BAKI, 20 iyun. TELEQRAF
İsrail-İran müharibəsi və onun ətrafında baş verən mövzularla bağlı Teleqraf-ın suallarını politoloq Fərhad Məmmədov cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İsrail-İran arasında qarşılıqlı hava hücumları nə vaxta qədər davam edə bilər? Rəsmi Tehran Təl-Əvivin birbaşa Vaşinqtonun diktəsi ilə hücumları həyata keçirdiyini iddia edir. Ağ Evin açıq şəkildə hərbi əməliyyatlara qoşulması ilə bağlı proqnozlar nədən ibarətdir?
- Bu müharibə həmsərhəd ölkələr arasında baş vermir deyə, burada hər iki tərəfin canlı qüvvələri birbaşa təmasda olmur. Ona görə də bu müharibənin gələcəyini və nə qədər davam edəcəyi texnoloji üstünlük və silahların rasional qaydada istifadəsindən asılıdır. Artıq tərəflər ilk günlərdə olduğu kimi qarşılıqlı olaraq çoxsaylı zərbələrdən istifadə etmir və daha çox dəqiq hədəfləri vurmaqla zərbələr endirirlər. Bu mənada hər iki tərəf bu cür qarşılıqlı hava zərbələrindən istifadə edərək müharibənin davamını planlayırlar.
Eyni zamanda danışıqlar üçün də cəhdlər mövcuddur. ABŞ bu mənada İsrailin planlarına qarşı çıxmır. Amma Ağ Ev müəyyən korrektələr həyata keçirir. Onun birbaşa müharibəyə qoşulması daha az ehtimal edilir. Çünki İranın da buna cavabı gecikməyəcək. Tehran da nümayiş etdirdi ki, onun bu hücumlara cavab vermək üçün kifayət qədər raketi var. ABŞ-nin İsraildən İran üçün daha yaxın olan hərbi bazaları bu istiqamətdə qaçılmaz hədəf ola bilər. İraq və körfəz ölkələrində Amerikanın belə hərbi bazaları mövcuddur. Sözsüz ki, bu da öz növbəsində Amerika tərəfindən itkilərə səbəb olacaq.
ABŞ Prezidenti Donald Trampın itkiləri gözə alıb, belə bir addım atacağı inandırıcı görünmür. Digər tərəfdən körfəz ölkələrinin ABŞ-lə bağladığı iki trilyondan artıq müqavilələrin həyata keçirilməsi də şübhə altına alına bilər. Çünki körfəzdə problemlərin yaranması, neft yataqlarının vurulması, Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatına problemlər yaradacaq.
- İsrailin İrana qarşı hava hücumlarının iflasa uğraması ilə bağlı da iddialar səslənir. Bu halda Təl-Əviv hansı addımları ata bilər? Onun “ot biçmə” strategiyasında digər region ölkələrinin də hədəf olması ehtimalı varmı?
- İsrailin İrana hücumlarının iflasa uğrayacağı inandırıcı deyil. İranın bu hücumlar nəticəsində hərbi infrastrukturu məhv edilir. Eyni zamanda İsrail bir müddət keçdikdən sonra İranın rəhbərliyini hədəfə ala bilər. Burada söhbət hərbi deyil, siyasi rəhbərlikdən gedir. İsrailin İranın ali lideri Ayətullah Əli Xameneini hədəf alacağı gözlənilir. Bu da növbəti mərhələ ola bilər.
Hazırda İranın hava məkanı bir çox hallarda İsrailin nəzarətindədir. Onlar da bu tarixi şansı əldən buraxmaq istəmir və maksimum nəticə əldə etmək niyətindədir. Əgər, ABŞ və İranın vasitəçilərlə aparacağı danışıqlar növbəti dəfə nəticəsiz qalsa, böyük ehtimalla İsrail İranın ali liderini vurmaq qərarı verəcək.
- İraq və Livanda mərkəzləşmiş hökumət devrildikdən sonra baş verənləri hər kəs gördü. Bu halda İranda vətəndaş müharibəsinin olması hansı risklər yarada bilər?
- İranda vətəndaş müharibəsi hakimiyyət daxilində parçalanmalar olacağı halda baş verə bilər. Hələlik belə bir hal müşahidə edilmir. Lakin bir çox qərar qəbuledici şəxslər sıradan çıxarıldıqca bu parçalanmanın baş verməsi ehtimalı da artmış olur. Çünki İranda çox mürəkkəb hakimiyyət sistemi var və bir qrup şəxs konsensusu formalaşdırır. Bu piramidanın başında da İranın ali rəhbəri durur.
Eyni zamanda bir qrup məhv edildikcə digərləri daha fəal ola bilər. Bu da parçalanmalara səbəb olar. Amma hələlik bu parçalanma baş vermir. Buna səbəb ali liderin yerində olmasıdır. Onun hakimiyyəti isə heç kəs tərəfindən sorğulanmır. Əgər ali lider aradan qaldırılsa, İran daxilində parçalanmaların ehtimalı çox yüksək olacaq. İsrailin də istədiyi məhz budur.