“Mançester Yunayted” yay transfer dönəmində qapı xəttini gücləndirmək niyyətindədir.
90deqiqe.Az “Transfer News Live”a istinadən xəbər verir ki, ötən mövsümdə kamerunlu qapıçı Andre Onananın buraxdığı səhvlər klub rəhbərliyini yeni qolkiper axtarışına çıxmağa vadar edib.
“Qırmızı şeytanlar” “Real Madrid”in qapıçısı Andrey Luninin transferi üçün 15 milyon avro təklif edib. Lakin Madrid təmsilçisi bu təklifi geri çevirib.
Transfermarkt portalının məlumatına görə, 26 yaşlı Luninin bazar dəyəri 18 milyon avro təşkil edir. O, hazırda “Real”ın əsas qapıçısı Tibo Kurtuanın ehtiyat variantıdır. 2024/2025 mövsümündə ukraynalı qolkiper 14 rəsmi oyunda meydana çıxıb və 19 qol buraxıb.
Qeyd edək ki, “Mançester Yunayted” ötən Premyer Liqa mövsümünü cədvəldə yalnız 15-ci pillədə başa vurub.