EN

İranı dəyişmək planı işə düşür: Putindən Tehrana ümid yoxdur

Tehran siyasi çıxış yolu axtarır
 
 Xəbər verdiyimiz kimi, İranın xarici işlər naziri Abbas Araqçi Rusiyaya səfər edib. Rusiya Prezidenti Vladimir Putin Araqçini Kreml sarayında qəbul edib. Görüşün mətbuata açıq hissəsində çıxış edən Putin, Rusiya və İranın etibarlı əlaqələrinə diqqət çəkib: "İran xalqına kömək etmək üçün səy göstəririk. İrana edilən hücumlar əsassız təcavüzdür”. Putin Rusiyanın Yaxın Şərqdəki proseslərə yanaşmasının bəlli olduğunu açıqlayıb: "Rusiya Xarici İşlər Nazirliyi bizim yanaşmamızı açıq şəkildə ifadə edib. Həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında tutduğumuz mövqeyi bilirsiniz". Araqçi isə Rusiyanın tarixin doğru tərəfində olduğunu bəyan edib: "İsrail və ABŞ-nin İrana qarşı hərəkətləri qeyri-qanunidir və İranın özünü qorumaq haqqı var. Bu hərəkətləri pislədikləri üçün rusiyalı həmkarlarımıza minnətdarıq. Rusiya yaxşı razılaşmaların əldə olunmasında müsbət rol oynayıb. İsrailin, daha sonra ABŞ-nin obyektlərimizə hücum etməsi səbəbindən gərginliyin səviyyəsi hər keçən gün artır".

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, İranın xarici işlər nazirinin diplomatik çabaları nəticə verə bilməz. Onun sözlərinə görə, Rusiyanın İrana ciddi hərbi dəstəyi mümkün görünmür: 

"Rusiyanın özünə hərbi dəstək lazımdır. Siyasi dəstəyə gəldikdə isə ümumiyyətlə, ABŞ və İsrail Rusiya ilə danışıqlarda maraqlı deyil. Rusiyanın İrana hərbi-siyasi dəstəyi sistemin qorunması üçün yetərli deyil. İran rejiminin islahatlara gedib, hakimiyyəti Prezident Məsud Pezeşkiana təhvil verməkdən başqa çıxış yolu yoxdur. ABŞ və İsrailin hədəfi rejimi dəyişməkdir. Donald Tramp İranın təslim olmasını tələb edərkən hakimiyyətin təhvil verilməsini nəzərdə tutur. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə Xameneinin hakimiyyəti təhvil verilməsini diplomatik kanallarla çatdırırlar. Prezident Məsud Pezeşkiana siyasi dəstək bizim də maraqlarımıza uyğundur".
 
Chosen
9
sherg.az

1Sources