Mübariz Tağıyevin estrada musiqimizdə statusu haqda danışmaq yersizdir. Hamımız onun gözəl mahnıları ilə böyüyüb-boya başa çatmışıq. Amma siz bilirsizmi ki, Mübariz bəy həm də məşhur üzgüçü ola bilərmiş?
İrəvanda dünyaya gələn, orada üzgüçülük idmanında uğur qazanan korifey sənətkarımız müəyyən problemlərlə üzləşdiyi üçün üzünü musiqiyə tərəf çevirib. Hələ bilmədiyimiz başqa məqamlar da var.
– İdmana marağınız haradan yaranıb?
– Həmişə necə olur – ya qonşuda, ya küçədə kimsə hansısa idmana meyillidirsə, səndə o axına düşüb gedirsən. O illər yaşadığım İrəvan şəhərində yaxın dostlarımdan iki nəfər üzgüçülüklə məşğul idilər. Mən də bunların arxasınca düşdüm. Deməli, bizim məktəbdən aralı bir yerdə stadion, onun yanında da böyük hovuz var idi. Deməli, ilk dəfədir ki, bura gəlirəm, görürəm 10 nəfər dayanıb hovuzun qırağında, erməni məşqçi də dedi ki, atıl suya! Mən də ömrüm boyu üzməmişəm. Nə isə, atıldım. Gördüm ki, yox, batıram. Birtəhər məni çıxartdı və irad tutdu ki, niyə üzə bilmədiyimi ona demədim. Dedim ki, “atıl dediniz, atıldım da”. Qayıdıb dedi ki, “mən desəm sənə özünü filan yerdən at, atacaqsan?” Cavab verdim ki, “gördüm ki, yanımdasınız, sizə arxayın oldum”. Dedi ki, “əhsən, düz fikirləşirsən”. Beləliklə, mənim üzgüçülük karyeram başladı. Qısa müddətdə əməlli-başlı üzməyə başladım. Məşqçi özü də buna məəttəl qalmışdı. 1 ay ərzində artıq 50 metri o tərəf-bu tərəfə üzürdüm. Mən haradasa 15 il bu sahə ilə məşğul oldum. Amma ağır şəraitdə məşq edirdik, nə həkim var idi, nə bir şey. Evə çox pis vəziyyətdə gəlirdim. Evdə də deyirdilər ki, “yox, idman yaxşıdır, amma üzgüçülük səni haldan salıb”. Deyirdim ki, “yox, halsız deyiləm, sadəcə yorğunluq var, o da keçib gedəcək”. Bu müddət ərzində mən demək olar ki, SSRİ-nin bütün hovuzlarını gəzdim. 1-ci dərəcəli üzgüçü dərəcəsini aldım. Brass növündə yarışırdım. Günlərin bir günü Sankt-Peterburqa yola düşdük – o vaxtkı Leninqrad. Yeniyetmələr arasında SSRİ birinciliyi idi, orada da güclü üzgüçülər var. İndi məni psixoloji cəhətdən hazırlayırlar ki, möhkəm olum. 200 metr məsafəni üzməliyəm. Orada mən 3-cü yeri tutdum. Bu, həqiqətən də böyük uğur idi. Məşqçi məni təqdir etdi. Medalla, təltifnamə ilə İrəvana qayıtdım. Məktəbdə bunu bəh-bəhlə nümayiş etdirdilər. Ondan sonra 1965-ci ildə Volqoqradda Spartakiadaya qatıldım. Üzgüçülüyün 4 növü üzrə kompleks yarışa qatılmalı idim. 400 metr, kompleks – bu, mənim üçün çətin olacaqdı. Məşqçi dedi ki, birtəhər yola ver, özü də 3 nəfərsiz. Yeniyetmələr arasında bu yarış ilk dəfədir ki, keçirilir deyə adam tapa bilməyiblər. Nə isə başladıq, görürəm ki, ən qabaqda mənəm və axıra qədər də belə oldu. Bir sözlə, qızıl medal qazandım. Yenə də məktəbdə məni alqışla qarşıladılar. Bir müddətdən sonra idman ustası normativini yerinə yetirdim. Bu nəticələrdən sonra məni imtahansız