EN

İsrail-İran münaqişəsi: İki ölkənin ekspertləri on iki günlük müharibənin nəticələrini dəyərləndirib - TƏHLİL

İsrail və İran arasında 12 gün davam edən intensiv hərbi qarşıdurmada bu gün atəşkəs əldə olundu. Gərginlik iyunun 13-də İsrailin İranın strateji nüvə və hərbi obyektlərinin hədəfə alması ilə başlamışdı. İsrail Hərbi Hava Qüvvələrinin ilk zərbələri ilə İranın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarılıb, SEPAH və Ordu rəhbərləri, nüvə alimləri öldürülüb.

İsrail havada üstünlük qazanaraq İranın nüvə obyektlərini, silah anbarlarını və raket istehsal mərkəzlərini məhv edib.

İran isə cavab olaraq İsrail ərazisinə ballistik və qanadlı raketlərlə hücumlar təşkil edib. Lakin İsrailin "Iron Dome" və digər hava müdafiə sistemləri hücumların böyük hissəsini zərərsizləşdirib. Buna baxmayaraq, hər iki tərəfdən mülki əhali arasında itkilər qeydə alınıb.

The

İyunun 22-də - qarşıdurmanın 9-cu günündə ABŞ da münaqişəyə qoşulub. ABŞ 6 ədəd “B-2” bombardmançı təyyarəsi ilə İranın Fordo nüvə obyektini sığınacaq əleyhinə 12 bomba ilə vurub. Natanz nüvə obyektinə isə 2 bomba atılıb. Eyni zamanda sualtı qayıqlardan Natanz və İsfahandakı nüvə obyektinə 30 qanadlı raketlə zərbələr endirilib.

İran buna cavab olaraq ABŞ-ın Qətərdəki bazasına raketlərlə hücum etsə də, raketlər havada zərərsizləşdirildi. Bunun ardınca isə iyunun 24-də Tramp İran və İsrail arasında atəşkəs əldə olunduğunu açıqladı.

“İsrail İranın müdafiəsini iflic etdi”

Михаил

İsraillə İran arasında münaqişəni APA-ya şərh edən israilli analitik, şərqşünas və jurnalist Mixael Borodkin bildirib ki,

İsrail 12 günlük müharibədə İranın müdafiəsini iflic edərək, əsas strateji hədəfləri dəqiqliklə məhv edib: İsraillə İran arasında on iki günlük müharibə zamanı İsrail həm hərbi, həm də kəşfiyyat sahəsində qeyri-adi imkanlara malik olduğunu nümayiş etdirdi. Əməliyyat İranın hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması və onun silahlı qüvvələrinin faktiki olaraq "başsız" vəziyyətə salınması ilə başladı ki, bu da İsrail aviasiyasına İran səmasında üstünlük əldə etməyə şərait yaratdı. Bundan sonra elan olunmuş hədəflərin - nüvə obyektləri, hərbi bazalar, silah anbarları, eləcə də İran rejiminin simvolik obyektlərinin planlı şəkildə məhv edilməsi həyata keçirildi. İran cavab zərbələri endirməyə cəhd etdi, lakin bu zərbələr istər İsrailin İranın raket potensialını öncədən zəiflətməsi, istərsə də İsrailin raketdən müdafiə sistemlərinin effektiv fəaliyyəti nəticəsində çox da təsirli olmadı. Bununla belə, məlumdur ki, heç bir müdafiə sistemi yüz faiz zəmanət vermir və tam müdafiə təmin etmir”.

“İran ABŞ və İsrailin təxribat planlarını puça çıxardı"

Azərbaycan-İran

İrandan olan siyasi analitik Qaem Məqami isə APA-ya açıqlamasında bildirib ki,İsrailin hücumları İranda daxili qarışıqlıq yaratmağı hədəfləsə də, İran xalqının milli həmrəyliyi bu planları puç etdi: Müharibənin ilk günündə, daha dəqiq ilk gecəsində İran Silahlı Qüvvələrinin və İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bir sıra yüksək rütbəli komandirləri evlərində hədəfə alınaraq şəhid edildi. Bu qətllərin İran ərazisinə sızdırılmış Mossad agentləri və onların tərkibində olan İran, Əfqanıstan və Hindistan mənşəli şəbəkələr tərəfindən həyata keçirildiyi bildirilir. Həmin qruplar ölkə daxilində fəallıq göstərərək hədəfli qətllərlə İran hərbi rəhbərliyinə ağır zərbə vurdu. Bununla belə, İran qısa müddətdə toparlanaraq növbəti gecə İsrailə qarşı genişmiqyaslı raket hücumlarına başladı. Tel-Əviv də daxil olmaqla bir neçə şəhər intensiv şəkildə hədəfə alındı və ciddi dağıntılar qeydə alındı. ABŞ və İsrailin bu hərbi əməliyyatdakı əsas məqsədi İranda xaos və qeyri-sabitlik yaratmaq, xalqı çaşqın və ümidsiz duruma salmaq idi. Bununla yanaşı, daxildə fəaliyyət göstərən separatçı və terrorçu qrupları aktivləşdirərək ölkə daxilində qarşıdurmalar və vətəndaş qarşıdurması yaratmaq planlaşdırılırdı. Lakin bu planlar gözlənilən nəticəni vermədi. Əksinə, İran xalqı bütün bölgələrdə bir araya gələrək milli həmrəylik və birlik nümayiş etdirdi. Beləliklə, ABŞ və İsrailin planlaşdırdığı bu təxribatçı strategiyalar nəticə vermədi və iflasa uğradı”.

