EN

İran-İsrail müharibəsi nə vaxt bitəcək?

İran və İsrail arasında baş verən son qarşıdurmalar müharibə təhlükəsini gündəmə gətirib. Atəşkəs razılaşmaları olsa da, tərəflər bir-birini hücumları davam etdirməkdə ittiham edir. Bəs iki ölkə arasında müharibə nə vaxta qədər davam edə bilər? Politoloq Asif Nərimanlı Metbuat.az-a açıqlamasında bildirib ki, tərəflər hələ də nə atəşkəsə, nə də sülhə hazır deyillər: “Elə görünür ki, atəşkəs məsələsi daha çox Trampın təktərəfli qərarına əsaslanır. Əslində, Amerikanın məqsədi müharibənin genişlənməsinin qarşısını almaqdır. Tramp administrasiyasının İrana birbaşa zərbə endirməsi ciddi mənfi nəticələrə səbəb ola bilərdi. Amma xüsusən İranla bağlı gərgin münasibətlər fonunda ABŞ İran rejiminə bir növ “dərs vermək” məqsədilə müəyyən zərbələrə şərait yaratdı. ABŞ isə açıq şəkildə bu prosesin genişlənməsini istəmədiyini göstərdi. İranın ABŞ hərbi bazasına endirdiyi zərbə də daha çox simvolik xarakter daşıyırdı və nəticə etibarilə prosesin yekunlaşdığı kimi qiymətləndirilirdi”. A.Nərimanlının sözlərinə görə, müharibənin bitməsi və regiona sülhün gəlməsi mövcud şərtlər daxilində çətin görünür: “Müharibə başladıqdan bəri hər iki tərəfin konkret hədəfləri var. Əsas hücum edən tərəf İsraildir və minimum hədəfi İranın nüvə arsenalını və raket proqramını sıradan çıxarmaq, eyni zamanda proksi qüvvələrə dəstəyi dayandırmaq idi. ABŞ-İran nüvə danışıqlarında da bu şərtlər irəli sürülmüşdü. Lakin İran bu şərtləri qəbul etmədi. Bu baxımdan İsrailin hücumları İranı danışıqlar masasında təslim aktına imza atmağa məcbur etmək məqsədi daşıyırdı. Sonradan isə İran rejiminin dəyişdirilməsi məsələsi gündəmə gəldi. Amma bu qədər genişmiqyaslı hücuma, xüsusən İranın hərbi rəhbərliyinin sıradan çıxarılmasına baxmayaraq, rejimin təslim olacağı ehtimalı zəiflədi. Çünki rejimin təslim olması faktiki olaraq onun məhv edilməsi deməkdir. Əvvəldən bəlli idi ki, rejim bütün hətta radikal addımlara əl ataraq maksimum dərəcədə sona qədər dirənməyə çalışacaq. Bu isə ümumilikdə regionda daha genişmiqyaslı müharibə riskini artırır. Bu baxımdan Amerikanın bu prosesi sakitləşdirməyə yönəlmiş addımı bir gediş kimi qəbul edilə bilər”. Politoloq qeyd edib ki, bu prosesdə yeganə çıxış yolu tərəflərdən birinin təslim olmasıdır: “Burada söhbət əsasən İranın təslim olmasından gedir. Çünki hədəf olaraq İran seçilib və təhlükə kimi qəbul olunur. İran rejimi isə təslim olmur. Son proseslər göstərir ki, atəşkəslə bağlı yayılan xəbərlərə baxmayaraq, İranda nə qədər zəifləsə də, hələ də rejimin müəyyən resursları mövcuddur. Eyni zamanda görünür ki, nə hakimiyyətin dəyişdirilməsi, nə də İranın tamamilə neytrallaşdırılması məsələsi ilə bağlı böyük güclər, xüsusən ABŞ tərəfindən yekun qərar verilməyib. Çünki İran hakimiyyətinin dəyişməsi və ya ölkənin parçalanması ssenarisinin region üçün hansı nəticələr doğuracağını proqnozlaşdırmaq çətindir. Xüsusilə Suriya məsələsində əldə olunan təcrübə fonunda bu cür ssenarilərə daha ehtiyatlı yanaşılır”. Tərəflərdən birinin təslim olunmadığı müddətcə hücumların davam edəcəyini vurğulayan A.Nərimanlı onu da əlavə edib ki, müharibənin həlli İran hakimiyyətinin devrilməsi ilə də mümkün ola bilər: “Ya İran hakimiyyəti devrilib yeni rəhbərlik İsrailin və Amerikanın sisteminə uyğun bir razılaşma əldə etməlidir, ya da mövcud rejim tam şəkildə təslim olub bu şərtləri qəbul etməlidir. Amma qeyd etdiyim kimi, bu şərtləri qəbul etmək İran rejimi üçün məhv olmaq anlamına gəlir. Ona görə də təslim olmurlar. Bu isə o deməkdir ki, bu proses daha uzunmüddətli ola bilər. Hətta zaman-zaman tərəflər – Amerika və İran danışıqlar masasına qayıtsa da, bu hələ yekun həll demək deyil. Bu səbəbdən qarşıdakı dövrdə həm diplomatik, həm də hərbi müstəvidə prosesin daha aktiv fazasını müşahidə edə bilərik. Yəni, həm qarşılıqlı hərbi hücumlar ola bilər, həm də diplomatik danışıqlar aparıla bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
33
50
metbuat.az

10Sources