EN

İranda vətəndaş müharibəsi təhlükəsi: Kürd faktoru ortaya atıla bilər - MÜSAHİBƏ

BAKI, 16 iyun. TELEQRAF

Azərbaycan Xalq Partiyasının (AXP) sabiq sədri Pənah Hüseyn Teleqraf-a müsahibəsində İran-İsrail müharibəsinin bölgəyə təsiri, başa verəcək mümkün ssenarilərdən danışıb.

Onunla müsahibəni təqdim edirik.

- Pənah bəy, sizcə, İsrail-İran qarşıdurmasının uzanması bölgə üçün hansı fəsadlar yarada bilər?

- Bu münaqişənin hansı şəkildə bitməsi bölgəyə, o cümlədən Azərbaycana təsir göstərə bilər. Müharibənin uzanmasından daha çox onun necə bitəcəyi məsələsi aktualdı. Bu qarşıdurmanın hansı şəkildə yekunlaşacağı ətrafında fikirlər dolaşır.

Prosesdə hansısa beynəlxalq və regional dövlətin müdaxiləsi və iştirakı ilə vəziyyəti stabilləşdirən real həll variantı olmasa, Azərbayan regional qeyri-stabillikdən zərər görə bilər. Bu məsələdə ən azından orta dövr üçün təminatlı həll variantı olmalıdır ki, müharibənin yenidən bərpasına şərait yaradılmasın. Qeyd etdiyim kimi, bölgədəki qeyri-müəyyənlik Azərbaycana da təsir edə bilər.

- İsrail İranın dərinliklərdə yerləşən nüvə obyektlərini vurmaq üçün Ağ Evi münaqişəyə çəkməkdə maraqlıdır. ABŞ bu münaqişəyə qoşulması necə nəticələnə bilər?

- Bu, İsrailin variantıdır. Rəsmi Təl-Əviv ciddi cəhdlə Amerikanın İrana qarşı hərbi əməliyyatlarda iştirakını istəyir. Bu isə region dövlətləri, o cümlədən Türkiyə, Pakistan və digər güc mərkəzləri tərəfindən narahatlıqla qarşılanır. İsrailin bu istəyini həmin tərəflər pisləyir.

Azərbaycan bu məsələdə özünün müttəfiqlərinin xətti ilə olan mövqeyindən çıxış edir. Çünki ABŞ-nin İsraillə birlikdə İrana müdaxiləsi xaos yarada bilər. Bu da sözsüz ki, İranda olan insanların ərazini tərk etməsi fonunda qaçqın axını və uzunmüddətli gərginliklər, millətlərarası toqquşmalara yol açar.

İranda 10 milyonlarla soydaşımızın olmasını nəzərə alsaq, bu, Azərbaycan üçün də əlavə çağırışlar yaradar. Ona görə də İranda və ümumilikdə bölgədə xaos situasiyasının yaranmasına heç bir halda yol vermək olmaz.

- Çıxış yolu barədə nə deyərsiz?

- Əgər İranda bizim soydaşlarımız üçün təhlükə yaranarsa və bunun fonunda milli təhlükəsizliyimiz üçün təhdid olarsa, Azərbaycan və Türkiyənin prosesə birbaşa müdaxilə etmək ssenarisini də gündəmdə saxlamaq olar.

- Hansı müdaxilədən söhbət gedir?

- 1921-ci ildə İranla keçmiş SSRİ-i arasında müqavilə imzalanıb. Bu sənəd Azərbaycana hüquq verir ki, İran hökumətinin öhdəsindən gələ bilməyəcəyi bir situasiya yaranarsa və bu, ölkəmizin sərhədlərini, təhlükəsizliyini təhdid edərsə, soydaşlarımız üçün soyqırım təhlükəsi ortaya çıxarsa, Bakı öz müttəfiqləri ilə birlikdə prosesə müdüxilə edə bilər. Bu mənada Azərbaycanın prosesə sülhməramlı müdaxilə etməsi amili mümkün variantlardan biri olar.

- İranda baş verənlər vətəndaş müharibəsinə yol aça bilərmi? Belə bir təhdid varmı?

- ABŞ-nin İsraillə birlikdə İrana qarşı hərbi əməliyyatlara qoşulması bu ölkədə vətəndaş müharibəsinə səbəb ola bilər. Çünki son zamanlar daha çox vurğulanan kürd silahlı birləşmələrinin bu prosesə qoşulması üçün açıq təxribatlar var. Görünən odur ki, növbəti dəfə kürd xalqını məhz bu müstəvidə qırğına vermək istəyirlər.

Chosen
12
1
teleqraf.com

2Sources