EN

“Biz məktəbləri necə günahlandıra bilərik?”

ain.az, Yenisabah portalına istinadən məlumat yayır.

Məktəb və universitetlər yalnız bilik mənbəyi deyil, eyni zamanda gənclərin şəxsiyyət və dəyərlər sisteminin formalaşdığı ən vacib məkandır. Lakin son zamanlar məzun günlərində müşahidə olunan musiqilər, geyim tərzi və simvolik elementlər bu sistemin mənəvi tərbiyə funksiyasını yetərincə yerinə yetirmədiyini göstərir.

Təhsil eksperti Kamran Əsədovun fikrincə, gənclər artıq öz qəhrəman obrazlarını xarici popkultura və sosial media nümunələrindən götürür. Onun sözlərinə görə, “Gənclər milli qəhrəman yox, “oğru aləmi”ni seçir!”.

Bununla bağlı sosioloq Üzeyir Şəfiyev Yenisabah.az-a açıqlamasında bildirib ki, məktəb həm də sosiallaşma institutlarından biridir. Buna qədər isə ailə institutu və digər sosiallaşmaq üçün vacib olan institutlar var:

“Bu gün ailədən və məktəbdən daha vacib olan sosial şəbəkə institutlarıdır. Çünki “Z” nəsli eyni zamanda formalaşmaqda olan “Alfa” nəsli də sosial şəbəkələrlə əlaqədə olur və formalaşmağa başlayır. Buna görə də özümüzə sual verməliyik ki, bu şəbəkələr uşaq və yeniyetmələrin formalaşması üçün nə dərəcədə sağlam mühitdir? Əgər sosial mediada cinayət aləminin insanları qəhramanlaşdırılırsa, biz məktəbləri necə günahlandıra bilərik?

İlk olaraq, sosial media və kütləvi informasiya vasitələrindən başlamalıyıq. Çünki indiki gənclər daha çox bu mühitdə formalaşırlar. Bununla bağlı ölkə başçısı 2018-ci ildə “Uşaq və yeniyetmələrin zərərli informasiyadan qorunması” haqqında qanun imzalamışdı. Orada da bütün bu məqamlar nəzərə alınmışdı. 

Eyni zamanda telekomunikasiya haqqında qanuna da dəyişikliklər edilmişdi. Bütün bunlarla yanaşı Cinayət Məcəlləsinə 148.1- ci maddə əlavə olundu ki, bu da sosial şəbəkələri əhatə edirdi. Bütün bunlar deməyə əsas verir ki, bu kontekstdə maksimum dərəcədə diqqətli olmalıyıq. Bütün bunlara nəzər salsaq görürük ki, biz  məktəbdən daha çox nəzər salmalı olduğumuz məqam ailə mühiti və sosial şəbəkələrdir. 

Ona görə də media işçiləri Media haqqında qanunun 10-14-cü maddələrinə və jurnalistin peşə etikasına hörmətlə yanaşmalıdırlar. Reytinq xətrinə cinayət mövzulu xəbərləri manşetə çıxartmamlıdırlar. Bütün bunlar formalaşmaqda olan yeniyetmələrin psixologiyasına təsir edə bilər. 

Sosial mediada insanların təntənəli dəfn karvanları göstərilir. Adını çəkmək istəmədiyim televiziya   kanalı var ki,  “Qızılbarmaq Fatma” ilə bağlı portret verilişlər hazırlayır. Məşhurlar da onunla bağlı xatirələrini bölüşür. Bütün bunlar da uşaqlara, yeniyetmələrə və gənclərə təsir edir. 

Ona görə də məzun günlərində həmin gənclər də cinayət aləmini vəsf edən musiqilərin sədaları altında rəqs edirlər. İlk növbədə media və sosial şəbəkə platformaları sağlam olmalıdır. Çox yaxşı olar ki, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qurumlar da fəaliyyət göstərsin. Bilinsin ki, hər cür “sarı” informasiyanı paylaşmaq olmaz. Real həyatda olduğu kimi virtual həyatda da istifadəçilər hüquqazidd davranış qaydalarına yol verməməlidi". 

Aydan Hacıbalazadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
yenisabah.az

2Sources