EN

Ermənistanın Çinlə bağlı planları, gözləntiləri zəif və qeyri-ciddi görünür -ŞƏRH

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Çinə səfər edəcək.
Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, xarici işlər naziri Van Yinin dəvəti ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iyunun 24-27-də Çində rəsmi səfərdə olacaq.

Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a deyib ki, bu ziyarətin siyasi və iqtisadi səbəbləri mövcuddur:

"2018-ci ildən bəri Nikol Paşinyanın hakimiyyəti Qərblə yaxınlaşmağa, öz xarici siyasət kursunu dəyişməyə çalışır. Lakin bu siyasət indiyə qədər ciddi nəticə verməyib. Ermənistanın Fransa ilə yaxınlaşması və ümumilikdə Qərblə münasibətləri, gözlənilən nəticələri verməyib. Ermənistan Avropa İttifaqına üzv olmağa ümid etsə də, bu reallığa çevrilməyib və yaxın gələcəkdə də belə bir perspektiv görünmür.
Digər tərəfdən, bu ziyarətin iqtisadi səbəbləri də var. İran-İsrail arasında gərginliklər, Ermənistan daxilindəki iqtisadi problemlər, həmçinin Rusiya-Ukrayna müharibəsinin təsirləri Ermənistan iqtisadiyyatını ciddi şəkildə sarsıdıb. Bu böhrandan çıxmaq üçün Ermənistan müxtəlif yollar axtarır. Ötən həftə Ankaraya edilən səfər və indi baş tutan Pekin ziyarəti də bu çərçivədə, iqtisadiyyata müəyyən töhfələr gətirmək məqsədi daşıyır".


Analitikin sözlərinə görə, açıq şəkildə demək lazımdır ki, Ermənistan iqtisadiyyatının əsas qurtuluş yolu Orta Dəhlizdən keçir:
"Bu dəhlizin reallaşması isə Zəngəzur dəhlizinin açılmasından asılıdır. Çin də bu layihəni dəstəkləyən əsas dövlətlərdəndir. Lakin Ermənistan hələ də bu məsələdə inadkarlıq göstərir və Azərbaycanla razılaşmamaq üçün müxtəlif yollar axtarır. Ermənistan nə sərmayə yatırımı üçün cəlbedici ölkədir, nə də yeni alternativ tranzit şəbəkələri təklif edə biləcək potensiala malikdir. Bu ziyarətlər Ermənistan üçün müəyyən “kosmetik” iqtisadi nəticələr verə bilər. Lakin əhəmiyyətli və dərin nəticələr gözləməyə əsas yoxdur.
Üstəlik, Çin qlobal siyasi balansları və geosiyasi hesablamaları yaxşı bilən dövlətdir. Bu gün Azərbaycan və Çin münasibətləri yüksək səviyyədədir. Bu baxımdan, Ermənistanın Çinlə bağlı planları və gözləntiləri reallıqda çox zəif və qeyri-ciddi görünür".
Chosen
7
1
sherg.az

2Sources