Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 20 iyun tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Laçın, Xocalı rayonları və Naftalan şəhərinin sakinlərini qəbul edib.
"Unikal" xəbər verir ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.