EN

“Açık öğretim” diplomları Azərbaycanda tanınırmı? - Məhkəmə təcrübəsi

Son dövrlərdə xarici ölkələrdə, o cümlədən Türkiyə universitetlərində ayrı-ayrı təhsil pillələri üzrə təhsil almaq artıq bir zərurətə çevrilmişdir. Təhsili bitirdikdən sonra növbəti təhsil pilləsində təhsili davam etdirmək və ya hər hansı peşəni icra etmək üçün əldə edilən müvafiq kvalifikasiyanın peşə və akademik tanınması, başqa sözlə diplomun Azərbaycan Respublikasında tanınması mütləqdir.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qayalarına əsasən diplomun tanınması üçün diplom və digər sənədlərin Qaydalarda qeyd edilən formada müvafiq orqana, yəni Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim etmək tələb olunur.

Diplomların tanınması ilə bağlı ən çox rast gəlinən problemlərdən biri də Türkiyə Respublikasında “Açık öğretim” tədris formasında təhsil alan şəxslərin diplomunun Azərbaycan Respublikasında tanınması məsələsidir.

Belə ki, “Açık öğretim” tədris formasında təhsil alan şəxslər Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etdiyi halda əksər hallarda diplomların tanınmasından imtina edilir. Belə olan halda şəxs imtina barədə müvafiq qərardan inzibati qaydada məhkəməyə iddia ərizəsi verir.

“Açık öğretim” tədris formasında təhsil alan şəxslərin diplomların tanınması ilə bağlı çox maraqlı təcrübə formalaşıb. Belə ki, AR Ali Məhkəməsinin 2024-cü ilin fevral ayında qəbul edilən bir qərarında qeyd edilmişdir ki, distant təhsilin xüsusi forması olan açıq təhsil (yəni “açık öğretim”) - tədrisin onlayn formada həyata keçirildiyi təhsil formasıdır. Təhsilə münasibətdə açıq termini təhsil prosesində iştirak imkanlarını məhdudlaşdıran halların aradan qaldırılmasını ifadə edir. Açıq təhsil təhsilə çatım imkanlarının genişləndirilməsi məqsədlərinə xidmət edir. Belə ki, açıq təhsil (açık ögretim) adi ənənəvi təhsil formasından fərqli olaraq kampusa (təhsil müəssisəsinə) gəlmək məcburiyyətinin olmadığı, dərslərin kompüter vasitəsilə tam virtual mühitdə keçdiyi, iştirakçının istənilən vaxt onları təkrar-təkrar izləyə biləcəyi təhsil formasıdır.

Qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin internet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıq öğretim” formasının “distant” təhsil formasına aid olması təkzibolunmaz haldır.

Yəni, AR Ali Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında da qeyd edildiyi kimi “açıq öğretim” təhsil forması “distant” təhsil formasına aiddir.

AR Ali Məhkəməsinin qeyd edilən qərarını əsas götürən şəxslər birinci instansiya məhkəməsinə müraciət etdiyi zaman tamamilə fərqli bir mənzərə ilə qarşılaşırlar.

Belə ki, müvafiq iddialar üzrə birinci instansiya məhkəməsi idda tələblərini təmin etmir və bu mövqeyini AR Ali Məhkəməsinin 2024-cü ilin oktyabr ayında qəbul edilmiş başqa bir Qərarına istinad etməklə belə əsaslandırır ki, “açık öğretim” tədris forması ilə distant təhsil arasında nəzərəçarpaçaq qədər fərqlər mövcuddur. Belə ki, açık öğretim ali təhsil qurumlarında üz-üzə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti/əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. Eyni zamanda, Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıq öyrətim” təhsil forması nəzərdə tutulmamışdır. Belə olan halda, distant təhsil və açıq öyrətim təhsil fərqli təhsilalma formaları olduğundan və Azərbaycan Respublikasının təhsil qanunvericiliyində açıq öyrətim təhsilalma forması nəzərdə tutulmadığından açıq öyrətim təhsil formasında alınan diplomun tanınması və ekvivalentliyi haqqında iddia təmin edilməməlidir.

Göründüyü kimi işlərin hallarının (ixtisas və digər identik məlumatlar istisna olmaqla) demək olar ki, birəbir olmasına baxmayaraq fərqli məhkəmə qərarları qəbul edilir, hansı ki bu hal inzibati icraatın təməl prinsiplərindən biri olan bərabərlik prinsipi ilə uyğunluq təşkil etmir.

Qeyd etmət lzımdır ki, Türkiyə Respublikasının “Yükseköğretim haqqında Qanunun”un 3-cü maddəsinə əsasən Ali təhsildə təhsil növləri formal, açıq, eksternal və qeyri-formal təhsildir (Yükseköğretimde eğitim - öğretim türleri örgün, açık, dışarıdan (ekstern) ve yaygın eğitimdir).

Həmin Qanuna əsasən açıq təhsil, yəni açıköğretim radio, televiziya və təhsil vasitələri vasitəsilə tələbələrə verilən təhsil və təlim növüdür.

“Təhsil haqqında Azərbaycan Respublikası qanunu”nun 13-cü maddəsində Azərbaycanda təhsil formalarından biri kimi distant təhsil qeyd edilib. Həmin qanunda distant təhsilə verilən anlayışa əsasən distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Yəni dövlətimiz distant təhsili tanıyır. Bu baxımdan hesab edirik ki, mahiyyətcə distant təhsillə eyni olan “açık öğretim” təhsil formasında təhsil almış şəxslərin diplomu qanunvericiliyin tələbinə uyğun olaraq tanınmalıdır.

Ümid edirik ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi bu məsələ ilə bağlı vahid məhkəmə təcrübəsinin formalaşmasına dəstək olan Qərar qəbul edəcək və qeyd edilən formada təhsil alan şəxslərin hüquqları təmin olunacaq.

Hicrət Hüseynzadə

Hüquqşünas


Chosen
5
azia.az

1Sources