EN

"Əsl sülh carçısı":  Müsəlman dünyası Trampı Nobel Sülh Mükafatına namizəd göstərib

"Mənim üçün önəmli olan budur ki, insanlar hər şeyi görür və bu kifayətdir..."
 
Pakistan Trampın Hindistan- Pakistan qarşıdurmasında diplomatik rolu və qlobal liderliyi səbəbilə onu Nobel Sülh Mükafatına təqdim edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "nhk.or" nəşri yazıb.
 
İslamabad Trampa təşəkkür edir
 
Pakistan hökuməti ABŞ prezidenti Donald Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd irəli sürüb. Rəsmi açıqlamada bu qərar Trampın "Hindistan və Pakistan arasında baş verən son hərbi eskalasiyanı dayandırmaqda göstərdiyi strateji uzaqgörənlik və yüksək dövlətçilik müdrikliyi" ilə əsaslandırılıb.
 
İslamabadın fikrincə, Trampın diplomatik müdaxiləsi bölgədə baş verə biləcək daha genişmiqyaslı müharibənin qarşısını alıb və atəşkəsə nail olunub. Pakistan rəsmiləri onu "əsl sülh vasitəçisi" adlandırır və onun gərginliyi danışıqlar yolu ilə aradan qaldırmaq səylərini yüksək qiymətləndirir.
 
Trampın həmçinin Cammu və Kəşmir münaqişəsinin diplomatik həlli üçün təklif etdiyi vasitəçilik təşəbbüsləri də Pakistanda rəğbətlə qarşılanıb. Rəsmilər ümid edir ki, bu liderlik Trampın digər böhranlara da, xüsusilə Qəzzada yaşanan humanitar fəlakət və İranda artan gərginlik fonunda, müdaxiləsi ilə nəticələnəcək.
 
"Nə etsəm də, Nobel mənə verilməyəcək"
 
Tramp isə bu təşəbbüsə özünəməxsus, həm istehzalı, həm də tənqidi şəkildə cavab verib. O, "X" platformasında yazıb:
 
"Konqo və Ruanda arasında onilliklərdir davam edən müharibənin dayandırılması üçün Dövlət katibi Marko Rubionun iştirakı ilə əla bir razılaşma hazırladıq. Tərəflər bazar ertəsi Vaşinqtona gəlir. Bu, Afrika və bütün dünya üçün böyük gündür. Amma yenə də Nobel Sülh Mükafatını almayacağam. Nə Hindistanla Pakistan arasında müharibənin dayandırılması, nə Serbiya ilə Kosovo arasında sülh, nə Misirlə Efiopiya arasındakı böhranın həlli üçün - heç birinə görə mükafat verilməyəcək!".
 
Tramp əlavə edib ki, İsrail və İran, Rusiya və Ukrayna, eləcə də Yaxın Şərqdə həyata keçirilən Avraam razılaşmaları belə onun Nobel mükafatı almasına kifayət etməyəcək: "Amma mənim üçün önəmli olan budur ki, insanlar hər şeyi görür. Və bu kifayətdir!".
 
Trampın vasitəçiliyi necə başlayıb?
 
Məlumata görə, Hindistanla Pakistan arasında münaqişə 7 may tarixində Hindistan ordusunun Pakistanın şimalındakı hədəflərə "Sindəur" adlı hərbi əməliyyatı ilə başlayıb. Rəsmi Dehli bu əməliyyatı "terrorçu infrastrukturun məhv edilməsi" ilə əsaslandırıb. Ardınca hər iki tərəf arasında aviasiya, raket və artilleriya zərbələri başlayıb.
 
Üç gün davam edən qarşılıqlı atışmalarda dronlar, o cümlədən İsrail və Türkiyə istehsalı pilotsuz uçuş aparatları da geniş şəkildə istifadə olunub. Pakistan buna cavab olaraq "Banyan-ül-Marsus", yəni "Sarsılmaz divar" adlı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Bu eskalasiya fonunda Trampın şəxsən tərəflərlə telefon danışıqları apardığı və hər iki paytaxta təzyiq göstərdiyi bildirilir. Nəticədə atəşkəs əldə olunub və tərəflər müvəqqəti geri çəkilib.
 
Nobel yox, amma tanınma var
 
Trampın dediyi kimi, o, bu təşəbbüslərinə görə Nobel Sülh Mükafatını almasa belə, dünyada liderliyini görən və qiymətləndirən qüvvələr var. Pakistan hökumətinin təşəbbüsü bunu açıq şəkildə nümayiş etdirir. Tramp isə öz yanaşması ilə həm bu təşəbbüsə yumorla cavab verir, həm də diplomatik uğurlarını dünyaya xatırladır. Bütün hallarda, müsəlman dünyasının böyük bir ölkəsinin ABŞ prezidentinə bu cür jest göstərməsi beynəlxalq münasibətlərdə yeni bir diplomatik səhifənin yazıldığını göstərir.
Chosen
15
moderator.az

1Sources