ABŞ Konqresmeni Derin LaHud 2026-cı il dünya çempionatı zamanı dron təhlükəsinə qarşı Amerikanın hava məkanının qorunması ilə bağlı Prezident Donald Trampa sərəncam imzalamaq çağırışı edib.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Futbol üzrə Konqres Qrupunun həmsədri olan LaHud dünya çempionatı ilə bağlı logistika, əməliyyat və təhlükəsizlik məsələlərində administrasiyaya təzyiq göstərib. O, təhlükəsizlik tədbirləri üçün Ağ Evdən 625 milyon dollarlıq federal maliyyələşmə tələb edən müraciətin imzalanmasına lobbiçilik edib.
LaHud hesab edir ki, turnirin keçiriləcəyi şəhərlərdə pilotsuz uçuş aparatlarının (PUA) zərərsizləşdirilməsinə imkan verən hüquqi dəyişikliklər də vacibdir. Hazırda yalnız federal qurumların icazəsiz dronlara qarşı tədbir görmək səlahiyyəti var. Lakin təhlükəsizliyin təmin olunmasında əyalət və yerli orqanlar tez-tez daha fəal iştirak edirlər.
Təklif olunan "Müdafiə haqqında qanun" bu vəziyyəti dəyişəcək. Belə ki, lazımi hazırlıq keçmiş əyalət və yerli hüquq-mühafizə orqanlarına müvəqqəti olaraq dron əleyhinə texnologiyalardan istifadə etməyə icazə veriləcək. Bu qanunu NFL, MLB, NCAA və NASCAR dəstəkləyib.