EN

Ədliyyə naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Bakı, 21 iyun, AZƏRTAC

Ədliyyə naziri Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Eyyub Fətəliyev və Rüfət Məmmədxanlı ilə növbəti dəfə görüş keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə dövlət idarəçiliyində liderlik, qərarvermə mexanizmləri, hüquq sistemində rəqəmsallaşma və innovativ yanaşmalar müzakirə olunub. Mentor F. Əhmədov iştirakçılarla bilik və təcrübəsini bölüşərək onların inkişaf planlarına dair tövsiyələrini verib.

Müsabiqə qalibləri nazirlik və struktur qurumlarında rəhbər vəzifəli şəxslərlə mütəmadi görüşlər keçirdiklərini bildirib, Mentorluq Proqramı çərçivəsində onların bilik və təcrübələrini, bacarıqlarını artırmaları üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

Görüşdə, həmçinin fərdi inkişaf planlarının icrası və Mentorluq Proqramının davamı olaraq növbəti görüşün təşkili ilə bağlı müzakirələr aparılıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalanıb.

 

Chosen
4
15
azertag.az

10Sources