İrəvandakı Bədən Tərbiyəsi İnstitutuna qəbul etdilər. Orada da dərslər erməni dilində keçirilir. Bu problem deyil, sadəcə, mən kiril hərfləri ilə yazırdım, bu, bir az problem ola bilərdi. Mən axı məktəbi azərbaycanca bitirmişəm. Bəziləri məni anldadı, bəziləri anlamadı, birtəhər 2-ci kursa gəlib çıxdım. Deməli, pedoqikadan imtahan verirəm, bir daşnak müəllimin qarşısına çıxmışam. Deməli, ağımı açan kimi dedi “bir dəqiqə dayan, mən sənin yazını görmüşəm, sən nəsə it dilində yazırsan”. Qaydıb dedim “ağzının danışığını bil, o dediyin dil mənim ana dilimdir”. Bununla bərk mübahisə etdim. Söhbət uzandı, mənə “dur rədd ol buradan, sənə qiymət yazmayacağam” dedi. Böyük bir qalmaqal qopdu. Bu məsələ Ali Sovetə qədər gedib çıxdı. Bizimkilər bu məsələni qaldırdı. Nə isə, mənim sənədlərimi Pedoqoji İnstituta yönləndirdilər. Bir də dedilər ki, “biz bunu səhnədə görmüşük, bu adamın musiqi ilə əlaqəsi var, Pedoqoji İnstitutda da xor dirijorluğu fakültəsi var, o da erməni dilindədir, birtəhər vəziyyətdən çıxar”. Amma ora da gedirdim, bura da gəlirdim. İdmanla əlaqəmi kəsməmişdim. Di gəl ki, səhhətimdə problemlər yaşandı. Məlum oldu ki, mikroinfarkt keçirmişəm. Belə çətin şəraitdə üzəndə nəticəsi də bu cür olmalı idi. Sonradan aydın oldu ki, daha 3 gənc üzgüçü mikroinfarkt keçirib. Doğrusu, əvvəllər heç nə hiss etmirdim. Sonra gördüm ki, yox, kürəyim yanır. Bax, bu üzgüçülük dövrü belə gəldi, getdi. Artıq məndə oxumaq həvəsi daha da gücləndi. Bir müsabiqədə qalib gəldim, bu uğurumu həzm etmədilər, bir erməni qızını da mənə qoşub bizi şərikli qalib elan etdilər. “Sovet Ermənistanı” qəzetində haqqımda bir-iki kəlmə, qız haqda isə “dastan” yazdılar.

– O vaxt İrəvanda “Ararat” – “Neftçi” oyunları ərəfəsində, matç vaxtı və ya sonra ab-hava necə olurdu?
– Məktəb illəridir, haradasa 10 nəfər yığılıb “Razdan” stadionuna “Neftçi”yə azarkeşlik etməyə getmişik. O boyda stadionda 10 nəfər uşağın azarkeşliyi nə olacaq ki? “Neftçi” hesabı açan kimi durub “qool” qışqırdıq. Üzlərini bizə çevirib baxdılar ki, bunlar dəlidirlər? Başladılar, “Neftçi”nin oyunçularına atmacalar atmağa “Kramarenko, şirin çay” nə bilim nə. Bir az keçdi, “Neftçi” birini də vurdu. Biz yenə də yerimizdə oynayırıq (söhbət 1963-cü ilin sentyabrın 7-də “Neftyanik”in səfərdə “Ararat”ı 2:1 hesabı ilə məğlub etdiyi oyundan gedir – müəl.). Nə isə, səhəri məktəbə gəlmişik, bizə həndəsədən dərs deyən Adil müəllimiz var idi, bizə dedi ki, “dəli olmusunuz, orada belə hərəkət edərlər?!” Vecimizə də deyil. İkinci dəfə də bunu təkrar etdik. Orada artıq dava düşdü. Uşaqlarımızdan birinin üstünə su çilədilər, biz də buna dözməyib onların arasına girib vuruşmağa başladıq. Hərəmizə də zərbələr dəyib. Evə qayıtmışam, atam da məni tənbeh etdi. Bax, bu da bizim yeniyetməlik dövrümüz. Fikirləşmirdik ki, burada nələr ola bilər.
