EN

Məleykə Abbaszadə məqalə yazdı, özünü ifşa etdi: Yararsız 71,9 % məzundur, yoxsa DİM-in sistemi?

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin “23 iyun - dövlət qulluqçularının peşə bayramı günü” məqalə yazıb. Dövlət qulluğunun aktual problemlərinin üstündən sükutla keçən, dolayı yolla müəllifin özünütərifinə xidmət edən məqalədə diqqət çəkən bir statistika açıqlanıb.

DİM sədri yazır:

“Mərkəz tərəfindən 2024-cü il ərzində dövlət qulluğuna qəbul üçün 6 dəfə A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə (AB və AC vəzifə qruplarına uyğun), 6 dəfə B növü - inzibati icraçı vəzifələr üzrə (BA və BB vəzifə qruplarına uyğun) olmaqla, 12 test imtahanı keçirilib. Namizədlərin test imtahanlarında iştirakı ilə bağlı məlumatlar təhlil edilərkən məlum olur ki, test imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş 16695 namizəddən böyük əksəriyyəti – 16330 nəfər imtahanda iştirak edib. İmtahan vermiş namizədlərdən 4688 nəfəri (28.1 faiz) müvəffəqiyyət qazanaraq sertifikat əldə etmək hüququ qazanıb".

Bu rəqəmdən çox aydın şəkildə görünür ki, Azərbaycanda dövlət qulluqçusu olmaq istəyən ali məktəb məzunlarının 71,9 faizi imtahanlardan keçə bilmir, başqa sözlə, dövlət qulluğuna yararsız çıxarılır.

Azərbaycan Respublikasının “Təhsil haqqında qanunu”nda isə deyilir ki, ölkəmizdə təhsilin məqsədi milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaqdır.

Yenə həmin qanunda qeyd olunur ki, təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.

Həmçinin qanuna görə, təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sosial və iqtisadi inkişafında rolu ilə müəyyən edilir.
Qanunun tələblərini daha da genişləndirmək olar. Lakin elə göstərilən maddələrdən də bəlli olduğu kimi, DİM-in statistikası ilə cəmiyyətin və dövlətin tələbləri arasında kəskin uçurum var. Odur ki, məsələ daha dərindən araşdırılmalı və DİM-in bu uçurumun yaranmasındakı fəaliyyəti üzə çıxarılmalıdır.

Bu statistika ilk növbədə onu göstərir ki, DİM-in təşkil etdiyi imtahanların tələbləri ali təhsil müəssisələrində verilən bilik və bacarıqlarla qətiyyən uyğunlaşmır. Dövlət qulluğuna hazırlıq tələb edən spesifik biliklər (məsələn, qanunvericilik, dövlət idarəçiliyi üzrə xüsusi biliklər) ali məktəb proqramlarında yoxdur. DİM bu boşluğu doldurmaq üçün əlavə hazırlıq mexanizmləri təqdim edir və bu zaman məzunlar repetitor bazarına üz tuturlar. DİM-in dövlət qulluğuna yararlı hesab etdiyi məzunların mütləq əksəriyyəti ali məktəbdə aldıqları biliklərlə deyil, repetitor hazırlıqlarında qazandıqları “testologiya təcrübəsi” ilə sertifikat əldə edirlər.

Chosen
2
aznews.az

1Sources