EN

Ermənistanın Azərbaycanın mülki infrastrukturuna vurduğu ziyan və itkilər məhkəmədə araşdırılıb

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 19-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

Məhkəmə iclasında dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs David Manukyana növbəti suallar verib. O, əvvəlcə Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mina basdırılması ilə bağlı sualları cavablandırıb.

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, müxtəlif vəzifələr tutmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Azərbaycanın vaxtilə işğaldakı ərazilərində keçmiş qondarma rejimin “ordusu”nda (Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsində - red.) “komandanın birinci müavini” olmuş Ermənistan vətəndaşı David Manukyan Birinci Qarabağ müharibəsində mina basdırılması və təmizlənməsi ilə məşğul olmadığını bildirib. Təqsirləndirilən şəxs daha sonra deyib: “Formulyarların və xəritələrin saxlanması ilə bağlı çox aydın şəkildə təlimatlar verilib. Hər bir minalanma işindən əvvəl yuxarı komandanlıq tərəfindən əmr verilirdi. Orada ünvanlar qeyd olunur ki, hansı ünvana nə göndərilsin. Biz də əmrdə qeyd olunan maddələrə əsasən fəaliyyət göstərmişik”.

Təqsirləndirilən şəxs prokurorun “Bəs sizdən aşağıda olan diviziya komandirləri sizə məruzə etmədən, korpus rəhbərliyinə məlumat vermədən, öz təşəbbüsləri ilə əraziləri minalaya bilərdilərmi? Bu hüquqları olubmu?” sualına isə “xeyr” cavabını verib.

Təqsirləndirilən şəxs muzdlu hərbçilərlə bağlı sualı da cavablandıraraq qeyd edib ki, Xankəndidə yaşadığı evdə aşkarlanmış “Cəsurlar dəstəsi” Ermənistanın Müdafiə Nazirliyi tərəfindən formalaşdırılıb. D.Manukyan xarici vətəndaşların döyüşlərə cəlb olunmalarının hansı əsasla aparılması barədə suala isə belə cavab verib: “Mən onların kimliyini yoxlamırdım. Bu, mənim vəzifə borcum deyil. Mən onlara nəzarət etmək, onların hansı ölkədən gəldiyini müəyyənləşdirmək səlahiyyətində deyildim”. O, əsir və girovların qul kimi işlədilməsi, onlara işgəncə verilməsi hallarının şahidi olmadığını deyib.

D.Manukyan işğal dövründə Azərbaycanın ekologiyasına ziyan vurulması, yanğınlar törədilməsi barədə suala isə “Tutduğum vəzifənin o məsələlərlə əlaqəsi olmayıb” cavabını verib. O, 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Ermənistanda, 2020-ci ilin iyulundakı Tovuz döyüşləri vaxtı isə Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində olduğunu bildirib.

2019-cu il dekabrın 26-da imzalanmış əmrlə qondarma qurumun “ordu komandanının birinci müavini” təyin edilmiş D.Manukyan həmin təyinatla bağlı xidmətə 2020-ci il fevralın əvvəlində başladığını bildirib. Təqsirləndirilən şəxs təyinatı ilə bağlı 2020-ci ilin yanvarında Ermənistan baş nazirinin, general-mayor rütbəsi alması ilə bağlı isə Ermənistan prezidentinin qəbulunda olduğunu söyləyib. Əlavə edib ki, həmin vaxt Ermənistanın müdafiə naziri David Tonoyan idi.

D.Manukyan 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı qondarma “ordu komandanının birinci müavini” “vəzifəsi”ndə olduğunu deyib . David Tonoyanın fikirlərinin yer aldığı videomaterial erməni dilində tərcüməçinin iştirakı ilə tədqiq edilib. 2019-cu ilə aid videomaterialda D.Tonoyan bildirir: “Mən bir müdafiə naziri kimi o tezisə qarşıyam ki, sülh müqaviləsi ilə əraziləri vermək olar. Bu tezisə qəti şəkildə qarşıyam. Mən burada bu gün yalnız bir tezis irəli sürürəm: yeni müharibə, yeni ərazilər”.

Məhkəmədə qondarma rejimin “ordusunun qərargah rəisinin müavini” Kamo Vardanyanın imzaladığı məxfi sənəd də tədqiq edilib. Əmrin icrasına nəzarət “ordunun artilleriya üzrə komandirinin müavini”nə tapşırılıb. Əmrə “atəşlə məhv edilməyə məruz qalacaq yaşayış məntəqələrinin siyahısı” da əlavə olunub. Siyahıda Azərbaycanın 70-dək yaşayış məntəqəsinin, o cümlədən Gəncə, Mingəçevir, Naftalan şəhərlərinin, Beyləqan, Ağcabədi, Yevlax, Bərdə rayonlarının və kəndlərinin adları yer alıb.

Təqsirləndirilən şəxs səfərbərlik məsələləri ilə bağlı təşkilati işlərlə məşğul olduğunu bildirib. Deyib ki, səfərbərliklə döyüşə qoşulanların qeydiyyatı kənd məktəbində aparılıb və orada onlara silah paylanılıb. O, qondarma qurumun “ordusu” üçün hərbi təyinatların Ermənistandan gəldiyini etiraf edib və söyləyib: “Ehtiyat qurtaranda təminat qeyd etdiyim kimi, bu cür həll olunurdu. Bu, bütün təminat növlərinə, həm texnikaya, həm də canlı qüvvəyə aid idi”.

D.Manukyan Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərində mülki infrastrukturun, yaşayış məntəqələrinin “İsgəndər M”, “Toçka U” və digər raketlərlə vurulması barədə əmrin kim tərəfindən verilməsi ilə bağlı məlumatsız olduğunu deyib. Əlavə edib ki, qondarma rejimin “ordusu”nun ştat strukturunda belə silahlar olmayıb.

Məhkəmə prosesi iyunun 20-də davam etdiriləcək.

XQ

Chosen
8
12
xalqqazeti.az

10Sources