– Bəs, Bakıda “Neftçi” – “Ararat” oyunlarına gedirdiz?
– Yox, artıq burada başım musiqiyə, qastrollara qarışmışdı. Hələ İrəvanda yaşadığım dövrlərdə Eduard Markarov “Neftçi”dəki çıxışını başa vurub “Ararat”a keçdi. Ona şəhərin mərkəzində ev vermişdilər, orada yekə-yekə danışıqlarını gördüm. Özünü orada erməni vətənpərvəri kimi göstərirdi. Adam “Neftçi”də oynadığına görə özünə bəraət qazandırmaq istəyirdi. Bu, mənə pis təsir etdi.
– “Neftçi”nin oyunçularından kimlərləsə tanışlığınız olub?
– Heç kimlə.
– 1973-cü ildə “Ararat” “qızıl dubl” etdi. Amma “Neftçi”nin maksimum nəticəsi 3-cü yer olub. Onlar doğrudan futbolu bizdən yaxşı oynayırdılar?

– Mən onlarda elə də möhtəşəm oyun görməmişəm.Bakıda böyümüş Markarov bunları bombardir kimi birtəhər yola verirdi. Deyəsən ki, bunların qapıçısı bir şey olub, yox. Amma bunlar dəhşətli dərəcədə bir olmağı sevirlər. SSRİ-nin hansı şəhərini tərpətsən, orada erməni tapa bilərdin. Hər stadionda “Ararat”a güclü dəstək olub.
– Keçmiş üzgüçü kimi deyə bilərsiniz, niyə indi bizdə bu idman növü axsayır? Yəni, beynəlxalq yarışlarda böyük nailiyyətlərimiz yoxdur.
– Elə fikirləşmirəm. Sovet dövründə bizdən də yaxşı üzgüçülər çıxıb. Sadəcə, indi meyllər ayrı istiqamətə yönəlir. Cüdo və güləşə daha böyük maraq var. Futbol çox sevilir.
– Sizin yüksəlişinizdə böyük rolu olan, belə deyək də, ustadınız Rəşid Behbudovun futbola olan marağı nə səviyyədə idi?
– Doğrusu onda idmana həvəsi hiss etməmişəm. Demək olar ki, marağı yox idi. Amma bir azərbaycanlı kimi uğurlardan həzz alırdı. Futbolda “Neftçi” qalib gələndə bununla qürur duyurdu və bunu Azərbaycanın hər sahədə irəli getməsi ilə əlaqələndirərdi.
– Bəs sənət yoldaşlarınızdan kim daha çox futbol xəstəsi olub?
– Elə indinin özündə Eldar Mansurov. Səhərdən axşama kimi dünyada keçirilən bütün aparıcı futbol yarışlarına baxır. Adam gedib “Barselona”nın oyununa İspaniyada baxıb. Bu yaxınlarda Romaya getmişdi, soruşdum ki, “orada da stadiona getdin”, dedi ki, “əlbəttə”.
– Sizcə, Azərbaycan musiqisi daha üst səviyyədədir, yoxsa idmanı? Hansı ölkəmizi dünyada daha uğurlu təmsil edir?

– Azərbaycan musisi həmişə yüksəkdə olub. Görün bizim musiqimizin bünövrəsi haradan başlayır?! Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov – hamısını sadalamaq istəmirəm. Hətta erməni operalarının dəsti-xəttində bizim muğamlardan və bəstəkarlardan oğurlanan hissəciklər var. Orta Asiyada da demək olar ki, bizim musiqiləri səsləndirirlər. Mən Skandinaviyada olanda “Bayatı Şiraz” üslubunda musiqi eşitdim, sonra çevirdilər öz istiqamətlərinə. Gənclik dövründə İohan-Sebastyan Baxın “Bayatı Şiraz” üslubunda “Tokkata”sını ilk dəfə eşidəndə dəhşətə gəldim, sonradan eşitdim ki, dahi alman bəstəkarı Azərbaycanda olub.
