Onilliklər boyunca, Birləşmiş Ştatlar və İran birbaşa hərbi qarşıdurmaya səbəb ola biləcək təhlükəli "qırmızı xətti" keçməkdən ehtiyatla çəkiniblər.
Bir-birinin ardınca gələn ABŞ prezidentləri, İslam Respublikasına qarşı hərbi güc tətbiq etməkdən yayınaraq, ölkəni Yaxın Şərqdə baş verə biləcək ən təhlükəli müharibəyə sürükləməkdən qorxublar.
Lakin indi sülh prezidenti olacağını vəd etmiş Ali Baş komandan Tehranın nüvə obyektlərinə birbaşa zərbələrlə bu "rubikonu" keçdi – bu, qaydaları pozmaqla fəxr edən bir prezidentin ikinci müddətində atdığı ən ciddi addım oldu.
Bu, bütün dünya paytaxtlarında təşviş doğuran misilsiz bir an idi.
İranın növbəti addımı daha da taleyüklü ola bilər. Hazırda sığınacaqda olduğu bildirilən 86 yaşlı ali lider Ayətullah Əli Xamenei dörd onillik boyunca ən güclü düşməni qarşısında ehtiyatla uzunmüddətli oyun oynayaraq ən qiymətli varlığını – İslam Respublikasını qorumağa çalışıb.
Əgər az reaksiya verərsə, nüfuzunu itirər, əgər çox irəli gedərsə, hər şeyi itirə bilər.
"Xameneinin atacağı növbəti addımlar təkcə onun sağ qalması üçün deyil, həm də tarixdə necə xatırlanacağı üçün həlledici olacaq," – deyir düşüncə mərkəzi Chatham House-un Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sanam Vakil.
"O indi 1988-ci ildə Xomeyninin içdiyi zəhərli badədən daha təsirli birini dadmağa məcburdur," – deyə o əlavə edir. O vaxt Xomeyni dağıdıcı İran-İraq müharibəsinə son qoymaq üçün atəşkəsə razılaşmışdı.
"Bu, İranın istədiyi müharibə deyil"
Son on gündə İsrailin intensiv zərbələri İranın komanda zəncirinə və hərbi texnikasına 8 il davam edən İran-İraq müharibəsindən daha çox zərər vurub. Həmin müharibənin təsirləri bu gün də İran cəmiyyətinə təsir etməkdədir.
İsrail hücumları İran təhlükəsizlik qüvvələrinin yüksək rütbəli şəxslərini və aparıcı nüvə alimlərini hədəfə alıb. ABŞ-ın münaqişəyə birbaşa daxil olması isə gərginliyi daha da artırıb.
1979-cu il inqilabından sonra yaradılmış İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ı "dərin peşmançılıq" doğuracaq cavab zərbəsi ilə hədələyir.
Amma ritorikanın arxasında fəlakətli səhvlərin qarşısını almaq üçün ciddi hesablamalar dayanır.
"Bu, İranın istədiyi müharibə deyil," – deyir Yaxın Şərq üzrə Qlobal Münasibətlər Şurasından Hamidreza Aziz. "Lakin artıq rejim tərəfdarları arasında belə arqumentlər irəli sürülür ki, ABŞ-ın vurduğu real zərərdən asılı olmayaraq, İranın güclü dövlət və regional güc imici bu qədər ciddi zədələndiyi üçün cavab verilməlidir."
Hər bir cavab isə risklidir. Yaxın Şərqdəki təxminən 20 ABŞ bazasına və ya bölgədəki 40,000-dən çox Amerika hərbçisinə birbaşa hücum, genişmiqyaslı ABŞ cavabını qaçılmaz edər.
Qlobal neft daşımalarının beşdə birinin keçdiyi Hörmüz boğazının bağlanması isə təkcə ərəb müttəfiqlərinin deyil, İran neftinin əsas alıcısı olan Çinin də qəzəbinə səbəb ola bilər. Qərb hərbi dəniz qüvvələri də iqtisadi şokların qarşısını almaq üçün prosesə daxil ola bilər.
İranın "ön müdafiəsi" saydığı regional müttəfiqləri və proksi qüvvələri isə son 20 aylıq müharibədə İsrailin hücumları ilə zəiflədilib və ya məhv edilib.
İranın cavab verə biləcəyi, lakin ABŞ-ın qəzəbinə səbəb olmayacaq "qəbul ediləbilən bir həddin" mövcud olub-olmadığı isə hələ məlum deyil.
Bu mürəkkəb münasibət artıq bir dəfə sınaqdan çıxıb. Beş il əvvəl prezident Trump Bağdadda SEPAH-ın komandiri Qasım Süleymanini dronla öldürəndə, bir çoxları qisas zəncirinin başlayacağından qorxdu. Amma İran əks zərbəni öncədən anons etdi və ABŞ hərbçilərinə ciddi zərər verməyən hissələri hədəfə aldı.