İsrail və ABŞ 12 günlük müharibə zamanı İranın nüvə obyektlərinin məhv edildiyini və əsas hərbi məqsədə nail olunduğunu bəyan edib. İran isə bu iddiaları rədd edərək, obyektlərin əvvəlcədən yerinin dəyişdirildiyini və hücumların strateji nəticə vermədiyini bildirir. Tərəflər arasında bununla bağlı iddialar ziddiyyətlidir.

“İsrail strateji hədəflərə çatdı”

Israel-Iran

İsrailli siyasi ekspertin sözlərinə görə İranın nüvə və raket obyektlərinin vurulması ilə İsrail hədəflərinə nail olub: “İsrail hökuməti keçirdiyi hərbi əməliyyatın bütün əsas hədəflərinə nail olunduğunu rəsmən bəyan edib. Bu açıqlama İsrailin siyasi və hərbi dairələrində əməliyyatın uğurlu hesab edildiyini göstərir. Əgər bu bəyanata inanırıqsa, bu o deməkdir ki, İsrailin hərbi və kəşfiyyat strukturları artıq İranın nüvə proqramının ölkənin milli təhlükəsizliyi və mövcudluğu üçün birbaşa təhdid təşkil etmədiyi qənaətinə gəliblər. Əməliyyat çərçivəsində İranın strateji nüvə obyektlərinin böyük bir hissəsinin ya tamamilə məhv edildiyi, ya da ciddi şəkildə sıradan çıxarıldığı bildirilir. Hədəf alınan infrastruktura uranın zənginləşdirilməsi müəssisələri, raket buraxılış sistemləri və yeraltı obyektlər daxildir. Bundan əlavə, İranın atom proqramına rəhbərlik edən bir neçə əsas fiqurun zərərsizləşdirildiyi, eləcə də raket və pilotsuz uçuş aparatları proqramının da ciddi zərbə aldığı qeyd olunur. İsrail rəsmilərinə görə, bu əməliyyat ölkənin strateji təhlükəsizliyini təmin etməklə yanaşı, bölgədəki güc balansını da yenidən qurmaq məqsədi daşıyırdı”.

Nüvə obyektlərinin yeri dəyişdirilib?

In

İranlı ekspert isə nüvə mərkəzlərinin yeri dəyişdirildiyi üçün İsrailin məqsədlərinə nail olmadığını deyir: ABŞ və İsrail rejimi İranın nüvə proqramını tamamilə sıradan çıxarmağı qarşılarına əsas məqsəd kimi qoymuşdu. Eyni zamanda, İranın raket istehsalı mərkəzlərini və texnoloji potensialını da məhv etməyi planlaşdırırdılar. Bu planların əsas hədəfi İranın hərbi gücünü zəiflətmək və onu strateji baxımdan müdafiəsiz duruma salmaq idi. Nəticə etibarilə, belə bir zəifləmə İran üzərində siyasi və hərbi təzyiqləri artırmaq, hətta ölkə daxilində sabitliyi pozmaq məqsədi daşıyırdı. İddialara görə, bu prosesin son məqsədi İranı bir neçə hissəyə bölmək və ərazi bütövlüyünü sarsıtmaq idi. Lakin bu planlar gözlənilən nəticəni vermədi, əksinə, ciddi strateji və maddi uğursuzluqlarla müşayiət olundu. Sionist İsrail rejimi və ABŞ İranın 300-dən çox bölgəsini bombalayacağını bəyan etmişdi. Əvvəlcə İranın hərbi komanda mərkəzlərinə, sonra isə yaşayış məntəqələrinə genişmiqyaslı hücumlar başladı. Altı xəstəxana bombalandı, onlarla tibb işçisi və mülki şəxs həlak oldu. Tehranda dövlət televiziya binası dağıdıldı, iki jurnalist şəhid oldu. Alimlər və ailələri də qətlə yetirildi. Bütün bunlar hücumların, əsasən ,mülki əhaliyə yönəldiyini göstərir. İran isə cavab olaraq yalnız İsrailin hərbi və texnoloji obyektlərini hədəfə aldı. Raket zərbələri nəticəsində İsrailin hava limanları və texnoloji mərkəzlər dağıdıldı. Müxtəlif mülki təyyarələr Yunanıstana təxliyə olundu. ABŞ isə İranın nüvə proqramını sıradan çıxarmaq məqsədilə İsfahan, Fordo və Qumdakı nüvə obyektlərini bombalasa da, İran bu mərkəzləri əvvəldən boşaltdığı üçün ciddi nəticəyə nail olmadı. İran da buna cavab olaraq ABŞ-ın Qətərdəki hərbi bazasına zərbə endirdi”.

