23 iyun 2025-ci il tarixində Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirilmişdir.
Tədbir Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirdə ilk olaraq Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli sərəncamı ilə Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunması münasibətilə təbrik etmiş, eyni zamanda Başçının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmova uzunmüddətli səmərəli fəaliyyətinə görə qiymətli hədiyyə təqdim etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, onların fəaliyyətində uğurlar arzulamışdır. O, çıxışı zamanı vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, çevik və funksional idarəetmə strukturunun formalaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirilmişdir.
2000-ci ildə qəbul olunmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə müasir yanaşmanın əsasları qoyulmuşdur. Prezident İlham Əliyev tərəfindən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi, onların əməyinin qiymətləndirilməsi və cəmiyyətdəki rolunun artırılması istiqamətində dövlət səviyyəsində davamlı addımlar atılır və hərzaman diqqət mərkəzində saxlanılır.
Tədbir çərçivəsində dövlət qulluğunda fərqlənmiş bir qrup dövlət qulluqçusuna Masallı rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.
Eyni zamanda, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin sədri Camal Hüseynov çıxış edərək dövlət qulluqçularını təbrik etmiş, bir qrup əməkdaşa fəxri fərman və hədiyyələr təqdim etmişdir.
Tədbirin sonunda çıxış edən başçının müavini Adəm Məhərrəmov, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən Həbib Həbibov, Mətanət Paşayeva və başqaları dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova təşəkkürlərini bildirmişlər.