“Kotard sindromu” – insanın öz bədəninin bir hissəsinin, yaxud bütünlükdə orqanizminin məhv olduğu və artıq mövcud olmadığını zənn etməsi ilə xarakterizə edilən nadir xəstəlikdir. Gəzən cəsəd sindromu olaraq bilinən psixoloji xəstəlik ilk dəfə onun əlamətlərini təsvir etmiş fransız psixiatr Jül Kotarın adı ilə bağlıdır və 1882-ci ildə müəyyən edilib. Bu nadir psixoloji pozuntuya sahib olan insanlar əmindirlər ki, onlar ölüblər və yaxud onların bədənlərinin bir hissəsi mövcud deyil. Onlar həmçinin ətrafda canlı heç bir insanın olmadığına və dünyanın ümumiyyətlə, mövcud olmadığına da inana bilirlər. Belə insanlar intihara meyillidirlər və nə qədər təəccüblü görünsə də, bəzən özlərini ölümsüz hesab edirlər". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirir. Psixoloqun sözlərinə görə, Beynəlxalq Tibb Kitabxanasındakı bir hadisəyə görə, adı açıqlanmayan bir qadın öldüyünə inandığı və ondan çürümüş ət iyi gəldiyi və meyitxanaya aparılmalı olduğunu bildirdiyi üçün psixiatriya şöbəsinə yerləşdirilib: "Digər bu kimi hadisə isə motosiklet qəzası keçirən bir əsgərin başına gəlib. O, qəzadan sonra öldüyünü iddia edib, yeməkdən və terapevtlərin köməyindən imtina edib. Xəstəlik haqqında məlumat çox məhduddur, lakin mütəxəssislər bunun həm bioloji, həm də psixoloji səbəblərdən qaynaqlandığını düşünürlər. “Kotard sindromu” depressiv vəziyyət, hallusinasiya və yaddaşın itirilməsi ilə bağlıdır. Bəzən şizofreniyada da rast gəlinə bilər.İnsanlar istənilən yaşda olarkən bu sindrom ilə üzləşə bilərlər və sindroma qadınlarda daha çox rast gəlinir. Onu da qeyd edək ki, tutmalar heç bir psixiki pozuntu olmadan baş verir", - deyə Y.Əsgərova fikrini tamamlayıb.
Afət Tahirqızı