EN

"Laboratoriyası olmayan universitetlər xaricdə məqalə çıxartmaq yarışına giriblər" - Professor Vüqar Mikayılov

"Bu gün universitetlər xaricdə məqalə çıxartmaq yarışına giriblər. Scopus və s. də məqalə çıxarmaq üçün yarış keçirilir. H indeksi yüksək olan müəllim axtarışındadırlar. Xaricdən müəllimlər dəvət etmək niyyətindədirlər. Bütün bunlar mənim üçün çox gülməlidir".

Bu barədə professor, Azərbaycanın məşhur şərab texnoloqu Vüqar Mikayılov öz Facebook səhifəsində yazıb.

Professor sözlərinə belə davam edib:

"Heç bir laboratoriyası olmayan, heç bir analiz apara bilməyən, ümumiyyətlə istehsaldan xəbəri olmayan yazıq müəllimlərə Scopusda məqalə nəşr etdir deyən rəhbərlər başa düşürlərmi ki, bu məqalələr plağiat xarakterli olacaq. Hətta bəzən məhsulun adını və ya kimyəvi və biokimyəvi göstəricilərini plagiat çıxmasın deyə bir az dəyişən alimlərimizin əsərlərinin işıq üzü görməsinə səbəb olacaq. Yaxşı bəs bunlar bizə nə verəcək? Əlbəttə ki, rəhbərlərimizin biz bir qədər irəli keçdik deyə qürrələnməsinə səbəb olmaqdan başqa heç nə. Bəs nə etməli? Universitetləri lazımi avadanlıqla təchiz etməli. Elmi işçiləri elmi tədqiqatla işləməyə cəlb etməli. Bu gün Universitet müəllimi pipet tutmağı, pipetdən son damcıları köçürmək qaydalarını, pH göstəricisində 7 və 14 haradan alınmasını əsaslandıra bilmirsə nədən danışmalıyıq? Odur ki, gəlin nəinki tələbələrimizə, hətta alimlərimizə minimum bilikləri öyrədək, sonra inkişafdan danışaq".

Chosen
12
aznews.az

1Sources