EN

Tesla-nın robotaksiləri xidmətə başlayıb

BAKI, TurkicWorld

Tesla Ostində sürücüsüz “robotaksi” xidmətinə start verib.

TurkicWorld xəbər verir ki, İlon Maskın rəhbərlik etdiyi Tesla şirkəti Texasın Ostin şəhərində çoxdan gözlənilən avtonom taksi xidməti – “Cybercabs” layihəsini rəsmi olaraq istifadəyə verib.

Mask bu barədə "X" sosial şəbəkəsində paylaşım edərək bildirib ki, sükanında sürücüsü və sərnişin oturacağında heç kimin olmadığı avtomobillər artıq Ostin küçələrində hərəkət edir. O qeyd edib ki, "robot taksilər" 4,20 dollar qarşılığında sərnişin daşıyacaq və təhlükəsizlik məsələlərində Tesla “super paranoyak” yanaşma tətbiq edəcək.

Hazırda Tesla bu xidməti sərnişinləri olan təxminən 10 avtomobillə sınayır və bu avtomobillərdə “təhlükəsizlik monitorları” yer alacaq. Lakin bu şəxslərin nəqliyyat vasitəsinə nə dərəcədə müdaxilə edə biləcəyi hələlik açıqlanmayıb.

Xidmət yalnız Tesla-nın təhlükəsiz saydığı marşrutlarda, əlverişli hava və yol şəraiti olan zonalarda aktiv olacaq. 18 yaşdan kiçik sərnişinlərin daşınması isə məhdudlaşdırılıb.

Qeyd edək ki, Texas ştatı avtonom nəqliyyatla bağlı yeni qaydaları iyunun 20-də qəbul edib və sentyabrın 1-dən qüvvəyə minəcək. Yeni qanuna görə, sürücüsüz avtomobillərin yola çıxması üçün əvvəlcədən rəsmi icazə alınmalı və fövqəladə hallarda aidiyyəti qurumlara nəqliyyat vasitəsinə müdaxilə üsulları barədə məlumat təqdim olunmalıdır.

Tesla avtomobilləri “Full Self-Driving” (FSD) proqramı ilə işləyir və ətraf mühiti tanımaq üçün səkkiz kamera istifadə edir.

Chosen
17
turkic.world

1Sources