13 iyunda başlamış İsrail–İran müharibəsi davam edir. Tərəflərin bir-birinə endirdiyi hava zərbələri nəticəsində hər iki ərazidə böyük dağıntılar və insan tələfatı var. Müharibənin dayandırılması ilə bağlı müxtəlif səviyyəli təşəbbüslər səslənsə də, hələ ki, döyüş meydanında səngimə görünmür. Dağıntıların miqyası hər gün genişlənir. İran–İsrail qarşıdurmasının törədə biləcəyi fəsadlar və verəcəyi ziyan müxtəlif aspektlərdə birmənalı qarşılanmır. Müharibənin hər iki ölkəyə bütün istiqamətlərdə böyük ziyan vuracağı istisna edilmir. Bununla yanaşı, bu zərərin öz sərhədlərini aşaraq nüvə və radiasiya təhlükəsi də yaradır.
Qeyd edək ki, İran–İsrail qarşıdurmasının Azərbaycan üçün yaratdığı ən böyük təhdidlərdən biri nüvə obyektlərinə endirilən zərbələrdir. Bu məqsədlə sərhədlərimizdə, artıq mütəmadi yoxlanışlara başlanılıb.
Radiasiya Problemləri İnstitutunun professoru Adil Qəribov qeyd edir ki, İsrail–İran qarşıdurması və onun yaradacağı fəsadlar dünyanı düşündürən lokal problemdir. Bu konflikt genişlənə, dərinləşə bilər. Hələ şah dövründən İranın nüvə proqramına böyük meyil göstərdiyini və ilkin olaraq ABŞ, İngiltərə tərəfindən dəstəkləndiyini söyləyən professor, İranda baş verən inqilabi dəyişikliklərdəm sonra bu dövlətlər arasında münasibətlərin kəskinləşdiyini, bundan sonra böyük dövlətlərin bu proqramın əksinə hərəkət etdiyini xatırladıb:
“ABŞ-nin İrana qarşı sanksiyaları buna sübutdur. Son 10 ildə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran arasında münasibətlər, münaqişə gündəmdə olub. İranın nüvəyə sahib olmasından təşvişə düşən ölkələrdən biri məhz İsraildir. İran, birinci növbədə, İsraili özünə düşmən hesab edir. Son dövrlədə İsraillə qonşuları, Fələstin arasında baş verən konfliktə İran özünün mövqeyini bildirdi və İsrailə qarşı Fələstini dəstəkədi. Ona görə də İsrail aqressiv şəkildə İrana zərbələr endirdi”.
A.Qəribov İranın nüvə proqramının ikili xarakterli olmasına diqqət çəkib. Onun sözlərinə görə, onlardan birincisi, dincməqsədli nüvə texnologiyalarının inkişafı və nüvə enerjisindən istifadə ilə bağlıdır. Digər tərəfdən, gələcəyə yönəlmiş nüvə elm və texnologiyalarının hərbi məqsədlə istifadə məsələsi gündəmdə olub. İran bunu nə qədər gizlətsə də, dünya nüvə elmi ilə məşğul olanlar bunun gedişinin hansı hədəflərə söykəndiyini aydın görüb.
Professor qeyd edir ki, İranda uranın zənginləşdirilməsi üçün məlum olan obyektlərin sayı 5-6-dır. Məlum olmayanları, yəqin ki, çoxdur. Ona görə də bu konflikt genişlənməli idi:
“İranın nüvə obyektləri 3 kateqoriyaya bölünüb. Birincisi, elm və texnologiyalar sahəsidir. Bura müxtəlif tədqiqat reaktivləri, bu sahə ilə məşğul olan institutlar daxildir. Nüvə elminin tibbdə və digər sahələr üzrə aparılan tədqiqatlarla bağlıdır. İkinci istiqamət nüvə texnologiyasının dinc məqsədlərlə tətbiqi sahəsidir. Bura energetika sahəsi daxildir. Bu məqsədlə Atom Elektrik Stansiyası tikilib istifadəyə verilib. Bu aspektdə İran hələ şah dövründə, guya, gələcəkdə nüvə energetikasının inkişafı üçün yanacaq istehsalını gündəmdə saxlayıb. Burada uranın zənginləşdirilməsi üzrə işlər aparılırdı. İlkin illərdə məqsəd bu idi ki, 6 faizli 235 zənginləşdirilmiş uran yanacağı alınsın və yerli AES-də istifadə edilsin. Üçüncüsü isə uzaqgedən siyasət idi. Burada məqsəd uranın zənginləşdirilmə dərəcəsinin yüksək faizə çatdırılması, mövcud nüvə texnologiyalarında alınan nüvə silahlarında partlayışın gücünün artırılması və zəncirvari prosesin aparılması. Bunun üçün uranın zənginləşdirilməsi dərəcəsi yüksək olmalıdır. Bu məqsədlə tələb olunan zənginləşdirilmə prosesi aparılırdı. Bu, son vaxtlara qədər mətbuatda da geniş müzakirə edildi və aydın oldu ki, İranda 60 faizə qədər zənginləşdirilmiş uran mövcuddur. Bu isə gələcəkdə silah hazırlanması üçün yarım mərhələdir. Aydın məsələdir ki, nüvə silahının əldə edilməsi, uran başlıqlarını istehsal etmək üçün minimal 235-in zənginləşmə dərəcəsi 90 və ondan yüksək olmalıdır. Məsələ burasındadır ki, İranda bir neçə tədqiqat nüvə reaktivləri mövcuddur ki, orada asanlıqla uranı 238-lə, plutoniumu 239-la almaq mümkündür və bu, nüvə silahı üçün istifadə olunan daha aktiv enerji mənbəyidir. Belə bir vəziyyətdə, yəni üç istiqamətdə aparılan nüvə proqramı dünya ictimaiyyətində, o cümlədən İranla dostluq münasibətində olmayan ölkələrdə böyük narahatlıq yaratdı”.
