EN

Qobustan xəstəxanasında doğuş sayı SOS siqnalıdır » AzadMedia.az


Bu gün Qobustan Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə yerində tanış olduq. Müasir tibbi avadanlıqlar, peşəkar personal, təmiz və işıqlı palatalar, xoş aura – bütün bunlar insanı sevindirir. Amma bir statistik göstərici var ki, bizi dərin düşüncəyə vadar edir.

Qobustan rayonunda 50 min nəfər qeydiyyatda olan əhali var. Onların təxminən 25 mini faktiki olaraq rayonda yaşayır. Belə bir coğrafi və demoqrafik müstəvidə doğuş göstəriciləri isə həyəcan təbili çalır:

2023-cü ildə cəmi 5 doğuş,

2024-cü ildə 34 doğuş,

2025-ci ilin ilk 5 ayında isə sadəcə 12 doğuş qeydə alınıb.


Bu rəqəmlər artım deyil, azalma tendensiyasının davamı kimi narahatedicidir. Əhalinin demoqrafik strukturunda boşalma, gənc ailələrin bölgədən kənara köçməsi, doğum sayının minimum həddə enməsi artıq regional yox, strateji məsələ kimi dəyərləndirilməlidir. Əgər bu temp davam etsə, bir neçə ildən sonra məktəblərdə sinif açmaq üçün uşaq tapılmayacaq.

Əhali artımının dayandığı, yeni nəslin doğulmadığı cəmiyyət gələcək üçün təhlükədir. Burada məsələ təkcə doğum zalının boş qalması deyil, bütün bir rayonun demoqrafik gələcəyinin zəifləməsidir.
Nə etməli? Motivasiyaverici qərarlara ehtiyac var
Bunu artıq statistika deyil, SOS siqnalı kimi qəbul etməliyik. Dövlətin sosial-iqtisadi təşviqləri – gənc ailələr üçün güzəştli mənzillər, doğulan hər uşaq üçün əlavə sosial paketlər, regionlarda iş yerlərinin və uşaq bağçalarının artırılması – bu kimi motivasiyaedici addımlar real təsir mexanizmləri yarada bilər.

Qobustanda tibb infrastrukturu hazırdır. Problem tibb işçilərində və ya texniki təminatda deyil. Əsas məsələ - doğuş edən qadınların sayıdır. Bu isə artıq səhiyyə yox, ictimai və dövlət siyasətinin müzakirə etməli olduğu bir məsələdir.
Sabun köpüyü nağıllar yox, real nəticələrə fokuslanmalıyıq.
İllərlə rəqəmlərlə oynamaqla, statistikanı makiyajlamaqla demoqrafik boşluğu doldurmaq mümkün deyil. Artıq “sabun köpüyü” nağıllara yox, real nəticələrə fokuslanmaq zamanıdır. Əgər bu gün regionlarda doğum səviyyəsi bu templə enirsə, sabah kəndlər, qəsəbələr insan səssizliyinə qərq olacaq.
Təkrar edirik: tibb sahəsi hazırdır, xəstəxana müasir avadanlıqla təchiz edilib, personal motivasiyalıdır. Amma doğuş yoxdur. Qobustan bu baxımdan, əslində, bütün regionların timsalıdır. Buradakı vəziyyət gələcək Azərbaycan üçün ümumiləşdirilmiş xəbərdarlıqdır.
Dövlət səviyyəsində diqqətə ehtiyac var.

Elnurə Abuşova,
Ailə və Uşaqlara Sosial Dəstək İB-nin sədri
Chosen
16
1
azadmedia.az

2Sources