EN

Trampa “yaşıl işıq” yandırıldı

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, San-Fransiskodakı 9-cu Dairə Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət heyəti federal hakim Çarlz Breyerin iyunun 12-də çıxardığı qərarının dayandırılması müddətini uzadıb. Həmin qərarda Breyer Milli Qvardiyanın federal komandanlığın nəzarətinə verilməsinin qeyri-qanuni olduğu barədə verdikt çıxarıb.

“Truth Social” şəbəkəsində San-Fransiskodakı 9-cu Dairə Apellyasiya Məhkəməsinin qərarını şərh edən Donald Tramp bu qərarı “böyük qələbə” adlandırıb və Milli Qvardiyanın cəlb olunmasını “prezidentin əsas səlahiyyəti” kimi qiymətləndirib.

Xatırladaq ki, Los-Ancelesdə Tramp administrasiyasının immiqrasiya reydləri ilə bağlı etirazlar və iğtişaşlar fonunda ABŞ prezidenti iyunun 7-də Kaliforniya Milli Qvardiyasına nəzarəti öz əlinə keçirərək, ştatın qubernatoru Qevin Nyusomun iradəsinin əleyhinə 4000 əsgər göndərdi. Tramp, həmçinin Loc-Ancelesə 700 dəniz piyadasının daxil olması əmrini verib.

Tramp niyə Los-Ancelesə Milli Qvardiyanı göndərib?| VİDEO
Los-Ancelesdə bir həftədən çox davam edən etirazlar sonradan səngiməyə başladı və şəhərin meri Karen Bass daha əvvəl komendant saatını ləğv etdi. İyunun 9-da Kaliforniya ştatı və qubernator Qevin Nyusom Trampı, Pentaqonu və Müdafiə naziri Pit Heqseti məhkəməyə verdi.

İddiada Trampın Milli Qvardiya və Dəniz piyadalarını yerləşdirməsinin ştatın suverenliyini və hüquq-mühafizə orqanlarına hərbi müdaxiləyə qadağa qoyan federal qanunları pozduğu bildirilirdi.

“Etirazlar, yerli hüquq-mühafizə orqanlarının hərbçilər olmadan da öhdəsindən gələ biləcəyi sporadik zorakılıqla yadda qalıb”,- iddiada deyilir.

Öz qərarını doğru adlandıran Tramp jurnalistlərə bildirib ki, qoşunlar yerləşdirilməsəydi, şəhər “yanıb kül olardı”. ABŞ prezidenti Kaliforniya və Los-Anceles rəhbərliyini etirazlar zamanı zorakılıqla mübarizə üçün kifayət qədər səy göstərməməkdə günahlandırıb və qubernatorun həbs oluna biləcəyini istisna etməyib.

Sahil İsgəndərov
AzVision.az
Chosen
15
azvision.az

1Sources