Lakin bu dəfəki vəziyyət daha ciddi və miqyaslıdır.
"Diplomatiyanı pozan İran deyil, ABŞ-dır"
İranla "razılaşma əldə etməyi" "bombalamaqdan" üstün tutduğunu dəfələrlə bildirən Trump indi İsrailin tam tərəfində görünür. O, İranı "Yaxın Şərqin qulduru" adlandıraraq, nüvə silahı əldə etmək niyyətində olduğunu deyir – bu qənaət isə əvvəlki ABŞ kəşfiyyat qiymətləndirmələrinə uyğun gəlmir.
Pentaqonun bildirdiyinə görə, bu, "ABŞ tarixində ən böyük B-2 əməliyyat zərbəsi" olub və İranın Natanz, İsfahan və Fordodakı əsas nüvə obyektlərinə "çox ciddi dağıntı və zərər" vurulub.
Yalnız "sığınacaq deşən" bombalar Fordovda dağ altında yerləşən obyektə nüfuz edə bilərdi.
Prezident Tramp indi İranı "sülhə gəlməyə" çağırır.
Lakin İran ABŞ diplomatiyasını artıq təslimçilik kimi görür. Cenevrədə xarici işlər naziri Abbas Əraqçi avropalı həmkarları ilə görüşdə Washingtonun Tehrandan uranı zərrə qədər belə zənginləşdirməməyi tələb etdiyini bildirdi.
Bu isə İran tərəfindən mülki nüvə proqramı çərçivəsində uran zənginləşdirmə hüququnun pozulması kimi qiymətləndirilir.
İran indi Trampın diplomatik cəhdlərini – əsasən dolayı danışıqlardan ibarət 5 raund – aldadıcı manevr kimi dəyərləndirir.
İsrail hərbi əməliyyatı Omanda nəzərdə tutulan altıncı danışıqlardan iki gün əvvəl başladı. ABŞ isə Trampın verdiyi iki həftəlik "diplomatiya pəncərəsi" çağırışından cəmi iki gün sonra müharibəyə daxil oldu.
İran isə bildirib ki, İsrail və ABŞ bombalar yağdırmağa davam etdiyi müddətdə danışıqlar masasına qayıtmayacaq.
"Diplomatiyanı pozan İran deyil, ABŞ-dır," – deyə Əraqçi İstanbulda keçirdiyi mətbuat konfransında bildirib. O, burada 57 üzvü olan İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri ilə görüşüb. Onlar "İsrailin təcavüzünü" qınayaraq, "bu təhlükəli gərginlikdən" narahatlıqlarını ifadə ediblər.
İran, həmçinin, BMT Nizamnaməsini pozan və Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvə obyektlərinə istənilən şəraitdə zərbə endirilməməsi ilə bağlı xəbərdarlıqlarını nəzərə almayan hücumları qabartmağa çalışır.
Avropa liderləri də gərginliyin təcili azaldılmasını və nüvə proqramının raketlərlə deyil, vasitəçiliklə tənzimlənməsini tələb edirlər.
Eyni zamanda, onlar vurğulayırlar ki, İran nüvə bombası əldə etməməlidir. Tehranın uranı 60 faiz səviyyəsində zənginləşdirməsi, 90 faiz silah dərəcəsinə yaxınlaşması, onların fikrincə, narahatedici niyyətlərin göstəricisidir.
"İran ehtimal ki, öz obyektlərinə dəymiş zərəri kiçik göstərəcək və nüvə proqramının bu misilsiz hücumlardan sağ çıxdığını deyəcək" – Avropa Xarici Münasibətlər Şurasının Yaxın Şərq proqramının sədr müavini Elli Geranmayeh bildirir.
"ABŞ isə bu zərəri şişirdə bilər ki, Trump hərbi qələbə qazandığını deyə bilsin və yeni hücumlara sürüklənməsin".
İsrailin Baş naziri Netanyahu öz güclü ordusunu daha çox zərbə üçün hərəkətə gətirəcək, Trumpı bir istiqamətə sürükləyəcək.
Lakin ABŞ prezidenti eyni zamanda ölkə daxilində Konqresin icazəsi olmadan hərəkət etdiyinə görə tənqid olunur və uzunmüddətli müharibələrdən uzaq qalacağına dair verdiyi vədi pozduğunu düşünən tərəfdarlarının təzyiqi altındadır.
"Böyük ironiya buradadır," – deyə Geranmayeh xəbərdarlıq edir. "Trump İranın nüvə təhdidini aradan qaldırmaq istədi, amma İranın nüvə dövlətinə çevrilməsi ehtimalını daha da artırdı."