İsrail Hərbi Hava Qüvvələri İranın qərbində raket anbarlarına və onların buraxılış sistemlərinə hücum edib.
Bu barədə İsrail Müdafiə Ordusu məlumat verir.
"Hərbi Hava Qüvvələrinin 25-dən çox qırıcısı İranın Təbriz və Kirmanşah bölgələrində 35-dən çox raket anbarına və onların buraxılış infrastrukturunun komponentlərinə zərbələr endirib. Onları neytrallaşdırıb", - məlumatda bildirilib.
"İsrailin İranın qərbinə – konkret olaraq Təbriz və Kirmanşah bölgələrinə endirdiyi bu hava zərbələri artıq lokal qarşıdurmadan çıxaraq genişmiqyaslı hibrid müharibənin növbəti mərhələsinə keçidin siqnalıdır" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"35-dən çox raket anbarının və buraxılış sistemlərinin hədəf alınması İsrailin bu dəfə yalnız cavab deyil, qabaqlayıcı zərbə strategiyasına keçdiyini göstərir.
Təbriz bölgəsi xüsusi olaraq seçilibsə, bu həm də İrana daxildən mesajdır – ölkənin azərbaycanlıların yaşadığı regionda sabitliyin pozulması daxili sosial gərginlik riskini artırır.
Kirmanşah isə hərbi-logistika baxımından mühüm nöqtədir və buradakı obyektlərin vurulması İranın cavab gücünü ciddi zəiflətmək məqsədi daşıyır.
İsrail Müdafiə Ordusunun verdiyi məlumat açıq şəkildə psixoloji təsir hədəflidir – bu, sadəcə hücum yox, həm də "biz sizi hər yerdə taparıq" ritorikasıdır.
Belə bir hücum BMT Təhlükəsizlik Şurasında və regional güclər arasında yeni diskussiyalara səbəb olacaq.
İranın cavabı gecikərsə, bu daxildə zəiflik siqnalı kimi yozulacaq.
Əgər cavab sərt olarsa, bu dəfə region tamamilə müharibə dalğasına qərq ola bilər.
İsrail üçün bu əməliyyat həm də strateji üstünlük mesajıdır: "Raketlərinizi anbara çatdırmazdan əvvəl onları yox edə bilərik."
Bu hücumla İsrail İranın deterrens gücünü sarsıtmağa çalışır.
Eyni zamanda, bu əməliyyat Qərbə də ünvanlanıb: "Regionda iş görmək istəyirsinizsə, bizimlə hesablaşmalısınız."
İranın hərbi infrastrukturu artıq "toxunulmaz" deyil və bu, Tehran üçün ciddi reputasiya itkisi deməkdir.
Moskva və Pekin bu prosesə reaksiya versələr də, real qarşılıq verməkdə ehtiyatlı olacaqlar.
İsrail isə bu taktik hərəkətləri ilə həm sahədə, həm də masada üstünlük qazanmaq niyyətindədir.
Region isə daha dərin bir geopolitik silkələnmənin ərəfəsindədir".
Çiçək Sadatova