EN

“İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir

İrana qarşı əməliyyatlar Trampa görə başlamadı, amma Trampla yekunlaşmaq üzrədir. İran çoxdan hədəfdə idi, çünki məhz Qərbin düşüncəsiz, məntiqsiz, absurd siyasətinə görə bölgədə həddən artıq güclənmişdi.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli ABŞ-ın bu gün səhər İranın nüvə obyektlərinə zərbələr endirməsini şərh edərkən bildirib.

O qeyd edib ki, ABŞ-ın, Qərbin İraq və Suriya müdaxiləsindən, Yəmənlə bağlı prosesləri səssizcə izləməsindən son 20 ildə ən çox udan ölkə elə İran idi:

“İran Səddamın zamanında İraqda heç nə edə bilmirdi – Səddamı devirdilər, İran qonşu ölkədə, 8 il müharibə aparıb heç bir uğur əldə edə bilmədiyi İraqda əsas söz sahiblərindən birinə, oyun qurucuya, siyasi və hərbi gücə çevrildi. ABŞ və Qərbin İraqa qanunsuz və məntiqsiz müdaxiləsi yüzminlərlə günahsız insanın ölümünə səbəb olmaqla yanaşı, İranı həmin ölkədə siyasi proseslərdə moderator roluna qədər yüksəltdi. İraqda hökumət formalaşmasında İran ciddi rol aldı, İraq ərazisində silahlı qüvvələrini yaradıb özünə tabe etdirdi.

Sonra Qərbin düşüncəsiz Suriya əməliyyatı başladı, yenə yüzminlərlə günahsız insanlar öldü, nəticədə Əsəd rejimi Rusiya və İrana görə ayaqda qaldı, hətta gücləndi, İran Suriyada əsas oyunçuya çevrildi.

Yəmən iki yerə parçalandı, husilərin nəzarətində olan Yəmənin bir hissəsi faktiki olaraq Tehrandan idarə edilməyə başlandı.

Bir sözlə, ABŞ və Qərin Yaxın Şərqdə plansız, məntiqsiz, beynəlxalq cinayətlərlə dolu “məcarası” İranı tarixində olmadığı qədər güclü mövqeyə gətirdi, “İran hilalı” yarandı, İrandan İraq və Suriyadan keçməklə Livana quru yol açıldı, Hizbullah Livan içində, öz ordusu, silahlə qüvvələri, polisi, silah arsenalı olan ayrıca bir “dövlət” oldu, Livanda siyasəti dizayn edən əsas qüvvəyə çevrildi. “İran hilalı” əməliyyatı nəticəsində İran öz proksilərini tamamən bölgəyə yaymağa nail oldu, obrazlı desək, bölgəni “ahtapot” kimi sardı, “beyni” Tehranda olsa da, “ayaqları” ilə İraq, Suriya, Livan, Yəmən olmaqla bütün bölgəni əhatə etdi.

Əslində İran elə ABŞ, Qərb kimi davranırdı, onlar da eyni taktika ilə dünyanı sarmışdılar, İran da özünüqoruma instinkti ilə davranaraq birbaşa öz torpaqlarına yaranacaq təhlükəni İraqa, Livana, Yəmənə, Suriyaya yayaraq, özünü sığortalamağa çalışırdı. Əslində, ilk zamanlarda kifayət qədər effektiv taktiki və stateji gediş idi. Amma İran hakimiyyəti bir məsələni nəzərə almadı – belə strategiya güclü resurs bazası tələb edir, böyük xərclər istəyir, bundan başqa, sırf maliyyə yükü ilə bu işlər olmur, bəlli bir cəlbedici “hekayə quruculuğu” da lazım idi. Nəticədə “ahtapot” öz “ayaqlarını” bəsləmək üçün maliyyə resurslarının azaldığını hiss etdi, cəlbedici “hekayə” də qura bilmədi.

Məsələn, ABŞ onillərlə bu işi ona görə apara bildi ki, tək hərbi gücü yüksək deyildi, həm də USAID və digər “yumşaq gücü” ilə öz “ayaqlarını” dünyaya yaymağı bacardı – çünki “hekayə” də qurmuşdu, sözdə insan haqları və demokratiya “bayrağı” ilə hərəkət edir, amma öz maraqlarını yayır, öz maraqları çərçivəsində davranırdı. Yəni pulu, resursu, gücü çox, “hekayəsi” cəlbedici idi, İran isə Qərbin bu “ayaqqabısını” geyindi, amma “yerişini yeriyə” bilmədi.

İrana qarşı geniş əməliyyata Bayden dönəmində qərar verildi ki, “ahtapot”un ayaqları kəsilsin – Yəməndə husilər zaman-zaman bombalandı, İsrail Livanda istədiyi etdi, Hizbullah zəiflədildi, ən son nöqtə isə Suriya əməliyyatı oldu, Bəşər Əsəd qaçdı, İran (həm də Rusiya) Suriyadan qovuldu (ya da danışıq belə idi).

Nəticədə “İran hilalı” dağıldı, proksilər zəiflədi, “ahtapot”un ayaqları bir-bir kəsildi, növbə “başına” çatdı, indi də Trampdan əvvəl düşünülmüş, Trampdan əvvəl həyata keçirilməyə başlanılmış, Trampı da aşan güclər tərəfindən qərar verilmiş əməliyyatın son “akkordlarını” izləyirik...”

Chosen
13
6
axar.az

7Sources