24 iyun 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirilmişdir
Konfransda Masallı rayon İcra Hakimiyyətinin başçısı aparatının şöbə müdirləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr, eləcə də rayonun ağsaqqalları, ziyalıları və bələdiyyələr iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyətinin başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən Nahid Həsənov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli”ndə ictimaiyyətin diqqət mərkəzində dayanan ən aktual mövzulardan biri Azərbaycanın dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, onun müstəqillik və suverenlik yolunda misilsiz xidmətləri ilə bağlıdır.
Hər bir xalqın müstəqillik və suverenlik uğrunda, işıqlı gələcək naminə apardığı şərəfli mübarizə yolu vardır. Xalqımız öz zəngin dövlətçilik ənənələrini, mənəvi dəyərlərini, milli kimliyini qoruyub saxlamış, nəsildən-nəslə ötürmüş, azadlıq və müstəqillik arzularını gerçəkləşdirməkdən çəkinməmişdir.
Konstitusiyamızın bəyan etdiyi prinsiplərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu zamanda geriyə baxarkən keçdiyimiz inkişaf yolunun, Ulu Öndərimiz Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin qüdrətli bir dövlət səviyyəsinə yüksəltdiyi bugünkü Azərbaycanın əzəmətini daha aydın görürük.
Sonra Masallı rayon İcra Hakimiyyətinin başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Azər Bəhmənov bildirmişdir ki, Yeni Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi, 1995-ci il noyabrın 27-də isə qüvvəyə mindi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanıb.
1995-ci ildə Əsas Qanunun qəbul edilməsi müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Yeni Konstitusiyanın qəbulu eyni zamanda, ölkəmizin inkişafının prinsipcə tamamilə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla, müstəqillik illərində əldə olunan nailiyyətlərin hüquqi fundamenti qismində çıxış edib.
Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Sənan Sadıqov, RİHB-nın Türkoba kənd İƏD üzrə nümayəndəsi Leyla Əzizova, Sığdaş kənd İƏD üzrə nümayəndəsi Babək Məmmədov çıxış edərək bildirdilər ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk dövründə Azərbaycanın gələcək uğurlu inkişafının ideoloji əsaslarını dəqiq müəyyənləşdirib, Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib və əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq, ölkəsini tənəzzüldən çıxarıb və tərəqqiyə qovuşdurub.
Dövrün bu dahi şəxsiyyətə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində o, tarixi hadisələrin gedişini öncədən görə bilib, Azərbaycanın dünəni, bu günü və sabahı üçün olduqca mühüm önəm daşıyan qərarlar qəbul edilən zaman düzgün mövqe tutub, qətiyyətlə hərəkət edib. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji onun bəyanat və çıxışlarında, qərarlarında, mürəkkəb vəziyyətlərdə atdığı addımlarda həmişə ona uğur və nüfuz gətirib.