EN

Həbib Nurməhəmmədov “Qarabağ”ın qonağı oldu

İlk dəfə Azərbaycanda təşkil olunmuş UFC döyüş gecəsinin fəxri qonaqları ölkə çempionu “Qarabağ” klubunun bazasında olublar.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, yüngül çəkidə UFC-nin məğlubedilməz sabiq çempionu, keçirdiyi bütün görüşlərdə qalib gəlmiş, çəkisindən asılı olmayaraq, ən yaxşı döyüşçü sayılan Həbib Nurməhəmmədov, bu çəkidə hazırkı çempion İslam Maxaçov, eyni kateqoriyada “Bellator”un məğlubedilməz çempionu Usman Nurməhəmmədov və Umar Nurməhəmmədov “Qarabağ”ı ziyarət ediblər.

Qonaqları Ağdam klubunun Baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və baş məşqçi Qurban Qurbanov qarşılayıblar. Görüş zamanı UFC-nin ulduzları ilə həm MMA, həm futbol barədə fikir mübadilələri aparılıb.

Döyüşçülər klubun bazası ilə də tanış olublar, fitnes zaldakı hazırlıq prosesini izləyiblər. Onlar futbolçularla da görüşərək biri-birilərinə uğurlar arzulayıblar. Qonaqlara klubun formaları və xatirə hədiyyələri təqdim olunub, xatirə fotoları çəkilib.

Qeyd edək ki, Bakıdakı UFC döyüş gecəsi iyunun 21-də keçiriləcək. Həmin gün döyüşə çıxacaq Azərbaycan idmançısı Rafael Fiziyev də bir neçə gün əvvəl Ağdam klubunun qonağı olmuşdu.

“UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Gecənin əsas görüşündə Camal Hill və Halil Rountri üz-üzə gələcəklər. Azərbaycanı turnirdə Tofiq Musayev, Rafael Fiziyev və Nazim Sadıxov təmsil edəcəklər.

Chosen
8
6
arena.az

8Sources