ABŞ-ın İsrail-İran müharibəsində iştirakı münaqişənin gedişatına mühüm təsir göstərdi. Vaşinqton tərəfindən təqdim olunan kəşfiyyat məlumatları, hava hücumundan müdafiə sistemləri və logistik dəstək İsrailin hərbi əməliyyatlarının effektivliyini artırdı. Bu, İranın cavab imkanlarını məhdudlaşdırdı və qarşıdurmanın dinamikasını dəyişdi.

ABŞ-ın müdaxiləsi İranı atəşkəsə razı saldı

US

Mixael Borodkinnin fikrincə, ABŞ-ın müdaxiləsi Tramp Administrasiyasının güc siyasətini təsdiqlədi və İranı atəşkəsə razı salan əsas amillərdən biri oldu, lakin bu, İran təhlükəsini yalnız müvəqqəti olaraq zəiflədə bilər: ABŞ-ın bu müharibədə iştirakı göstərdi ki, Prezident Donald Trampın verdiyi ultimatumlar nəzərə alınmalıdır. O, lazım gəldikdə güc tətbiqindən çəkinmir, ABŞ ordusunun hərbi imkanları hələ də qlobal miqyasda üstünlük təşkil edir. Bu faktor, ehtimal ki, İranın atəşkəsə razılaşmasında və döyüşlərin dayandırılmasına yönəlməsində mühüm rol oynadı. Bununla belə, diqqətçəkən əsas məqam budur: hətta ən uğurlu hərbi əməliyyat belə İran təhlükəsini yalnız müvəqqəti azalda bilər. Problemin davamlı həlli üçün diplomatik yanaşmalar da zəruridir”.

Qaem Məqami isə ABŞ-ın İsrailin İrana qarşı başladığı müharibəni həm siyasi, həm də hərbi-strateji baxımdan açıq şəkildə dəstəklədiyini, onu birbaşa və dolayısı ilə buna təşviq edən əsas gücə çevrildiyini bildirib: “Amerika Birləşmiş Ştatları sionist işğalçı rejimin formalaşmasına şərait yaratmaqla yanaşı, onun İrana qarşı bu müharibəni başlamasını və hücumlarını da dəstəklədi. ABŞ bu prosesdə həm hərbi-strateji, həm də siyasi cəhətdən İsraili açıq şəkildə müdafiə etdi. Tramp da çıxışında açıq şəkildə bildirdi ki, İsrail “çox faydalı və böyük işlər görüb””.

İranın Qətərə simvolik zərbəsi

CROSSMEDIA

12 gün davam edən intensiv hərbi qarşıdurmadan sonra İsrail və İran arasında atəşkəs elan olundu. Lakin atəşkəsin nə qədər davamlı olacağı, tərəflərin bu razılaşmaya nə dərəcədə sadiq qalacağı hələ də qeyri-müəyyəndir. Tərəflər arasında qarşılıqlı inamsızlıq və strateji ziddiyyətlər bu sualın açıq qalmasına səbəb olur.

İsrailli siyasi ekspert qeyd edib ki, İranın Qətərdəki ABŞ bazasına endirdiyi simvolik zərbə və mümkün eskalasiyadan yayınma cəhdi Tehranın atəşkəsə razı olduğunu göstərir və əgər İsrail də məqsədlərinə çatdığını hesab edirsə, danışıqlar prosesi başlandığı təqdirdə atəşkəsin davamlı olması mümkündür: Dünən İran ABŞ-ın Qətərdə yerləşən hərbi bazasına cavab zərbəsi endirdi. Bu hücum daha çox simvolik xarakter daşıyırdı və praktiki olaraq ciddi nəticələr vermədi. Müşahidələrə görə, iranlılar bu zərbələr barədə ya birbaşa, ya da dolayı yolla ABŞ tərəfini əvvəlcədən məlumatlandırmışdı. Bu isə ehtimal olunan qurbanların və münaqişənin daha da dərinləşməsinin qarşısını almaq məqsədi daşıyırdı. Tehran bu yolla eskalasiyaya getmək niyyətində olmadığını nümayiş etdirdi, atəşkəsə razı olduğunu göstərdi. Tehran bununla, həmçinin, danışıqlar masasına qayıtmağa hazır olduğunu nümayiş etdirdi. Əgər İsrail hökuməti bəyan etdiyi kimi, qarşıya qoyduğu hərbi və strateji hədəflərə nail olduğunu düşünürsə, İran da mövcud atəşkəs rejiminə sadiqliyini qoruyarsa, tərəflər arasında razılaşma qüvvədə qala bilər. Xüsusilə, danışıqlar prosesinin başladığı və ya diplomatik təmasların aktivləşdiyi bir şəraitdə atəşkəsin davam edəcəyi ehtimalı daha yüksək görünür. Bu, həm regional sabitlik, həm də münaqişənin diplomatik yolla həlli üçün mühüm fürsət ola bilər”.

