Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu Azərbaycana səfər çərçivəsində “Qarabağ” klubunun qonağı olub.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov Türkiyə gənclər və idman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci ilə görüşüblər. Tədbir qonaqların Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarəti çərçivəsində baş tutub.
Görüşdə TÜİB-in sədri Hüseyin Büyükfırat, idarə heyətinin üzvləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev də iştirak ediblər. Müxtəlif mövzuları müzakirə edən tədbir iştirakçıları qarşılıqlı əməkdaşlıq imkanları və digər proqramların təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.
Eminoğluna Ağdam klubunun forması hədiyyə olunub.