EN

“Real”da Alonso dönəmi heç-heçə ilə başladı - İCMAL

“Real”ın bu turnirdəki ilk oyununa maraq böyük idi. Çünki Madrid nəhəngi həm də Xabi Alonsonun rəhbərliyi altında debüt matçına çıxmışdı. Elə Səudiyyə Ərəbistanı nəhəngində də Simone İnzaqi debüt edirdi.

"Football-plus.az" xəbər verir ki, oyunun axarı heç də “Real” fanatlarının gözlədiyi kimi olmadı. Adlı-sanlı rəqibdən çəkinməyən “Əl-Hilal” hər hücuma hücumla cavab verməyə çalışırdı. “Real” səhhətində problemlər olan Mbappesiz oynamaq məcburiyyətində qalmışdı. Onun yoxluğunda hücumun mərkəzində yer alan 21 yaşlı Qonsalo Qarsiya 34-cü dəqiqədə gözəl qurulan hücumu dəqiq tamamladı. Amma “kral klubu”, necə deyərlər, davamını gətirə bilmədi.

Fasilə ərəfəsində Asensionun kobud oyunu penalti ilə nəticələndi və Neveş hesabı bərabərləşdirdi. İlk yarıda “Əl-Hilal”ın topa nəzarətdə, qapıya zərbələrdə, künc zərbələrində və hətta ötürmə sayında “Real”ı üstələməsi diqqəti çəkdi. 2-ci hissədə əvəzetmələrdən sonra “Real” daha yaxşı təsir bağışladı. Bir epizodda Arda Gülərin zərbəsindən sonra “Əl-Hilal”ı tir xilas etdi. Uzun müddət qol vura bilməyən “blankos” son anlarda əla fürsət yaxaladı. VAR ilə təyin olunan penalti zamanı topa Valverde yaxınlaşdı. Amma penalti qaytarmaq üzrə mahir olduğunu çoxdan sübut edən mərakeşli qapıçı Bunu zərbəni dəf edərək qəhrəmana çevrildi.

Beləliklə, “Real” bu turnirə, həm də Alonso dönəminə heç-heçə ilə başladı. Alonso son 33 ildə “Real”da debüt oyunundan bərabərliklə ayrılan 4-cü məşqçi oldu. Bu müddətdə daha öncə bunu Fabio Kapello (1996, 1:1), Joze Mourinyo (2010, 0:0) və Rafael Benites (2015, 0:0) yaşamışdı. Maraqlıdı ki, əvvəlki bütün formatları nəzərə alsaq, “Real”ın KDÇ-də 11 oyunluq qələbə seriyası qırıldı! Qrupun digər oyununda isə “Paçuka” “Zaltsburq”la bacara bilmədi. Meksikanın digər təmsilçisi “Monterrey”dən fərqli “Paçuka” turnirə məğlubiyyətlə start verdi. Avstriya nəhəngi bu qələbə sayəsində “Real”ın yer aldığı qrupda liderliyi ələ keçirdi.

H qrupu
1-ci tur
Real – Əl-Hilal 1:1 (1:1)

Real (Madrid, İspaniya): Kurtua, Aleksander-Arnold (Vaskes, 65), Asensio (Arda Gülər, 46), Höysen, F.Qarsiya, Çuameni, Valverde, Cud Bellingem (Modriç, 84), Rodriqo (Dias, 65), Vinisius (Munyos, 80), Q.Qarsiya.
Əl-Hilal (Ər-Riyad, Səudiyyə Ərəbistanı): Bunu, Kanselo (Əl-Yami, 64), Kulibali, Əl-Tombakti, Lodi (Əl-Harbi, 83), Neveş, N.Əl-Davsari (Kanno, 76), Malkom (Əl-Qahtani, 64), Milinkoviç-Saviç, S.Əl-Davsari, Leonardo (Əl-Cuvayr, 83).
Qollar: Q.Qarsiya, 34 (1:0). Neveş, 41-p. (1:1).
Valverde 90+2-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Vinisius, 15. Neveş, 89. Əl-Qahtani, 90+1. Əl-Hərbi, 90+9 – sarı.
Hakim: Fakundo Fiqeroa (Argentina).
18 iyun. Mayami. 652415 tamaşaçı.

Paçuka – Zaltsburq 1:2 (0:1)
Paçuka (Meksika): Moreno, L.Rodriges, Qonsales, Perasa (Kennedi, 55), Pereyra, Baurmann, Dominges (Urtado, 88), E.Montyel (Sançes, 88), Rondon, Palaveçino (Homençenko, 77), Kenedi (Bautista, 77).
Zaltsburq (Avstriya): Zavişitski, Layner, Kratsiq (Mellberq, 88), Bidstrup, Qado, Rasmussen, Dorgeles, Sulzbaxer (Dyabato, 55), Ratkov (Vertessen, 55), Baydu (Onisivo, 55), Qlux (Dagim, 79).
Qollar: Qlux, 43 (0:1). Qonsales, 56 (1:1). Onisivo, 76 (1:2).
Vərəqə: Pereyra, 75 – sarı.
Hakim: Mustafa Qorbal (Əlcəzair).
18 iyun. Sinsinnati. 5282 tamaşaçı.

22 iyun: Real – Paçuka, Zaltsburq – Əl-Hilal.

Bombardirlər: Musiala, Olise (hər ikisi “Bavariya”), Di Mariya (Benfika) – 3.

1Sources