2025-ci ilin avqust ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti Londonun ICE birjasında bir barel üçün 69 dollardan aşağı düşüb. Bu, iyunun 12-dən bəri ilk dəfə baş verib.
Bakı vaxtı ilə saat 04:00-a olan məlumata görə, Brent markalı neftin qiyməti 4,46% ucuzlaşaraq 68,29 dollar/barelə bərabər olub. Bir neçə dəqiqədən sonra azalma səngidi və Bakı vaxtı ilə saat 04:07-də fyuçerslər 68,92 dollara satılırdı ki, bu da əvvəlki dəyərdən 3,58% aşağıdır. Eyni zamanda, 2025-ci ilin avqustunda çatdırılacaq WTI markalı xam neftin fyuçersləri 7,22% ucuzlaşaraq bir barel üçün 65,94 dollara çatıb.
Müqayisə üçün qeyd edək ki, iyunun 23-də eyni birjada Brent fyuçerslərinin qiyməti bir barel üçün 81 dolları ötüb ki, bu da yanvarın 20-dən bəri ən yüksək göstəricidir. Həmin vaxt xammalın qiymətinin qalxması Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqələndirilirdi ki, bu da bazar iştirakçılarının tədarükdə mümkün fasilələrlə bağlı narahatlığını artırıb.
İranın Qətərdəki Amerika hərbi bazasına raket zərbələri endirməsi fonunda neftin qiyməti daha da ucuzlaşmağa başlayıb. Tehran strateji əhəmiyyətli Hörmüz boğazına hücum etmədiyi üçün bazarlar İranın zərbələrini deeskalasiyaya doğru bir addım kimi qəbul etdilər. Trampın İsraillə İran arasında atəşkəs elan etməsindən sonra neft qiymətləri daha da ucuzlaşıb.
Almaz Həsənli