İsrailin atəşkəsə əməl edəcəyi inandırıcı deyil

Iran

İranlı ekspert isə İsrailin atəşkəsə əməl edəcəyinin inandırıcı olmadığını, yaxın gələcəkdə atəşkəsin pozulması ehtimalının yüksək olduğunu bildirib.

Atəşkəs məsələsində nə İsrail rejiminə, nə də ABŞ-a etibar etmək mümkündür. Tarix boyu bu rejim dəfələrlə atəşkəsi pozaraq hərbi əməliyyatları yenidən başladıb, müxtəlif ölkələrdən, xüsusilə ABŞ, Fransa və Almaniyadan yeni silah və bombalar əldə edib. Bu səbəbdən İran açıq şəkildə bəyan edib ki, atəşkəs pozularsa, İsrailin bütün şəhərləri daha dağıdıcı raket zərbələrinə məruz qalacaq, genişmiqyaslı cavab tədbirləri görüləcək. İsrailin əvvəlki davranışları bu xəbərdarlığın səbəbsiz olmadığını göstərir. Məsələn, Qəzzada elan edilmiş atəşkəsə baxmayaraq, İsrail rejimi əməliyyatları dayandırmayaraq 300-dən çox mülki şəxsi qətlə yetirib. Bu hücumlar, əsasən, ABŞ-ın siyasi və hərbi dəstəyi ilə həyata keçirilib, nəticədə Qəzza əhalisinin yaşadığı humanitar faciə daha da dərinləşib. Bir çox qadın, uşaq və günahsız insan həyatını itirib. Bütün bu faktlar göstərir ki, İsrail rejiminin atəşkəsə əməl etməsi real görünmür və yaxın gələcəkdə yeni təxribatların baş verməsi istisna olunmur”, - deyə Qaem Məqami bildirib.

“İranda rejim dəyişməsə, nüvə proqramı tam dayandırılmayacaq"

Iran's

Müharibədən sonrakı mərhələdə İranın nüvə proqramı ilə bağlı hansı kursu seçəcəyi - onun tamamilə dayandırılması, məhdudlaşdırılması və ya daha məxfi formada davam etdirilməsi hələlik qeyri-müəyyən olaraq.

Mixael Borodkin hesab edir ki, İranda rejim dəyişməsə, nüvə proqramının tamamilə dayandırılması ehtimalı az görünür: Böyük ehtimalla, 2015-ci il sazişi kimi yeni razılaşma imzalansa belə, bu, sadəcə təxirə salma effekti verəcək. İran rejimi nüvə proqramını tamamilə dayandırmayacaq, əksinə, onu bərpa etməyə və ya yenidən qurmağa çalışacaq. Sadəcə, bunu daha gizli, daha məxfi şəkildə edəcək. Bu səbəbdən, hazırkı İran rejimindən qaynaqlanan təhdiddən tamamilə qurtulmaq üçün rejimin dəyişməsi istiqamətində iş aparılmalı, İran müxalifəti hakimiyyət dəyişikliyinə yönəlmiş səylərində dəstəklənməlidir. Əgər bu baş verməzsə, rejim dəyişməzsə, İranın nüvə silahı əldə etməkdən imtina edəcəyi real görünmür. Bu halda əldə ediləcək yeganə nəticə bir neçə illik, bəlkə də on illik bir fasilə yaranmasıdır. Lakin bu, yalnız bir pauza olacaq.

İran nüvə və raket istehsalı proqramlarını davam etdirəcək

Qaem Məqami də bütün təzyiqlərə baxmayaraq, İranın nüvə proqramını və raket istehsalını dayandırmayacağını bildirib: Bütün təzyiqlərə baxmayaraq, nə İranın nüvə proqramı, nə də raket istehsalı dayandırılmayacaq. İran rəsmiləri açıq şəkildə bəyan edirlər ki, bu sahələrdə geri çəkilmək niyyətində deyillər və proqramları davam etdirməkdə qətiyyətlidirlər”.

Chosen
399
50
apa.az

10Sources