– Prezident İlham Əliyevin Xankəndi şəhərində “Qarabağ” – MOİK görüşündə topa rəmzi toxunuşunda özünüzü necə hiss etdiz?
– Ümumiyyətlə, hələ mərhum prezidentimiz Heydər Əliyevin sağlığında idman sahəsi İlham Əliyevə həvalə olunmuşdu. Bir-birinin ardınca rayonlarda olimpiya idman kompleksləri istifadəyə verildi. Onun idmançılara göstərdiyi diqqət və qayğı nəticəsində biz bu səviyyəyə gəlib çıxmışıq. Artıq dünya miqyasında tanınmış idmançılarımız var. Xankəndidəki oyun da yadımdadır. O, orada çox səmimi idi. Adam bunu görəndə qürur hissi keçirir.
– Qızınız Aydan Xüsusi Olimpiya Komitəsində mətbuat katibidir. Onun fəaliyyəti barədə nə deyə bilərsiniz?
– Əvvəl rəqslə məşğul olub, bu, anasından gələn bir xüsusiyyətdir. Bir müddət gimnastika ilə məşğul oldu. Həmişə idmanın içində olub, ona görə də ona yad sahə deyil. Doğrusu fikirləşdim ki, 3 uşaq anası kimi ona bir qədər çətin olar, amma yox, bacarır. Biz də ona dəstək oluruq.
– Bəs nəvələrinizdən idmanla məşğul olan var?

– Sonbeşik nəvəmin 5 yaşı var, indidən futbola vurğundur. İşi-gücü həyətdə ancaq topun arxasınca düşməkdir. Musiqi duyumuna da söz ola bilməz. Daha bir qız nəvəm üzgüçülüklə məşğul olur. 14 yaşı var, yarışlarda uğurlu nəticələrlə yadda qalır.
– Toy aparmasanız da, hansısa bir idmançının xeyir işində iştirak etmisiniz?
– Toy adamı olmamışam, amma qonaq kimi iştirak etmişəm. Belə hallar olub, amma adları yadımda qalmayıb.
– Gəlin, qəbul edək ki, Azərbaycan futbolçuları beynəlxalq səviyyəli yarışlarda böyük uğurlar qazanmasa da, yaxşı maaş alırlar. Yəni, qazanclarına söz ola bilməz. Amma musiqiçilərimiz toy olmasa, yağ-bal içində üzməz. Mən indi “ulduzlar”ı çıxıram. Bu, sizi narahat edir?
– SSRİ dövründə də musiqiçilər toya gedirdi. Hətta Rusiyanın özündə də. Amma şou-biznes aləmində onlarla bizimkilər artasında fərqlər var. Bizdə pərakəndəlik hökm sürür. Bizdə Azkonsert mərkəzi var idi. Sovet dağılandan sonra bu qurum bizi bir yerə yığacaqdı. Amma bu baş vermədi. Müğənnilər hərəsi pərakəndə qazanc əldə edir. Rəşid Behbudovun öz qayda-qanunları olub. Onun tələbələri toy adamları olmayıb. O vaxt ümumiyyətlə, toy müğənnilərini filarmoniyanın qapısına buraxmırdılar. İndi zaman dəyişib. Bizim musiqiçilərimiz ölkə sərhədlərini aşıb başqa yerlərdə idmançılarımız kimi karyera qursa, bu, daha faydalı olar. Sadəcə, biz hələ bunu düşünməmişik. Sağ olsun, Mehriban Əliyeva musiqimizin tanınması üçün müəyyən işlər görür. Bu az deyil. Amma “az deyil”lə də alınmır. Gərək gənc nəsli sərhədlərdən kənarda uğur qazanmaq üçün hazırlayaq./futbolinfo.az/