EN

Güclü Azərbaycan Ordusunun təntənəsi

Prezident İlham Əliyev: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik”

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü – Azərbaycan xalqı və dövləti üçün mühüm əhəmiyyət daşıyan tarixi bir gündür. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının rəsmi ildönümü kimi qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il iyunun 26-da – ilk dəfə olaraq Milli Ordu yaradılmışdır. Bu, müstəqil Azərbaycanın ilk nizami hərbi birləşməsinin əsasının qoyulduğu gündür. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası da bu tarixi ənənəyə əsaslanaraq, 26 iyun tarixini Silahlı Qüvvələr Günü kimi qeyd etməyə başlamışdır. 1998-ci ildə isə bu tarix Prezidentin sərəncamı ilə rəsmi dövlət bayramı kimi təsdiq olunmuşdur.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası, çətin geosiyasi və hərbi-siyasi şəraitdə öz silahlı qüvvələrini yaratmağa başlamışdı. Lakin bu prosesin ilkin mərhələsi nizamsız, zəif strukturlaşmış və təcrübəsiz kadrlarla müşayiət olunurdu. 1990-cı illərin əvvəllərində ölkədəki siyasi qeyri-sabitlik, torpaq itkisi və hərbi idarəetmədəki boşluqlar vəziyyəti daha da çətinləşdirirdi. Azərbaycan Milli Ordusunun formalaşması, müstəqil dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsində mühüm rol oynamışdır. Xüsusilə 1993-cü ildən sonra, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, ordu quruculuğunda yeni və keyfiyyətcə daha yüksək bir mərhələ başlanmışdır. Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyev ordunun yenidən təşkili və möhkəmləndirilməsi üçün strateji və ardıcıl addımlar atdı. Hərbi idarəetmə sisteminin mərkəzləşdirilməsi və gücləndirilməsi təmin edildi. Zabit və əsgər heyətinin peşəkarlıq səviyyəsi artırıldı, hərbi təhsil müəssisələri yenidən təşkil olundu. Ordunun maddi-texniki bazası, silah və sursatla təminatı ciddi şəkildə gücləndirildi. Əsgərlərin sosial müdafiəsi sahəsində mühüm qərarlar qəbul edildi.
Göründüyü kimi, Azərbaycan Milli Ordusunun formalaşması prosesi çoxmərhələli və tarixi əhəmiyyət daşıyan bir proses olmuşdur. Bu prosesdə xüsusilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra başlanan yeni mərhələ, müasir və peşəkar ordunun əsasını təşkil etmişdir. Ulu Öndər deyirdi: "Güclü ordu – güclü dövlətin təminatıdır". Bu strateji yanaşma nəticəsində Azərbaycanın müstəqilliyini qorumaq və ərazi bütövlüyünü bərpa etmək qabiliyyətinə malik güclü, müasir bir ordu formalaşmışdır. Onun qoyduğu ordu quruculuğu ənənələri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.  Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Müasir tələblərə cavab verən hərbi quruluş formalaşdırılır, hərbi idarəetmə sistemləri modernləşdirilir. Yerli istehsal və xarici tərəfdaşlıq yolu ilə müasir döyüş texnikası, pilotsuz uçuş aparatları (PUA), artilleriya sistemləri və digər hərbi avadanlıqlar ordunun ixtiyarına verilir. Hərbçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təlimlər, beynəlxalq təcrübə mübadiləsi və hərbi təhsil müəssisələrinin səviyyəsinin yüksəldilməsi həyata keçirilir. Hərbçilərin yaşayış şəraitinin yaxşılaşdırılması, ailə üzvlərinə sosial təminatlar və müvafiq dəstək tədbirləri daim diqqətdə saxlanılır. Müntəzəm olaraq genişmiqyaslı təlimlər keçirilir ki, bu da şəxsi heyətin praktiki bacarıqlarını təkmilləşdirməyə və ordunun döyüş hazırlığını yüksək səviyyədə saxlamağa xidmət edir. Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər, bu sahəyə yönələn diqqət və vəsaitlərin nə qədər məqsədyönlü və səmərəli olduğunu bir daha sübut etdi. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə misilsiz şücaət göstərərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyev ordumuzun gücü haqqında demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu strategiyası, xüsusilə Türkiyə Silahlı Qüvvələri modelinin tətbiqi, Azərbaycanın müasir və çevik orduya sahib olması məqsədi daşıyır. Türkiyə ordusunun modul əsaslı, çevik və bölmələrə əsaslanan komanda-struktur modeli Azərbaycan Silahlı Qüvvələrində də mərhələli şəkildə tətbiq olunur. Bu, operativ qərarvermə və çevik döyüş imkanlarını artırır. 44 günlük Vətən müharibəsində olduğu kimi, hazırda da xüsusi təyinatlılar əsas rol oynayır. Türkiyənin komando və elit hərbi hissə hazırlığına bənzər şəkildə bu sahəyə böyük önəm verilir. Azərbaycan və Türkiyə mütəmadi olaraq birgə hərbi təlimlər keçirirlər. Bu təlimlər həm koordinasiya qabiliyyətini artırır, həm də ortaq hərbi doktrinanın formalaşmasına şərait yaradır. Müdafiə sənayesində əməkdaşlıq sayəsində Türkiyədən müasir texnologiyaların (PUA-lar, raket sistemləri, rabitə texnikası və s.) əldə olunması Azərbaycan ordusunun imkanlarını ciddi şəkildə artırır. Türkiyə modelinə uyğunlaşdırılan doktrina müasir döyüş şəraitində həm müdafiə, həm də hücum qabiliyyətlərinin optimal balansını təmin edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu strateji istiqamət, təkcə Azərbaycan ordusunun modernləşməsini deyil, eyni zamanda Azərbaycan-Türkiyə hərbi ittifaqının daha da möhkəmlənməsini təmin edir. Bu da bölgədə sülhün və təhlükəsizliyin əsas dayaqlarından birinə çevrilir.
 

26 İyun-Silahlı Qüvvələr Gününün əhəmiyyəti Vətənə xidmət edən əsgər və zabitlərə dərin ehtiramın ifadəsidir. Ordunun gücünü və qüdrətini nümayiş etdirmək, onu dəstəkləmək və ruhlandırmaq üçün bir vasitədir. Xüsusilə 2020-ci ildəki Vətən müharibəsindən sonra, bu gün daha da böyük rəmzi və mənəvi dəyər qazanmışdır. Hər il bu gün münasibətilə Bakı şəhərində və digər bölgələrdə hərbi paradlar, təntənəli mərasimlər və xatirə tədbirləri təşkil olunur. Dövlət rəhbərləri, ictimai xadimlər və vətəndaşlar şəhidlərin xatirəsini anır, orduya dəstək nümayiş etdirirlər. 

İyunun 26-sı xalq-ordu birliyinin, müstəqil dövlətçilik iradəsinin və güclü Azərbaycan Ordusunun təntənəsidir. Bu gün həm keçmişin qəhrəmanlarına ehtiram, həm də gələcəyə inamın ifadəsidir. Bu günün qeyd olunması həm tarixi yaddaşın yaşadılması, həm də müasir ordunun güc və əzm nümayişidir.

Nəbi Ağayev 
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun 
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri 

Chosen
14
5
adalet.az

6Sources