EN

Yay düşərgələri məqsədindən uzaqlaşır

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı 

Kamran Əsədov: “Düşərgə qiymətləri real deyil, 21 gün üçün 50-70 manat olmalıdır”


Tətil günləri uşaqlar üçün ən gözəl vaxtlardan biridir. Məktəb təcrübəsi və gündəlik dərslərdən azad olan bu dövr, uşaqların əylənmək, yeni biliklər əldə etmək və asudə vaxtlarını məhsuldar keçirmək üçün geniş imkanlar yaradır. Lakin uşaqların tətil günlərini mənalı və faydalı şəkildə keçirməsi üçün valideynlərin düzgün istiqamətləndirməsi və diqqəti çox önəmlidir.
Azərbaycanda bir çox uşaq üçün yay tətili mobil telefon, televizor və darıxdırıcı günlər deməkdir. Bəziləri kəndə gedə bilir, bəziləri isə həyətdə belə oynamaq üçün dost tapa bilmir. Hələ valideynlər işləyirsə, vəziyyət daha da çətinləşir.
Dostları uzaqdadır, valideynləri işdədir, küçədə isə oyun oynayacaq, güləcək və özünü azad hiss edəcək uşaq yoxdur.
Yay tətillərinin böyük hissəsi sadəcə təhsil fasiləsi kimi qəbul edilir, amma bu fasilə uşaqlar üçün həm də sosial, psixoloji və fiziki boşluq yaradır.
Valideynlərin maddi imkanı genişdirsə, uşaqlar istənilən yay məktəbində iştirak edir, həm dostlarla vaxt keçirir, həm də yeni bacarıqlar qazanırlar.


Amma ölkənin regionlarında və aşağı gəlirli ailələrdə vəziyyət tamamilə fərqlidir. Uşaqların böyük əksəriyyəti yayda evdə qalır, televizor qarşısında vaxt keçirir. Psixoloqlar xəbərdarlıq edir ki, yay tətilində uşaqların sosial və fiziki fəaliyyətdən məhrum olması onların psixikasına mənfi təsir göstərir. Tək qalmaq, dostlarından uzaq olmaq, evdə ekran qarşısında uzun saatlar keçirmək uşaqlarda tənhalıq, depressiya və sosial bacarıqların zəifləməsi ilə nəticələnir.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 17-20 iyun 2025-ci il tarixlərində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə mərkəzlərin əməkdaşları, rayon icra hakimiyyətləri, gənclər evi, təhsil sektoru, mədəniyyət işçiləri, valideynlər və uşaqların iştirakı ilə mərkəzlərdə interaktiv görüşlər keçirilib, bölgələrdə yerləşən görməli yerlərə, tarix diyarşünaslıq muzeyləri, rayon Heydər Əliyev Mərkəzləri, tarixi məkanlara ekskursiyalar təşkil edilib. İnteraktiv görüşlərdə asudə vaxtın səmərəli təşkil edilməsi, ailədə birlikdə faydalı zaman keçirməyin əhəmiyyətindən danışılıb, bu istiqamətdə aidiyyəti qurumların və valideynlərin üzərinə düşən məsuliyyətdən bəhs edilib.

