Bakı Ağır Cinayətlər Məhkəməsi Karlov universitetinin (Praqa) siyasi elmlər fakültəsinin doktorantı Bəhruz Səmədovu dövlətə xəyanətdə təqsirli bilib və 15 il müddətinə həbs qərarı verib – əslində Ermənistan sakinləri ilə məktublaşmaya və müharibə əleyhinə ictimai mövqeyinə görə.
İstintaqın versiyasına görə, gənc alim Ermənistan xüsusi xidmət orqanlarının sifarişi ilə Azərbaycan hakimiyyətini tənqid edən məqalələr yazıb və tərcümə edib.
Lakin məhkumun özü bunu ardıcıl olaraq və qəti şəkildə inkar edir, onun müdafiəçisi isə ittihamların yalnız Bəhruzdan müsadirə edilmiş üç erməni qadınla yazışmalara əsaslandığını bildirir.
"Amma bu yazışmada "dövlətə xəyanət" cinayətini təşkil edən heç nə yoxdur, - onun vəkili Zibeydə Sadıqova bildirib. - Orada hansısa dövlət əhəmiyyətli məsələ ilə bağlı Səmədova tapşırıq verildiyi və Bəhruzun bu tapşırığı yerinə yetirdiyini göstərən heç nə yoxdur".
Eyni zamanda, məhkum edilmiş politoloqun müdafiəçilərinin sözlərinə görə, Səmədov vətənində Azərbaycan hakimiyyətini kəskin tənqid etməsi və xarici nəşrlərdə bunu açıq şəkildə ifadə etməsi ilə tanınır.
Müdafiə tərəfi iddia edir ki, həbsin əsl səbəbi alimin müharibə əleyhinə fikirləri olub və bu, "iş materiallarında da öz əksini tapıb".
BBC ötən ilin avqustunda Səmədovun Bakıya tətilə gəldiyi zaman əvvəlcə yoxa çıxması və tezliklə həbs olunduğu və ona qarşı cinayət işi ilə bağlı məlumat vermişdi.
Sonradan məlum olub ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) azərbaycanlı politoloqun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsini iddia edib. Ona dövlətə xəyanət maddəsi üzrə iş açılıb.
Apreldə, altı aydan çox istintaq təcridxanasında qaldıqdan sonra, Səmədov Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edərək, Ermənistan xüsusi xidmət orqanları ilə heç bir əməkdaşlıq olmadığını rəsmən təsdiqləməyi ondan xahiş edib.
Azərbaycanın Cinayət Məcəlləsində dövlətə xəyanətə görə 12 ildən 20 ilədək, bəzi hallarda isə ömürlük həbs cəzası nəzərdə tutulur. DTX hakimdən Səmədovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Nənəsi Zibeydə Osmanovanın jurnalistlərə verdiyi məlumata görə, iyunun 19-da Bəhruz Səmədov prokurorluğun onun üçün tələb etdiyi müddəti öyrəndikdən sonra təcridxanada quru aclıq aksiyası elan edib.
"Kavkazskiy uzel" nəşri xəbər verir ki, buna reaksiya olmadıqda, iki gün sonra, ötən şənbə günü Səmədov istintaq təcridxanasında intihara cəhd edib.
Yerli media yazıb ki, o, son anda dustaq yoldaşı tərəfindən xilas olub.