EN

İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında...

Qərbi Azərbaycan İcmasının hüquqlarının bərpa edilməsinin vacibliyi vurğulanıb

İyunun 21-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilib. Türkiyənin ev sahibliyi ilə iki gün davam edən toplantıda “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusu müzakirə olunub.

Əvvəlki toplantılarla müqayisədə rekord sayda yüksəksəviyyəli iştirakın olduğu sessiyaya bu il 40-dan çox ölkənin XİN başçısı qatılıb. Toplantıda İƏT-ə üzv 57 ölkə ilə yanaşı, təşkilata bağlı qurumlar, müşahidəçi ölkələr və digər beynəlxalq təşkilatlardan təxminən 1000 nəfərlik heyət iştirak edib. Sessiyada İsrail ilə Fələstin arasında davam edən gərginlik, bu məsələnin iki dövlət prinsipi əsasında həll olunması istiqamətində atılacaq addımlar, İsrail-İran münaqişəsi, müsəlman cəmiyyətlərinə təsir edən çağırışlarda əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə edilib.

Əsas hədəf qarşıdurmaların dayandırılmasıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da tədbirdə çıxış edib. Rəcəb Tayyib Ərdoğan və sessiyanın rəsmi açılış mərasimində digər çıxış edənlər İslam coğrafiyasında baş verən qeyri-sabitliyə  toxunub, bu problemlərin eyni dinə mənsub hər kəsin ortaq məsələsi olduğuna diqqət çəkiblər. Bildirilib ki, hazırda bölgəmizin əsas hədəfi baş verən qarşıdurmaların dayandırılması, qalıcı sabitliyin təmini, eləcə də humanitar yardımların təcili və davamlı şəkildə bölgəyə çatdırılmasının təmini olmalıdır.

Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edib. C.Bayramov sessiyada çıxışında İƏT coğrafiyasında artan geosiyasi gərginliklər fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs edib. Nazir qarşıdan gələn İƏT sədrliyi münasibətilə qardaş Türkiyə təbrik edib, ölkəmizin Türkiyənin sədrlik prosesinə dəstək göstərməyə hazır olduğunu bildirib. Azərbaycanın 2026-cı ildə təhvil alacağı İƏT sədrliyini İslam dünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixi fürsət olaraq dəyərləndirdiyi qeyd olunub.

Azərbaycan XİN başçısının çıxışında, həmçinin dünyada artan İslamofobiya meyllərinin narahatlıq doğurduğu, ölkəmizin bu təhdidin bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi və İslamofobiya ilə mübarizədə İƏT çərçivəsində göstərilən təşəbbüsləri dəstəkləyi vurğulanıb. Eləcə də, Qəzzada mövcud humanitar vəziyyətə toxunulub və bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsinin, İran İslam Respublikasına qarşı həyata keçirilmiş hərbi əməliyyatların narahatlıq doğurduğu, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik prosesin bərpasına çağırış etdiyi bildirilib. Eyni zamanda, ölkəmizin Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurası, o cümlədən İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini tam dəstəklədiyi qeyd olunub, 10 may 2025-ci il tarixində əldə olunmuş atəşkəs razılaşmasının əhəmiyyəti vurğulanıb. Suriyada mövcud humanitar vəziyyətdən bəhs edilib, bölgədə bərpa və reinteqrasiya addımlarının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin vacibliyi qeyd olunub.

Ermənistan öhdəliyini yerinə yetirmir

C.Bayramov, həmçinin postmünaqişə dövründə regional bərpa, quruculuq və sülh səyləri, habelə normallaşma prosesini təhdid  çağırışlardan ətraflı bəhs edib. Ermənistan konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddiaları, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk rupu kimi qurumların hələ də ləğv olunmamasının sülh sazişinin imzalanmasının qarşısını aldığı diqqətə çatdırılıb. Bundan başqa, Ermənistanın Azərbaycan və Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması öhdəliyini yerinə yetirməməsi barədə məlumat verilib.  Çıxış zamanı bununla yanaşı, indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların, Qərbi Azərbaycan İcmasının hüquqlarının bu ölkə tərəfindən kobud şəkildə pozulmasının, onların hüquqlarının inkar olunmasının dayanıqlı sülh və etimad quruculuğuna maneə olduğu xatırlanıb.

Sessiya çərçivəsində Azərbaycanın XİN başçısı, həmçinin bir sıra  ikitərəfli görüşlər də keçirib. Belə ki, C.Bayramovun özbəkistanlı həmkarı Baxtiyor Saidov, İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əs-Səfadi, Malayziyanın xarici işlər naziri Mohamad Hasanla və digər görüşlərində də qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

N.BAYRAMLI

Chosen
5
17
yeniazerbaycan.com

10Sources