"Labubu" adlanan oyuncaqlar son dövrlər bütün dünyada trend olub.
Ölkə.Az xəbər verir ki, labubu mərkəzi Honkonqda olan “pop mart” adlı brendin “the monster” seriyasına aid bir obrazdır.
Bu, əvvəllər sadəcə kolleksiyaçıların maraqlandığı “blind box” oyuncağı idi. Yəni qutunu açmadan içərisində hansı modelin olduğunu insanlar bilmirdi. Bu da təəccübləndirmə effekti ilə kolleksiyaçıların diqqətini çəkmişdi.
Sosial şəbəkələrin təsiri nəticəsində vəziyyət dəyişib. Tiktokda qutu açılışı videoları paylaşan və nadir olan fiqurları axtaran istifadəçilər, evlərində labubu üçün otaq ayıran kolleksiyaçılar sayəsində bu oyuncaq moda sənyesinin yeni simasına çevrilib.
Bir zamanlar adi oyuncaq olan labubu indi xüsusilə Çin, Yaponiya və Cənubi Koreyada çox populyardır.
“Pop Mart”ın ümumi illik gəliri 2024-cü ildə 13.04 milyard yuan (təxminən 1.81 milyard ABŞ dolları) olub. Bu göstərici əsasən labubunun satışları sayəsində 2 dəfə artıb . “The Monsters” seriyası (Labubu daxil olmaqla) 2024-cü ildə təxminən 3 milyard yuan (420 milyon ABŞ dolları) həcmində gəlir gətirib .
Həmin ildə "pop mart" gəlirlərinin təxminən 400 milyon dolları məhz labubunun satışı hesabına formalaşıb .
İnsanlar niyə bu oyuncağı alır?
“Blind box” (gizli qutu) anlayışı motivasiya və mükafat sistemini işə salır və istifadəçilər nə alacaqlarını bilmədikləri üçün dopamin sevinclə xarakterizə olunan bir an yaşanır.
Labubunun “şirin‑qəddar” görkəmi — yəni eyni anda sevimli və qorxunc görünməsi beyində həm sevgi, həm də risk hissi oyadır. Bu tərz Z nəslinin qeyri-ənənəvi estetik anlayışına uyğundur və duyğusal bağ yaradır.
“Qıtlıq + fomo (qaçırma qorxusu)”
Məhdud buraxılışlar, gizli nadir fiqurlar və təkrar almaq ehtiyacı insanlarda “birdən əldən qaçıraram” düşüncəsi ilə fomoya yol açır.
TikTok və instaqram kimi platformalarda “unboxing” videoları (qutu açılışı), trendə qatılanların sosial statusunu göstərə bilir.
Bundan əlavə, iqtisadi qeyri-sabitlik, gərgin həyat və böyük streslər altındadır. Labubu kimi oynaq obyektlər emosional təsəlli və uşaq nostalgiyası yaradır və insanlar tək olmadıqlarını hiss edir.
Bəzi ekspertlər bu trendlərdən və xüsusilə “blind box” modellərinin qumar effekti yaratma potensialından narahatdırlar. Uşaqlar və gənclər üçün bu hiper-adrenalindən asılılıq səviyyəsinə qədər gedib çıxa bilər.
Billurə Yunus