EN

İmtahan suallarını kim hazırlayır? - DİM-dən AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi imtahanların yüksək keyfiyyətlə təşkili və qiymətləndirilməsi məqsədilə ekspert bazasının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Ekspert bazası müvafiq fənlər üzrə ən azı bakalavr təhsili olan, testologiya və qiymətləndirmə sahəsində təcrübəyə malik şəxslərdən formalaşdırılır. Bu məqsədlə pedaqoji və elmi fəaliyyətlə məşğul olan şəxslər DİM-in internet saytında təqdim olunan keçid vasitəsilə hazırladıqları test tapşırıqlarını göndərə və uyğun meyarlara cavab verdikləri halda ekspert bazasına daxil ola bilərlər.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ekspertlər imtahan materiallarının hazırlanması, test tapşırıqlarının elmi-metodiki baxımdan ekspertizası, dil biliyi olanlar üçün tərcüməsi, həmçinin tapşırıqların təftişi və təkmilləşdirilməsi işlərində iştirak edirlər. Onun sözlərinə görə, bu fəaliyyətlərdən əlavə, kütləvi imtahanlara hazırlıq mərhələsində qapalı və izolyasiya olunmuş şəraitdə keçirilən intensiv iş proseslərinə də cəlb olunurlar:

“Bu proseslər adətən 5-6 gün davam edir və iştirak üçün şəxsin ailə vəziyyəti, sağlamlıq durumu, azyaşlı uşaqlara qulluq və digər sosial amillər nəzərə alınır. Belə şəraitdə çalışacaq ekspertlər proqram təminatının təsadüfi seçimi əsasında müəyyənləşdirilir”.

X.Xanlarzadə əlavə edib ki, Dövlət İmtahan Mərkəzi hər il xüsusilə regionlardakı ümumi təhsil müəssisələrində çalışan müəllimləri bu proseslərə cəlb etməyə çalışır:

“Bu yanaşma nəticəsində ekspert heyəti daim yenilənir və ölkənin müxtəlif bölgələrindən olan müəllimlərin bu mühüm qiymətləndirmə işinə qoşulmasına şərait yaranır”.

Eyni zamanda DİM-lə əməkdaşlıq etmək istəyən müəllimlər üçün müəllif, ekspert və marker hazırlığı kursları təşkil olunur:

“Bu kurslarda iştirak etmək üçün müvafiq fənn üzrə elektron qeydiyyatdan keçmək kifayətdir. Hər il bu barədə ictimaiyyətə elanlar verilir, namizədlər kurslarda iştirak etməklə buraxılış və qəbul imtahanlarında istifadə olunan qiymətləndirmə materiallarının yoxlanmasına cəlb olunurlar”.

O həmçinin qeyd edib ki ,təlimlərin əsas məqsədi fənn kurikulumlarına uyğun bilik və bacarıqların yoxlanılması, qiymətləndirilməsi üçün açıq tipli və yazılı cavab tələb edən tapşırıqların tərtibi, yoxlanması üzrə ixtisaslı müəllif, ekspert və markerlərin hazırlanmasıdır.

Aytac Bəhruzqızı

Chosen
12
2
modern.az

3Sources