haqsızı odur...
 
Bu 12 gün ərzində müşahidə etdim, İran və İsraildə olduğu kimi Azərbaycanda da bəhs edilən savaşla bağlı bir çox haqsız, ədalətsiz, yanlış və populist mövqelər ifadə olundu. Bir qism əhalisinin azı yarısı soydaşlarımız olan və bütün hallarda müsəlman ölkəsi sayılan İrana qarşı İsrail və Amerikanın raket zərbələrinə, onun general və alimlərinin öldürülməsinə görə sevindi, İsraili alqışladı, digər qism isə İranda İslama zidd siyasət yürüdən teokratik molla rejiminin İsraildə nəinki hərbi obyektləri, dinc insanları raket atəşinə tutmasına şadlandı, buna dəstək verdi, digər bir qism isə bəzisi səmimi olaraq, digərləri isə özlərinə diqqət cəlb etmək üçün artıq “İranı parçaladılar”, “Güney Azərbaycanı  Quzeyə birləşdirib Bütöv Azərbaycan, hətta Turan qurdular” və s. Nə yazıqlar ki, İsrail-İran savaşına çox az insan haqlı münasibət nümayiş etdirdi...
 
Yalnız onu deyim ki, bu iki həftə ərzində biz Azərbaycan vətəndaşlarının ümumiyyətlə dinc insanların qırğınını durdurmaq tələbi ilə yanaşı, İran ərazisindəki soydaşlarımızın da İsrail bombardımanından və digər mümkün təhdid və təhlükələrdən müdafiəsi üçün həm İsrail, həm İran, həm də öz dövlətimizdən mümkün tədbirlər görmək tələbi haqlı idi və bundan sonra da haqlı olacaq...
 
Əsil Haqlı olan və kimin haqlı, kimin haqsız, nəyin ədalətli, nəyin ədalətsiz olduğunu bilən və gerçək Qalib isə yalnız Allahdır. Çünki Onun gördüklərini, bildiklərini biz insanlar hətta ən güclü dövlət liderləri də bilə bilməz, görə bilməz... Çünki biz insanlar dünyada baş verənlərin yalnız zahirini qismən görür, zahiri mənasını qismən duyuruq, batinini, zahirini isə ümumiyyətlə bilmirik... Rəbbimiz isə bunların hamısını bilir... Odur ki, Trampa da, Netanyahuya da, “Quranın əlindən düşmədiyi” deyilən Xamneiyə də  Qurani-Kərimin əl-Kəhf surəsinin 65-82-ci ayələrini diqqətlə oxumağı tövsiyə edərdim:  
 
“...65 
(Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy, yaxud ilham və kəramət) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar.
66
Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?”
67
(Xızır) belə cavab verdi: “Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən. (Sənin onlara səbrin çatmaz, çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün mən zahirən qadağan olunmuş bir iş gördükdə ona etiraz edib əleyhimə çıxacaqsan).
68
Axı sən bilmədiyin (batininə, mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?
69
(Musa) dedi: “İnşallah, səbrli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!”
70
(Xızır: ) “Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!” – dedi.
71
Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman (Xızır) onu deşdi (gəminin bir-iki taxtasını sındırıb çıxartdı). (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, (günahı) böyük bir şey etdin (olduqca çirkin bir iş gördün)”.
72
(Xızır) belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə bir yerdə olanda (görəcəyim işlərə) əsla dözə bilməzsən?”
73
(Musa) dedi: “Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə (sənə tabe olmaqda) çətinliyə salma!”
74
Yenə getdilər, nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) dərhal onu öldürdü. (Musa) dedi: “(Heç bir günah iş tutmayan, buna görə də qisasa layiq olmayan) pak (məsum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin (çox pis bir iş gördün)”.
75
(Xızır) yenə belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə birlikdə olanda (edəcəyim əməllərə) əsla dözə bilməzsən?
76
(Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. (Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün) sən artıq mənim tərəfimdən üzrlüsən (məni atıb getməyə haqqın vardır)”.
77
Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək (Musaya və Xızıra yemək vermək) istəmədi. Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd (çörək pulu) alardın. . .”
78
(Xızır) dedi: “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. (Zahirən naməqbul olduğunu gördüyün üçün) dözə bilmədiyin şeylərin yozumunu (batinini, iç üzünü) sənə xəbər verəcəyəm!
79
Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında (yaxud qabağında) hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi.
80
Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. (Mən onun alnına baxıb gördüm ki, həddi-buluğa yetişəndə kafir olacaq) buna görə də biz (onun böyüyəndə) ata-anasını da (öz arxasınca) azğınlığa və küfrə sürükləməsindən qorxduq.
81
Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.
82
Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh (bir adam) idi. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. (Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim). Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu (batini mənası) budur!” 
 
Sultan Laçın   
 
Chosen
20
50
moderator.az

10Sources