İranda yaxınlarına zəng etməyə çalışan insanlar qəribə, əvvəlcədən qeydə alınmış səsli mesajlar eşidiblər.
“Qafqazinfo” xəbər verir ki, bu haqda CNN məlumat yayıb.
Kanalın əldə etdiyi telefon danışığının qeydində İrandan kənarda bir şəxs zəng edərkən robot səsi eşidib.
“Salam, vaxt ayırıb dinlədiyiniz üçün təşəkkür edirəm. Həyat gözlənilməz sürprizlərlə doludur və bu sürprizlər bəzən sevinc gətirə bilər, bəzən də bizə meydan oxuyur. Əsas odur ki, bu çətinlikləri aradan qaldırmaq üçün güc tapasan”, - səs yazısında deyilir.
Bildirilir ki, təxminən 90 saniyəlik mesaj daha sonra dinləyicidən gözlərini yummağı və özlərini onlara “sülh və xoşbəxtlik” gətirən yerdə təsəvvür etmələrini xahiş edir.
CNN qeyd edib ki, səs yazısı yalnız mobil telefon danışıqlarında səsləndirilir.