EN

Zakir Nuriyev: "Ölkədəki ödəniş kartlarının 81%-i təmassız ödənişləri dəstəkləyir"

Təmassız ödənişlərin payı 95%-i ötüb.

FED.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bu gün Bakıda keçirilən FINTEX Sammitində çıxış edərək bank sektorunun kapital mövqeyi, mənfəətliyi və nağdsız ödəniş infrastrukturundakı son tendensiyalar barədə ətraflı məlumat verib.

O bildirib ki, 2025-ci ilin ilk 4 ayında banklar 339.8 milyon manat mənfəət və 1.5 milyard manat faiz gəliri əldə edib. Eyni dövrdə bankların cəmi balans kapitalı 10.4% artaraq 7 milyard manat həddinə çatıb.

Depozitlərin manatlaşma əmsalına toxunan Zakir Nuriyev qeyd edib ki, ümumi depozitlər üzrə bu göstərici 41.7%, fiziki şəxslərin depozitləri üzrə isə 33.7% təşkil edir.

Bank kartları üzrə statistikaya nəzər salan ABA sədri bildirib ki, hesabat dövründə dövriyyədə olan bank kartlarının sayı illik 17% artaraq 20.7 milyon ədədə çatıb. Bu artımın əsas hissəsi təmassız ödənişləri dəstəkləyən kartların hesabına baş verib.

Hazırda ölkədəki ödəniş kartlarının 81%-i təmassız ödənişləri dəstəkləyir. POS-terminallar vasitəsilə həyata keçirilən əməliyyatların isə 95%-dən çoxu təmassız ödənişlərdən ibarətdir.

Chosen
14
fed.az

1Sources