YEVLAX, 24 iyun. TELEQRAF
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 70 min sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Teleqraf xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Yevlax Suvarma Sistemləri İstismarı İdarəsinin baş mühəndisi Rauf Əliyev bildirib.
Onun sözlərinə görə, gerçəkləşdirilən layihəyə əsasən, Yevlax şəhərində məhsuldarlığı 20 min kubmetr olan içməli sutəmizləyici qurğu, 139 kilometr içməli su şəbəkəsi, 13 minə yaxın abonent birləşməsi, 115 kilometr tullantı su şəbəkəsi və 5 nasos stansiyasının tikintisi planlaşdırılır. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12 min 500 kubmetr olan təmizləyici qurğunun tikintisi də nəzərdə tutulub.
R.Əliyev xatırladıb ki, ötən dövr ərzində şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan sürətli qumsüzgəc texnologiyalı təmizləyici qurğunun tikintisi işləri aparılıb:
"Qurğuda 16 ədəd süzgəc quraşdırılıb, emal prosesindən sonra təmiz suyun toplanması məqsədilə ümumi həcmi 2 min 500 kubmetr olan 2 su anbarı tikilib. Təmizləyici qurğuda zərərsizləşdirmə, əks-yuma prosesinin aparılması üçün xüsusi nasoslar, kompleksin enerji təchizatı məqsədilə transformator və generator qoyulub. Həmçinin uzunluğu 86 kilometr paylayıcı su təchizatı şəbəkəsi inşa olunub, 4 min 230 ədəd ev birləşməsi verilərək sayğac quraşdırılıb".
Qeyd edək ki, Yevlax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri 1950-1960-cı illərdə yaradılıb. Şəhərin ilkin su mənbələri subartezian quyuları və Kür çayı olub. Hazırda istismarda olan 15 subartezian quyusunun imkanları tələbatı ödəmirdi. Quyu zonasından şəhərə çəkilmiş ümumi uzunluğu 27 kilometr olan 2 magistral kəmər dəfələrlə cari və əsaslı təmir edilsə də, dayanıqlı su təchizatına imkan vermirdi. Kür çayından nasoslar vasitəsilə götürülən su ilkin təmizlənərək abonentlərə verilirdi. Şəhərin 191 kilometr uzunluğunda mövcud paylayıcı su şəbəkəsi uzun illər istismar olunaraq yararsız vəziyyətə düşdüyündən tələbatı ödəmirdi.
Xatırladaq ki, iyunun 23-də Prezident İlham Əliyev Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib.