EN

Paşinyan Türkiyə ilə əlaqələrə üstünlük verir ŞƏRH

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Baş nazirin İstanbula səfəri ölkədəki siyasi təzyiqlər fonunda baş verir

Həsrət Rüstəmov: "Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması Azərbaycanın da maraqlarına uyğundur"

“İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla ətraflı söhbətim oldu”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb. Nikol həmçinin bildirib ki, tərəflər münasibətlərin normallaşma prosesini, regional inkişafı və daimi dialoqun vacibliyini vurğulayıblar. Paşinyanın verdiyi mesaj isə budur: 

“Ermənistan bölgəmizdə sülh və sabitliyin qurulmasına sadiq qalır”. Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin məlumatında da vurğulanıb ki, Prezident Ərdoğanla Paşinyanın görüşündə müzakirələr ikitərəfli münasibətlərin normallaşması və Cənubi Qafqazda dialoqun irəliyə doğru aparılması istiqamətlərini əhatə edib. Tərəflər Türkiyə və Ermənistan arasında mövcud təmasları, eləcə də normallaşma prosesi çərçivəsindəki növbəti perspektivləri nəzərdən keçiriblər. Xüsusi diqqət Bakı və İrəvan arasında sülh danışıqları nəticəsində əldə olunmuş razılaşmalara yönəlib. Ərdoğan bildirib ki, Ankara qarşılıqlı fayda prinsipləri əsasında regionun inkişafını hədəf seçən təşəbbüsləri dəstəkləmək kursunu davam etdirəcək. Ərdoğan Paşinyanla görüşdə həmçinin qeyd edib ki, ölkəsi regionda sabitliyi möhkəmləndirmək üçün bütün diplomatik kanallardan yararlanır. 

Siyasi şərhçi Həsrət Rüstəmov deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri, şübhəsiz ki, ilk növbədə Türkiyənin bizim bölgədəki siyasi gücü və proseslərə təsir imkanları ilə bağlıdır. Analitik hesab edir ki, eyni zamanda bu səfər son dövrdə regionda baş verən hadisələrlə, xüsusilə də İran, İsrail-ABŞ münaqişəsi və Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistanı Türkiyə ilə əlaqələri yaxşılaşdırmağa, dostlaşmağa vadar edən digər səbəblərdən qaynaqlanır: 

"Heç kimə sirr deyil ki, həm Rusiya, həm də İran rəsmi İrəvanın ciddi dəstəkçisi və tərəfdaşı olaraq bölgədə siyasət yürüdürlər və onların hər ikisinin öz başının hayında olduğu indiki zamanda Ermənistana başqa bir regional güclə münasibətləri düzənə qoymaq çox vacibdir. Bunlardan başqa Paşinyanın özünün də ölkəsindəki siyasi vəziyyəti ürəkaçan deyil, ruspərəst müxalifət və kilsə tərəfindən olan təzyiqlər güclənməkdədir. Bu vəziyyətdə Türkiyə ilə yaxşı münasibətlər Ermənistana həm iqtisadi, həm də siyasi baxımdan olduqca vacibdir".

H.Rüstəmov əlavə edib ki, Türkiyə-Ermənistan arasında münasibətlərin yaxşılaşması bizim də maraqlarımıza uyğundur: "Türkiyənin liderliyi ilə bölgəmizdə davamlı sülh və əməkdaşlığın əldə edilməsi Azərbaycanın da maraqlarına cavab verir. Paşinyanın Ərdoğanla görüşə getməsi və Türkiyə prezidentini ölkəsinə rəsmi dəvət etməsi, şübhəsiz ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə müsbət təsir edəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
3
sherg.az

4Sources