EN

Süni intellektlə elmi saxtakarlığın qarşısı dərhal alınmalıdır - Professor

Son zamanlar akademik mühitdə narahatlıq doğuran bir tendensiya müşahidə olunur: süni intellekt (Sİ) texnologiyalarının nəzarətsiz istifadəsi nəticəsində saxta elmi məqalələrin sayı artır, müəlliflik hüquqları pozulur, başqalarının adı onların xəbəri olmadan bu tip yazılara əlavə olunur.

 

Bu barədə dosent Dr. Elşən Bağırzadə sosial şəbəkədə paylaşdığı statusda xüsusi narahatlıq ifadə edib və bu fenomenin “İstisnalar bir tərəfə, post-sovet məkanında zatən araşdırma etikası yox idi, süni intellekt çıxandan sonra deyəsən bu istisnaları da itirmiş olacağıq” fikri ilə vurğulayıb.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

 

Professorun sözlərinə görə, süni intellekt texnologiyaları, xüsusilə də dil modelləri, elmi yazı prosesini sürətləndirmək imkanına malikdir:

 

"Lakin bu alətlər istinad vermə, orijinal mənbələrə əsaslanma və akademik məsuliyyət məsələsində məhduddur. Onlar tez-tez mövcud olmayan məqalələri “istinad” kimi təqdim edir, kontekstdən kənar və ya təhrif olunmuş faktlar yaradır. Daha da təhlükəlisi, bu cür alətlərdən istifadə edən bəzi şəxslər, bəzən bilərəkdən, başqa tədqiqatçıların adlarını xəbərləri olmadan bu “məqalələrə” əlavə edərək saxta akademik uğurlar qazanmağa çalışırlar".

 

Professorun fikrincə, bu təhlükəli tendensiyanın qarşısını almaq üçün bir sıra təcili addımlar atılmalıdır:

 

"İlk növbədə, ali təhsil müəssisələrində elmi etika üzrə qaydalar təkmilləşdirilməli, süni intellektin istifadəsi ilə bağlı ayrıca protokollar hazırlanmalıdır. Akademik jurnallar təqdim olunan məqalələrin istinad bazasını və müəlliflərin razılığını yoxlamalıdır. Həmçinin, antiplagiat sistemləri süni intellekt vasitəsilə yaradılmış saxta mənbələri aşkar edə biləcək səviyyəyə çatdırılmalıdır. Elmi ictimaiyyət süni intellektin etik və qeyri-etik istifadəsi mövzusunda maarifləndirilməlidir. Bütün tədqiqatçılar, akademik qurumlar və media nümayəndələri bu məsələyə biganə qalmamalı, dürüst, şəffaf və məsuliyyətli elmi mühitin qorunmasına töhfə verməlidir", - deyə Z. Məmmədov fikrini yekunlaşdırıb.

Chosen
10
azedu.az

1Sources