EN

"İran ABŞ-ın sayəsində gücləndi, indi ABŞ-ın zərbəsi ilə dağılır” – ŞOK TƏHLİL

"İrana qarşı əməliyyatlar Trampa görə başlamadı, amma Trampla yekunlaşmaq üzrədir. İran çoxdan hədəfdə idi, çünki məhz Qərbin düşüncəsiz, məntiqsiz, absurd siyasətinə görə bölgədə həddən artıq güclənmişdi".

Musavat.com bildirir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert qeyd edir ki, ABŞ-ın, Qərbin İraq və Suriya müdaxiləsindən, Yəmənlə bağlı prosesləri səssizcə izləməsindən son 20 ildə ən çox qazanan ölkə İran idi:

"İran, Səddamın zamanında İraqda heç nə edə bilmirdi - Səddamı devirdilər, İran qonşu ölkədə, 8 il müharibə aparıb heç bir uğur əldə edə bilmədiyi İraqda əsas söz sahiblərindən birinə, oyun qurucuya, siyasi və hərbi gücə çevrildi. ABŞ və Qərbin İraqa qanunsuz və məntiqsiz müdaxiləsi yüzminlərlə günahsız insanın ölümünə səbəb olmaqla yanaşı, İranı həmin ölkədə siyasi proseslərdə moderator roluna qədər yüksəltdi. İraqda hökumət formalaşmasında İran ciddi rol aldı, İraq ərazisində silahlı qüvvələrini yaradıb özünə tabe etdirdi.

Sonra Qərbin düşüncəsiz Suriya əməliyyatı başladı, yenə yüzminlərlə günahsız insan öldü, nəticədə Əsəd rejimi Rusiya və İrana görə ayaqda qaldı, hətta gücləndi, İran Suriyada əsas oyunçuya çevrildi.

Yəmən iki yerə parçalandı, "husilər" nəzarətində olan Yəmənin bir hissəsi faktiki olaraq Tehrandan idarə edilməyə başlandı.

Bir sözlə, ABŞ və Qərbin Yaxın Şərqdə plansız, məntiqsiz, beynəlxalq cinayətlərlə dolu "məcarası" İranı tarixində olmadığı qədər güclü mövqeyə gətirdi, "İran Hilalı" yarandı, İrandan İraq və Suriyadan keçməklə Livana quru yol açıldı, "Hezbollah" Livan içində, öz ordusu, silahlı qüvvələri, polisi, silah arsenalı olan ayrıca bir "dövlət" oldu, Livanda siyasəti dizayn edən əsas qüvvəyə çevrildi. "İran Hilalı" əməliyyatı nəticəsində İran öz "proksilərini" tamamən bölgəyə yaymağa nail oldu, obrazlı desək, bölgəni "ahtapot" kimi sardı, "beyni" Tehranda olsa da, "ayaqları" ilə İraq, Suriya, Livan, Yəmən olmaqla bütün bölgəni əhatə etməyi bacardı.

Əslində İran elə ABŞ, Qərb kimi davranırdı, onlar da eyni taktika ilə dünyanı sarmışdılar, İran da özünüqoruma instinkti ilə davranaraq birbaşa öz torpaqlarına yaranacaq təhlükəni İraqa, Livana, Yəmənə, Suriyaya yayaraq özünü sığortalamağa çalışırdı. Əslində, ilk zamanlarda kifayət qədər effektiv taktiki və strateji gediş idi. Amma İran hakimiyyəti bir məsələni nəzərə almadı - belə strategiya güclü resurs bazası tələb edir, böyük xərclər istəyir, bundan başqa, sırf maliyyə yükü ilə bu işlər olmur, bəlli bir cəlbedici "hekayə quruculuğu" da lazım idi. Nəticədə "ahtapot" öz "ayaqlarını" bəsləmək üçün maliyyə resurslarının azaldığını hiss etdi, cəlbedici "hekayə" də qura bilmədi.

Məsələn, ABŞ onillərlə bu işi ona görə apara bildi ki, tək hərbi gücü yüksək deyildi, həm də USAID və digər "yumşaq gücü" ilə öz "ayaqlarını" dünyaya yaymağı bacardı - çünki "hekayə" də qurmuşdu, sözdə insan haqları və demokratiya "bayrağı" ilə hərəkət edir, amma ancaq öz maraqlarını yayır, öz maraqları çərçivəsində davranırdı. Yəni, pulu, resursu, gücü çox, "hekayəsi" cəlbedici idi. İran isə Qərbin bu "ayaqqabısını" geyindi, amma "yerişini yeriyə" bilmədi.

İrana qarşı geniş əməliyyata Bayden dönəmində qərar verildi ki, "ahtapotun" ayaqları kəsilsin - Yəməndə "husilər" zaman-zaman bombalandı, İsrail Livanda istədiyini etdi, "Hezbollah" zəiflədildi, ən son nöqtə isə Suriya əməliyyatı oldu, Bəşər Əsəd qaçdı, İran (həm də Rusiya) Suriyadan qovuldu (ya da danışıq belə idi - bu haqda növbəti hissələrdə).

Nəticədə "İran Hilalı" dağıldı, "proksilər" zəiflədi, "ahtapotun" ayaqları bir-bir kəsildi, növbə "başına" çatdı, indi də Trampdan əvvəl düşünülmüş, Trampdan əvvəl həyata keçirilməyə başlanmış, Trampı da aşan güclər tərəfindən qərar verilmiş əməliyyatın son "akkordlarını" izləyirik..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
6
olaylar.az

7Sources