Təhsil eksperti Kamran Əsədovun “Şərq"ə açıqlamasına görə, şagirdlərin yay tətillərinin səmərəli keçməsi, dövlət və cəmiyyət olaraq hər birimizin diqqətində olmalıdır: “Əvvəllər uşaqlar üçün tədris ilinin sonunda pioner düşərgələri fəaliyyət göstərirdi. İndi bu düşərgələr yox vəziyyətindədir. 
Uşaqlar üçün təşkil edilən yay düşərgələrinin isə səmərəsi yoxdur. Çünki yay düşərgələrində, əslində, maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxslərlə görüşlərin keçirilməsi, ölkə təbiətinin öyrədilməsi, ekoloji biliklərin aşılanması yox səviyyəsindədir. Sadəcə uşaqları toplayıb, gəzdirir, şəkil çəkdirir və hesabat verərək işlərini bitmiş hesab edirlər. İndiki yay düşərgələri plan yerinə yetirmə və görüntü xarakteri daşıyır. Sovetlər dönəmində yay düşərgələri tamam fərqli idi”.
  K.Əsədov qeyd edib ki, Azərbaycan 1992-ci ildən BMT-nin uşaq hüquqları Konvensiyasına qoşulub. Bu konvensiyada göstərilib ki, uşaqların istirahət hüququ təmin edilməlidir: “Bu gün uşaqlarımız yay tətilində valideynləri ilə dənizə çimməyə və yaxud meşələrə, çaylara gedirlər. Bu səfərlər zamanı uşaqlar yaşlarına uyğun olmayan mənzərə ilə qarşılaşırlar. Uşağın tətil vaxtı gördüyü mənzərə dəniz kənarında baş verənlər və valideynlərinin meşələrdə kabab çəkərək içki məclisi qurma mənzərələridir. Şagirdlər 9 aylıq təhsildən sonra minimum 21 gün istirahət etməsə, təbiət qoynunda olmasa, onlar yeni tədris ilinə həvəssiz başlayacaqlar. Təəssüf ki, bizdə istirahət dedikdə dənizə girmək, meşəyə getmək, yatmaq başa düşülür. Əslində isə bu, dünyada istirahətin ən son meyarlarıdır”. Ekspertin fikrincə, düşərgələrin qiymətləri, adambaşına düşən maliyyə xərcləri reallığa uyğun olmalıdır. Adambaşına hazırda düşən düşərgə qiyməti real qiymət deyil. Adambaşına 21 gün üçün maksimum 50-70 manatdan artıq ola bilməz: “Elm və Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyəti çox aşağı səviyyədədir. Bütün bunların hamısı Təhsil Nazirliyi, rayon təhsil şöbələri, şəhər təhsil şöbələri tərəfindən həyata keçirilməlidir. Və hətta ilin əvvəlində şagirdlərə “təlimdə yüksək göstəricilər göstərən şagirdlər olimpiadaların, yarışların, buraxılış imtahanlarını yüksək səviyyədə keçmiş uşaqlar ilin sonunda düşərgələrə göndəriləcək” xəbərdarlığı edilməlidir. Uşaqlar üçün yüksək səviyyəli yay düşərgələri yaradılmalıdır. Şagirdlərin fiziki-mənəvi inkişafının düzgün formalaşmasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında, məktəblilər arasında dostluq münasibətlərinin qurulmasında, ölkəmizin ayrı-ayrı səfalı bölgələrinin tanınmasında Yay İstirahət Düşərgələrinin əvəzsiz xidmətləri ola bilər”.

K.Əsədov həmçinin qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin həyata keçirdiyi bu cür layihələr regionlarda uşaqların sosial inkişafına və ailə dəyərlərinin möhkəmləndirilməsinə ciddi töhfə verə bilər:

 “Qeyd etdiyim kimi, uşaqların asudə vaxtının səmərəli təşkili təkcə onların əylənməsi deyil, həm də onların sosial bacarıqlarının formalaşması, yaradıcı düşüncələrinin inkişafı baxımından son dərəcə vacibdir. Mərkəzlərin rayon icra hakimiyyətləri, təhsil və mədəniyyət sektorları ilə birgə əməkdaşlıq şəraitində bu cür tədbirləri həyata keçirməsi həm dövlət qurumlarının qarşılıqlı koordinasiyasının göstəricisidir, həm də cəmiyyətə verilən ciddi mesajdır”. 
Kamran Əsədov həmçinin qeyd edib ki, valideynlərin bu proseslərə cəlb olunması xüsusilə əhəmiyyətlidir: “Ailənin uşağın şəxsiyyət kimi formalaşmasında rolu danılmazdır. Valideynlərin bu tədbirlərdə iştirakı uşaqlara birbaşa psixoloji dəstək verir və ailə bağlarını möhkəmləndirir. Belə tədbirlər həm maarifləndirici, həm də birləşdirici funksiyanı yerinə yetirir”.

Chosen
7
1
sherg.az

2Sources