Professor bildirir ki, İran nüvə silahının yayılmaması üzrə beynəlxalq konvensiyaya qoşulub. Konvensiyanın tələblərinə uyğun olaraq İrandan müəyyən işlər aparılması istənilirdi. İran buna getmədikcə, bu, dünya ictimaiyyətində əks-reaksiya ilə qarşılandı. İrana qarşı bu tələbdə ikili yanaşma mövcuddur. Bir çox ölkələr nüvə texnologiyalarının ən unikal sahələrinə malik ola bilirlər, bəzi ölkələrdə isə bu, mövcud deyil. Bu da bir sıra ölkələrdə çətin vəziyyət yaradır:
“Misal üçün, Şimali Koreya nüvə silahı və nüvə başlıqlarına malikdir. Onu Rusiya dəstəkləyir. Yaxud niyə Hindistanda nüvə silahı ola bilər, digər ölkələrdə ola bilməz? Yaxud İsrail balaca bir ölkədir, amma orada nüvə silahı mövcuddur. Ona görə də ikili yanaşma anlaşılmazdır. Dünyada çox məsələlərdə ikili yanaşmalar var və Azərbaycana qarşı da belə münasibətlər bəzi dövlətlər tərəfindən davam edir”.
Professor hesab edir ki, İsrailin İrandakı nüvə obyektlərinə qarşı həmlələri sarsıdıcı olsa da, reaktiv tullantıların böyük ərazini əhatə etməsi təhlükəsi yoxdur. Onun sözlərinə görə, bu zaman atmosferə atılan radioaktiv tullantılar, xüsusən, iki xarakterdə ola bilir. Birincisi, nüvə reaktorunda olan yüksəkdərəcəli uran məhsulları ətrafımıza yayıla bilər. Nəzərə alsaq ki, nüvə reaktorlarının istifadə etdiyi yanacaq tonlarla deyil, kiloqramlarladır, o zaman onun ətrafda böyük çirklənməyə yol açması ehtimalı çox azdır. Yəni bu, lokal çirklənmə mənbəyi ola bilər. İkinci mənbə isə zənginləşmə qurğularında olan təbii uranın qaz formasında ətraf mühitə atılmasıdır. Bu zaman həmin qazın molekul çəkisi çox yüksəkdir, ağır qazdır. Bunlar özbaşına uzaq məsafələrə yayıla bilməz. Nə qədər güclü külək olsa da, onların yayılması 5-10 kilometrdir. Uran birləşmələrinin alfa radioaktivliyi yüksəkdir. Alfa radioaktiv parçalanmır. Onların yarımparçalanma hüdudları çox böyük olduğundan radioaktiv mənbə kimi ətraf mühitə təsiri o qədər də böyük deyil. Nəzərə alaq ki, burada zənginləşdirilmə dərəcəsi çox aşağıdır. Biz də həmin nöqtələrə çox da yaxın məsafələrdə deyilik. Belə olan halda, baş verən həmlələr nəticəsində radioaktiv çirklənmələrin Azərbaycana gəlməsi ehtimalı azdır. Dövlət orqanları bunu sübut etmək üçün həmlələrin baş verdiyi gün İranın Azərbaycanla olan bütün keçid məntəqələrində monitorinq aparırlar. Heç bir yerdə radioaktiv çirklənmə halı müşahidə olunmayıb”.
A.Qəribov bildirir ki, radioaktiv zəhərlənmədə ən böyük qorxu yaradan sahə Ermənistanda olan energetik nüvə rektoru ilə bağlıdır. Burada tonlarla nüvə yanacağından söhbət gedir:
“Əgər bu obyektə zərər dəyərsə, bu zaman ətraf mühitə atılan yanacaq – qaz, yüksək radioaktivliyə malik olan müxtəlif izatoplar yayılır. Onlar yüzkilometrlərlə məsafədə yayıla bilir. Biz bunu Çernobıl hadisəsində görmüşdük”.
Professor, eyni zamanda, energetik nüvə reaktorlarının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin birbaşa nəzarəti və onların müdafiəsi ilə həyata keçirildiyini önə çəkib. O, qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik BMT-nin qurumudur və bu qurum həmin sahədə bütün dövlətlərin fəaliyyətini, siyasətini, proqramlarını dəstəkləyir və onlar üçün münbit şərait yaradır:
“Ona görə də atom-elektrik stansiyaları reaktorlarının partladılma ehtimalı yoxdur. AEBA-nın rəhbəri Qrossi öz çıxışında bir daha sübut etdi ki, bu stansiyalara qarşı heç bir həmlə yoxdur. Azərbaycan ərazisi və əhalisi bu sahədə arxayın ola bilər”.